AZ

COP for Hope: COP29-un yüksək səviyyədə təşkil olunması Azərbaycanın mühüm nailiyyətidir - AYİB

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz: Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru Alkis Vryenios Drakinosdur.

Day.Az xəbər verir ki, Alkis Vryenios Drakinos Trend-ə özəl müsahibəsində AYİB-in qlobal iqlim böhranına qarşı mübarizədə qəti dəstəyini ifadə edərək, kollektiv tədbirlərin vacibliyini vurğulayıb.

"İqlim dəyişikliyi - gündəlik olaraq bizi əhatə edən mühitdə üzləşdiyimiz bir problemdir; istər ekstremal hava hadisələri, istərsə də digər təxirəsalınmaz məsələlər olsun", - deyə o bildirib.

"Belə bir tədbirdə iştirak geniş bir prosesin bir hissəsidir, burada hamımız bu qlobal problemin kollektiv səylər tələb etdiyini qəbul edərək bir araya gəlirik. Əməkdaşlıq sadəcə bir seçim deyil, bu, yaxınlaşan təhdidin həlli üçün mütləq zərurətdir", - o qeyd edib.

O, həmçinin Azərbaycanın bu tədbiri təşkil etməkdəki nümunəvi rolunu yüksək qiymətləndirib.

"Xüsusilə sevinirik və qürur duyuruq ki, Azərbaycan bu tədbirə ev sahibliyi edir", - deyə A.Drakinos bildirib.

"Deyə bilərəm ki, COP tədbirinin təşkili son dərəcə mükəmməl şəkildə həyata keçirildi və mən təşkilat komitəsini təbrik edirəm. Bu miqyasda tədbirin keçirilməsi qlobal arenada mühüm nailiyyətdir və Azərbaycan bununla fəxr edə bilər", - o əlavə edib.

 

Alkis Vryenios Drakinos həmçinin, AYİB-in ekoloji yönümlü bank olaraq inkişafında əldə etdiyi əhəmiyyətli irəliləyişi qeyd edib.

"Bizim maliyyələşdirməmizin azı 50 faizi "yaşıl" sahəyə yönəlib. Bu, bir neçə il əvvəl Paris Sazişi çərçivəsində öz üzərimizə götürdüyümüz bir öhdəlikdir və bu istiqamətdə səylərimizi artırmışıq. 2022 və 2023-cü illərdən başlayaraq bu məqsədə nail olduq, bu il isə daha çox irəliləyiş əldə edirik", - deyə o izah edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
10
1
day.az

2Mənbələr