AZ

COP29: iqlim dəyişikliyinə yeni yanaşmalar

Prezident İlham Əliyev: "200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu"

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a Azərbaycanın uğurla ev sahibliyi edir. Bu, bir daha təsdiqləyir ki, Azərbaycan daxilində hökm sürən sabitliyi, təhlükəsizliyi nəticəsində belə möhtəşəm tədbirləri reallaşdırır. Bütün vasitələrdən istifadə edərək, COP29-a qarşı boykot kampaniyası həyata keçirməyə cəhd etsələr də Azərbaycan uğurla bu tədbirə ev sahibliyi edir. 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçının olması hər bir şeyi demiş olur. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazirlər də iştirak edir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının nümunəsidir. Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı zamanı bildirdiyi kimi, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu: "Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir".

COP29-u keçirməyə ölkəmizə bir ildən az zaman verilsə də Azərbaycan bu işin öhtəsindən layiqincə gələ bildi. Dünyanın nəzər nöqtəsini özünə cəmləndirən Azərbaycanda müasir dünyanı narahat edən məsələlərin müzakirə olunmasında dünya ölkələrin nümayəndələri bir araya gəlib. Dünyanın müxtəlif ölkələrində iqlim dəyişikliyindən ən çox əziyyət çəkənlərə COP-29 töhfə verəcəkdir. Qoşulmama Hərəkatına sədrliyikdən və Təhlükəsizlik Şurasına üzvlüyülükdən sonra Azərbaycanın xarici siyasətinin növbəti bir uğuru kimi səciyyələndirilir. Bu gün Azərbaycan öz yaşıl gündəliyi ilə diqqətdədir. Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə ölkəmizdə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bununla yanaşı, Azərbaycanda ətraf mühitin qorunması, iqlim dəyişikliklərinin qarşısının alınması istiqamətində atılan addımlar sırasında günəş, külək enerjisinin əldə olunması sahəsində həyata keçirilən layihələri, işğaldan azad edilmiş ərazilərin, həmçinin Naxçıvan Muxtar Respublikasının "yaşıl enerji" zonası elan olunmasını nümunə göstərə bilərik.

Eyni zamanda, son dövrlərdə ölkəmizdə ekoloji mühitin qorunması məqsədilə bir sıra mühüm qanunlar qəbul edilib və mövcud qanunvericiliyə dəyişikliklər olunub.

Ölkədə həyata keçirilən uğurlu ekoloji siyasət ətraf mühitə dost texnologiyalardan istifadə, tükənməyən enerji mənbələrindən istifadənin genişləndirilməsi, məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsi, müasir avtomobil yollarının çəkilməsi, müasir aqroparkların yaradılması, yeni meşə massivlərinin salınması və s. bu sahədə mühüm addımlardır. Bununla yanaşı, "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində "Prioritet olan İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış" adlı 4-cü Prioritetin və "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" adlı 5-ci Prioritetlərin reallaşdırılması çərçivəsində hazırda 30 illik işğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun bərpası və SMART infrastrukturun formalaşması istiqamətində mühüm işlər həyata keçirilir. Belə ki, 30 illik işğaldan azad edilmiş ərazilərimizdə "yaşıl enerji" zonasının yaradılması, "ağıllı şəhər" və "ağıllı kənd" layihələri işlənib hazırlanmış və artıq icra olunmaqdadır. Hazırda iqlim dəyişmələri ilə mübarizə istiqamətində həm institusional, həm də qanunvericilik sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilməkdədir. Bundan əlavə, İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının müvafiq qərarı əsasında "Az karbonlu inkişaf üzrə Milli Strategiya", "Milli Adaptasiya Planı" və digər önəmli sənədlərin hazırlanmasına başlanılmışdır.

"BİR MİLYONA YAXIN AZƏRBAYCANLININ ÖZ ƏZƏLİ TORPAQLARINDAN DİDƏRGİN DÜŞMƏSİNƏ BAXMAYARAQ, BİZ GÜCLÜ ÖLKƏ QURA BİLDİK"

Prezident İlham Əliyev çıxışında Ermənistanın 30 illik işğalçılıq siyasətinə də nəzər salaraq, bu illər ərizində ölkəmizə dəyən ziyanı da qeyd edərək, BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalan qətnamələrin tələblərini öz gücümüzlə icra etdiyimizi bildirib.

Münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanırdı "Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin otuz ilə yaxın Ermənistan tərəfindən işğalına və bir milyona yaxın azərbaycanlının öz əzəli torpaqlarından didərgin düşməsinə baxmayaraq, biz güclü ölkə qura bildik, iqtisadiyyatı təmin etdik və müstəqil siyasət həyata keçirdik" – deyə Prezident bildirib. COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, həm digər yaşıl ideyalar, yaşıl proqramla bağlı məsələlərə Azərbaycan platformasından baxılır. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı prioritet sahə kimi qəbul etdiyini bütün dünyaya göstərə bilir. COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir.

