AZ

Bakı konfransı Türk dünyasını iqlim savaşında ön mövqeyə çıxardı

Bakıda 2 həftədən bəri davam edən COP29 marafonunun uğuru finişə yaxınlaşır. Ötən günlərin çoxsaylı məclisləri, qəbul edilən önəmli qərarlar bütün dünyaya göstərdi ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi həm ölkəmiz, həm də dünya üçün misilsiz bir hadisədir.

Bakı konfransı həm regional, həm də qlobal əhəmiyyət daşıyan bir müzakirə kimi Azərbaycanın beynəlxalq mövqeyini yeni bir mərhələyə yüksəltdi. COP29 dünya siyasətində güc mərkəzi kimi önəmini artıran Türk dövlətləri birliyinin ekoloji fəlakətə qarşı həssaslığını, məsuliyyətini və səylərini də nümayiş etdirdi.

Bu barədə qəzetimizə müsahibə verən Bakı Dövlət Universitetinin türk filologiyası kafedrasının müdiri, professor Rüfət Rüstəmov aşağıdakıları söylədi:

– COP29 kimi beynəlxalq əhəmiyyətli qlobal ekoloji missiyanın həyata keçirilməsində Azərbaycanın rolu o qədər böyükdür ki, onu sözlə ifadə eləmək çətindir. Çünki bu konfransı təşkil etməyin özü mürəkkəb bir prosesdir. Azərbaycan Prezidenti İlham Əliyev Liderlər Sammitinin açılış mərasimində bu barədə bildirirdi: “Mənim sonuncu mesajım, təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var”.

Prezidentin bu açıqlaması bir daha təsdiqləyir ki, COP29 iqlim dəyişikliyi ilə mübarizədə dünya ölkələrinin üzləşdiyi çətinlikləri geniş müzakirəyə çıxaran, möhtəşəm həmrəliyə nail olan bir forumdur. Azərbaycanın bu sessiyanı ən yüksək səviyədə təşkil etməsi və keçirməsi ölkəmizin qlobal iqlim siyasətində fəal rolunu, nüfuzlu mövqeini nümayiş etdirdi. Bütün dünya gördü və əmin oldu ki, Azərbaycan iqlim savaşı ilə bağlı beynəlxalq əməkdaşlığın önəmli iştirakçı olmaqla yanaşı, həm də geniş həmrəylik və ciddi səfərbərlik yaratmağa qadirdir. Azərbaycan bu gün iqlim dəyişikliyinin qarşısını almaq üçün müasir texnologiyalardan istifadəyə, yenilənə bilən enerji mənbələrinin inkişafına və ekoloji cəhətdən dayanıqlı inkişaf strategiyalarının tətbiqinə asanlıqla nail ola bilən, önəmli təcürbələr ortaya qoyan, səmərəli çağırışları gerçəkləşdirən bir ölkədir.

COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizədə yalnız öz milli maraqlarını deyil, həm də qlobal miqyasda bəşəriyyətin gələcəyi ilə bağlı beynəlxalq səyləri dəstəklədiyini sübut etdi. Bu, Azərbaycana olan beynəlxalq diqqəti və etibarı yüksəltdi, ölkənin iqlim siyasəti və ətraf mühit sahəsindəki təşəbbüslərinə yeni tərəfdaşlar qazandırdı.

– Konfransda türk ölkələri liderlərinin fəal iştirakı və ortaq mövqeyi Türk Dövlətləri Təşkilatının da nüfuzunu artırdı.

– COP29-un Azərbaycanda keçirilməsi Türk Dövlətləri Təşkilatının beynəlxalq arenada artan təsirini nümayiş etdirmək baxımından növbəti fürsət oldu. TDT müxtəlif tarixi və mədəni köklərlə bağlı olan xalqların birliyini təmsil edərək, bəşəriyyətin qarşılaşdığı qlobal problemlərdən çıxış yolları tapmaqda birgə fəaliyyət göstərməyi də önəmli məqsədinə çevirib. Bakı konfransı Türk dövlətlərinin birgə əməkdaşlığının və həmrəyliyinin nə qədər güclü və bəşəri məramlı olduğunu aydın göstərdi. Türk Dövlətləri Təşkilatına üzv ölkələri ekologiya və iqlim dəyişikliyi ilə bağlı öz təcrübələrini birləşdirərək bu sahədə müştərək layihələr həyata keçirməyi qərara aldılar. Bu hədəflər inkişaf etməkdə olan regionlarda iqlim dəyişikliklərinin təsirlərinin azaldılması, su resurslarının idarəsi və təbii sərvətlərin dayanıqlı istifadəsi kimi məsələlərdə də əhəmiyyətli olacaq.

– Bakı konfransı iqlim dəyişikliyi ilə mübarizədə TDT üçün hansı perspektivləri aktuallaşdırdı?

– COP29-un qərar və çağırışlarının həyata vəsiqə alması Türk dünyası üçün yeni perspektivlər açacaq. Türk dövlətləri iqlim dəyişikliyi ilə bağlı ortaq siyasi xətt hazırlamaqla və təcrübə mübadiləsi aparmaqla qlobal fəlakətin qarşısının alınmasına öz töhfələrini verəcəklər. Türk dünyası coğrafi və iqlim şəraiti baxımından bu gün bir çox müştərək problemlərlə qarşılaşır. Konfransda aparılan müzakirələr bu problemlərin həllində təsirli olacaq.

Eyni zamanda, Azərbaycanın qlobal iqlim savaşı platformasında önəmli bir rola sahib olması onun yaşıl hərəkatda liderliyini daha da möhkəmləndirəcək və artıracaq. Azərbaycan Prezidenti İlham Əliyev Liderlər Sammitinin açılış mərasimindəki çıxışında Azərbaycana, eləcə də türk dünyasının bugünkü inkişafını görmək istəməyənlərə də tutarlı cavab verdi: “Dənizdə ilk neft quyusu da Azərbaycan neftçiləri tərəfindən Xəzər dənizində XX əsrin ortalarında qazılmışdır. XIX əsrdə qlobal neft hasilatının yarısı Azərbaycanın payına düşürdü. Əgər o vaxt bəzi Qərb siyasətçiləri və media bizi neft dövləti adlandırsaydı, bu, bəlkə də anlaşılan olardı. Lakin əgər onlar indi, yəni bu gün də bizi neft dövləti adlandırırlarsa, bu, ədalətsizlikdir və yalnız siyasi mədəniyyət və biliklərin çatışmamasından xəbər verir”. Heç şübhəsiz, Türk dövlətləri bundan sonra da ekoloji fəlakət və iqlim dəyişikliyi məsələlərində birgə fəaliyyət göstəcək, qlobal iqlim müqavilələrinin həyata keçirilməsinə öz töhfələrini verəcəklər.

Nəhayət, COP29-un Azərbaycanda təşkil olunması bütün Türk dünyası üçün həm qürur mənbəyidir, həm də böyük bir uğurdur. Bakı təntənələri Türk dövlətlərinin gücünü və beynəlxalq aləmdəki mövqeyini möhkəmləndirdi. Türk dünyası, qarşısına çıxan iqlim dəyişiklikləri və digər ətraf mühit problemləri ilə mübarizədə yalnız milli səviyyədə deyil, həm də beynəlxalq platformada həmrəylik və əməkdaşlıq yolu ilə daha uğurlu nəticələr əldə edəcək.

– Müsahibə üçün sağ olun.

Söhbəti hazırladı:
Namiq QƏDIMOĞLU
XQ

Seçilən
57
42
xalqqazeti.az

10Mənbələr