AZ

Xalq artisti Yaşar Nurinin xatirəsi anılıb - FOTO

Yazını böyüt
Yazını kiçilt

Noyabrın 22-də Xalq artisti Yaşar Nurinin anım günü münasibətlə onun məzarı ziyarət olunub. Ziyarətdə Azərbaycan Teatr Xadimləri İttifaqının nümayəndələri, Akademik Milli Dram Teatrının aktyorları və Yaşar Nurinin ailə üzvləri iştirak ediblər.

Teatr Xadimləri İttifaqından hafta.az-a bildirilib ki, sənət dostları Yaşar Nurinin xatirəsini dərin ehtiramla yad edib, onunla bağlı xatirələrini bölüşüblər.

İttifaqın sədri Hacı İsmayılov, sədr müavini İlham Namiq Kamal aktyorun həyat və yaradıcılıq yolundan, onun Azərbaycan mədəniyyətinə bəxş etdiyi dəyərli sənət incilərindən danışdılar.

Bildirilib ki, aktyor teatr səhnəsində çoxsaylı obrazların mahir ifaçısı olub. Sevilən sənətkarımızın Azərbaycan teatr səhnəsində “Övlad” komediyasında Silva, “Bağlardan gələn səs” dramında Pərviz, “Ölülər” əsərində Məşədi Oruc, “Od gəlini” dramında Altunbay, “Büllur sarayda” pyesində Bayandur, “Bizim qəribə taleyimiz” pyesində Davud, “Bəşərin komediyası və yaxud Don Juan” əsərində Sqanarel, “Dəli yığıncağı” faciəsində Sərsəm Salman, “Fəryad” əsərində Rəhman, “Mesenat” əsərində Ağamusa Nağıyev, “Sevil” əsərində Əbdüləli bəy, “Qanlı Nigar” pyesində Abdi, “Gülüstanda qətl” pyesində Şahməmməd İsmiyeviç, “Afət” əsərində Xandəmir və s. rolları ona geniş tamaşaçı rəğbəti qazandırıb.

Yaşar Nuri, eyni zamanda, hamı tərəfindən sevilərək izlənilən televiziya tamaşalarında da yaddaqalan obrazlar yaradıb. Onun baş rol ifaçısı olduğu tamaşalar sevə-sevə izlənilir. Yaşar Nuri Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qatarda”, “Evləri köndələn yar”, “Qonşu qonşu olsa”, “Kökdən düşmüş piano”, “Topal Teymur”, “Yarımştat”, “Ac həriflər”, “Göz həkimi”, “Yaşıl eynəkli adam”, “Səni axtarıram” trilogiyasında və bir çox teletamaşalarda bənzərsiz rolların mahir ifaçısı olub. O, “tamada Surxayzadə”, “Gülərin Həsənağası”, “Gülnarın Elçini”, “çəkməçi Dadaşov”, “ac həriflərin Həsən dayısı”, “fotoqraf Əli bəy” və digər obrazlarda tamaşaçıların yaddaşında qalıb. Bu da aktyorun istənilən obrazı ürəklə və ustalıqla canlandırmasından irəli gəlir.

Böyük sənətkarın aktyorluq fəaliyyəti bununla məhdudlaşmır. Kino sahəsində də bir-birindən parlaq obrazlar yaradan sevimli sənətkarımız “Dörd bazar günü”, “Bəyin oğurlanması”, “Ad günü”, “Yol əhvalatı”, “Yaramaz”, “Yuxu”, “Hər şey yaxşılığa doğru”, “Lətifə”, “Qətl günü”, “Fransız”, “Yoxlama” və s. filmlərdə rol alıb.

Diqqətə çatdırılıb ki, o, həm kino, həm də teatr sahəsində xidmət göstərməklə yanaşı, teatrda “Subaylarınızdan görəsiniz” tamaşasına quruluş verib, kinoda isə “Spasibo” filmini çəkib.

Xalq artisti uzun sürən xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də dünyasını dəyişib.

Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım hər kəsə dərin minnətdarlığını bildirib.

Seçilən
45
hafta.az

1Mənbələr