AZ

Qaz xəttinə niyə hava vurulur? – KÜNCDƏN BAXIŞ

Elçin Bayramlı

Son vaxtlar sosial şəbəkələrdə yayılan videolarda Azəriqaz işçilərinin texniki proses apardığı videokadrlar yayılır və iddia olunur ki, burada qaz boru xətlərinə hava vurulur və abonentlərə verilən qaza hava qatılır və onlar aldadılır. Bu həqiqətənmi belədir, bu iddialar nə dərəcədə əsaslıdır?

Qaz təchizatında həllini gözləyən müəyyən problemlər var, lakin qaz xətlərinə hava vurulub abonentlərə satılması ilə bağlı yayılan məlumatlar əsassızdır. Mən şəxsən bu məsələni peşəkar mütəxəssislər vasitəsilə araşdırdım, hətta Azəriqazın təchizat və təmir sahəsində uzun müddətdir çalışmış texniklərlə də danışdım. Bu hal tamamilə başqa texniki prosesdir. Burada müxtəlif obyektiv səbəblərdən bəzi hallarda qaz xətlərinin təmizənməsi prosesi aparılır. Məsələn, bəzi hallarda, vətəndaşların apardığı təmir işləri zamanı borular zədələnir və ya başqa səbəbdən çox köhnə dövrdən qalmış boru çürüyür, su və qaz boruları qarışır və qaz xəttinə su düşmüş olur.

Bu halda problemi həll etmək üçün yeganə texniki üsul var ki, bütün dünyada tətbiq olunur. Həmin boru xətti hər iki tərəfdən bağlanır, qaz verilişi dayandırılır və xətdəki suyu çıxarmaq üçün kompressorla yüksək təzyiqli hava vurulur boru təmizlənir. Sonra qaz verilişi bərpa olunur. Bu proses zamanı abonetlərə qaz verilmədiyindən sayğac da yaza bilməz. Prosesdən sonra yalnız 2-3 saniyə hava gələ bilər ki, bu da boruda qalmış cüzi hava ilə bağlıdır. Həmin borunun içində qalmış cüzi hava, qaz verilişi bərpa olunarkən ilk saniyələrdə hətta sayğacdan keçərək qaz cihazlarına gəlsə belə heç 1 qəpik də yaza bilməz.

Ümumiyyətlə, qaz xəttinə hava qarışdırıla bilməz, oksigen qazla qarışaraq partlayışlar törədə bilər. Bu qazların sıxlığı, tərkibi, xüsusiyyəti tamam fərqlidir. Sosial şəbəkələrdə yayılmış videolarda da görünür ki, bu proses günün günorta çağı hamının gözü qabağında aparılır, halbuki belə bir məqsəd olsa bunu gecə vaxtı və ya yaşayış massivindən kənarda gizlicə edərdilər. Yəni, burada texniki mümkünsüzlükdən əlavə, məntiq də yoxdur.

Bildiyimiz kimi, bütün jurnalist fəaliyyətim boyu tənqidçi jurnalist kimi tanınmışam, sosial problemlərin hamısı üzrə sərt tənqidi yazılarla, ifşaedici faktlarla çıxış etmişəm. Lakin obyektivlik hər şeydən üstündür. Qaraya qara, ağa da ağ deməliyik. Bu qeyd etdiyimiz mövzuda məsələ belədir. Hər hansı digər problemlərlə bağlı tənqidi çıxışlarımız davam edəcək.

Qaz təchizatı ilə bağlı başqa problemlər var ki, bununla bağlı biz də dəfələrlə tənqidi münasibət bildirmişəm. Hər hansı bir abonentin probleminə Azəriqaz tərəfindən vaxtında reaksiya verilmədikdə mənə müraciət edə bilərlər, mən həmin problemin daha tez həllinə kömək etməyə çalışacam.

Müraciət üçün öz şəxsi e-poçtamı da əlavə edirəm. Hər hansı bir problem və şikayətlərinizi bu e-poçt vasitəsilə yaza bilərsiniz.

elchinbayramlı@mail.ru

PS: Yazının hazırlanması zamanı Azəriqaz İstehsalat Birliyinin bu məsələ ilə bağlı hazırladığı videoizahata rast gəldim. Onu da oxucularımıza təqdim edirəm.

https://www.youtube.com/watch?v=FKhPkw1xnd0

Seçilən
10
sesqazeti.az

1Mənbələr