"İndi isə mən Azərbaycanın Yaşıl gündəliyi haqqında bir neçə söz söyləmək istərdim", - deyən Prezident bildirib ki, bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir: "Ötən il BƏƏ-nin Masdar şirkəti bir regionumuzda 230 meqavatlıq Günəş enerji stansiyasının açılışını etdi. Səudiyyə Ərəbistanının "Acwa Power" şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir. COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş imzalanacaq. Bu layihə sayəsində dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında dekarbonlaşma təmin ediləcəkdir."

AZƏRBAYCAN QLOBAL TƏHDİDLƏR QARŞISINDA BEYNƏLXALQ HƏMRƏYLİYİ GÜCLƏNDİRİR

Cənab Prezident çıxışında onu da qeyd edib ki, Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib. Dünya üçün aktuallığı heç vaxt olmadığı qədər artan iqlim çağırışlarına Azərbaycanın həssas yanaşmasını, ölkəmizin qlobal təhdidlər qarşısında beynəlxalq həmrəyliyin gücləndirlməsi təşəbbüslərindən çıxış etdiyini də iştirakçıların diqqətinə çəkib.

Əlbəttə ki, Bakıda keçirilən COP29 iqlim dəyişikliyi və ətraf mühit problemlərinə həssaslığı artırmaq baxımından töhfə olacaqdır. Konfrans çərçivəsində təşkil edilən müxtəlif mövzulu tədbirlər, həmçinin seminarlar, sərgilər, mühazirələr və maarifləndirmə kampaniyaları buna nümunədir. Bu konfrans Azərbaycanın qlobal iqlim gündəliyindəki mövqeyini gücləndirib və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün yeni imkanlar yaradıb. Müzakirələrdə COP29 çərçivəsində həyata keçirilən tədbirlər yerli və beynəlxalq əhəmiyyət daşıyır. Azərbaycan bu tədbirlər vasitəsilə davamlı enerji həlləri, yaşıl texnologiyalar və ekoloji maarifləndirmə təşəbbüslərini həyata keçirir.

Azərbaycanın COP29 çərçivəsində qlobal öhdəliklər götürməsi dövlət və özəl sektorda ekoloji məsuliyyətin artırılmasına səbəb olacaq. Xüsusilə, dövlət siyasətində və qanunvericilik bazasında ətraf mühitin qorunmasına yönəlik ciddi islahatların həyata keçirilməsi gözlənilir. Dövlət qurumları karbon emissiyalarını azaltmaq üçün strateji planlar hazırlayacaq, özəl sektor isə fəaliyyətlərində ekoloji standartlara daha çox əməl etməli olacaq.

COP29 çərçivəsində həyata keçirilən müzakirələr və qəbul olunan qərarlar ölkədə sosial məsuliyyət çərçivəsində icra edilən ekoloji layihələrin artmasına şərait yaradacaq. Dövlət və özəl sektor tərəfindən ağacəkmə kampaniyaları, təkrar emal mərkəzlərinin yaradılması, şəhər ərazilərinin yaşıllaşdırılması kimi təşəbbüslər reallaşdırıla bilər. Bu layihələr təkcə ətraf mühitin yaxşılaşdırılması ilə deyil, eyni zamanda, ictimaiyyətin həyat keyfiyyətinin yüksəldilməsi ilə nəticələnəcək.

Azərbaycan COP29 vasitəsilə yaşıl iqtisadiyyat yolunda irəliləmək üçün əlavə stimul qazanacaq. Heç şübhəsiz ki, bu konfrans çərçivəsində təqdim olunan beynəlxalq təcrübə və texnologiyalar ölkədə bərpaolunan enerji mənbələrinin tətbiqini genişləndirəcək.

COP29 çərçivəsində Azərbaycanın inkişaf etmiş ölkələrin yaşıl iqtisadiyyat sahəsində və iqlim dəyişikliyinə qarşı mübarizə istiqamətində təcrübələrindən bəhrələnməsi üçün geniş imkanlar yaranıb.

Konfrans çərçivəsində ölkəyə gələn minlərlə xarici nümayəndə, investor və ekspert turizm və xidmət sektoruna əlavə gəlir gətirib. Bununla yanaşı, Azərbaycanın beynəlxalq səviyyədə nüfuzu artıb, ölkə gələcək ekoloji investisiyalar üçün daha cəlbedici bir məkana çevrilib. Konfrans müddətində otelçilik, iaşə və nəqliyyat xidmətlərinə olan tələbin artması yerli biznes üçün əlavə imkanlar yaradıb. Xüsusilə, kiçik və orta sahibkarlıq subyektləri bu tədbirdən birbaşa fayda götürərək iqtisadi fəaliyyətlərini genişləndirib.

COP29-un Azərbaycanda keçirilməsi 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamıdır. İqlim dəyişikliyinə yeni yanaşmalar yaradacaq COP29 çərçivəsində Azərbaycan gündəliyinin yaşıl enerji ilə bağlı olmasını bir daha sərgiləyir. COP29-un Bakıda təşkil edilməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır. COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin sosial, iqtisadi və ekoloji inkişafına töhfə verən strateji əhəmiyyətli bir addımdır. COP29 Azərbaycanın davamlı inkişaf yolunda beynəlxalq səviyyədə mövqeyini möhkəmləndirən mühüm bir tədbirdir.

Zümrüd BAYRAMOVA

Seçilən
20
50
sesqazeti.az

10Mənbələr