AZ

Vinisius Junior özündə Kamerun köklərini aşkarladı

“Real”ın və Braziliya millisinin ulduz hücumçusu Vinisius Junior DNT müayinəsindən keçərək, özünün kamerunəsilli olduğuna bələd olub.

Arena.az bu barədə “Ge.globo” dərgisinə istinadən məlumat verir.

Müayinə “Vini”nin əcdadlarının Kamerun ərazisində yaşadığını müəyyənləşdirib.

Vinisius Juniora bu haqda xüsusi şəhadətnamə verilib. Müvafiq rəsmi sənəd “Vini”yə Braziliya millisinin 2026-cı il dünya çempionatının CONMEBOL bölgəsi seçmə mərhələsi çərçivəsində Uruqvay yığması ilə oyunundan (1:1) əvvəl təqdim edilib.

Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib. Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə “Vini” madridlilərin heyətində 17 oyuna çıxıb, 12 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib. Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 281 oyun, 95 qol, 82 məhsuldar ötürmə.

“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.

Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 37 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib. “Vini” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı braziliyalı sol vingerin transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ “Vini”nin dünyanın ən bahalı iki futbolçusundan biri olması deməkdir.

Seçilən
42
7
arena.az

10Mənbələr