AZ

Qəbul olunan qərarları sabotaj etmək istəyirlər  - RƏY

Aydın Quliyev: "Azərbaycan dünyanın xilası naminə müzakirə platformasını yüksək səviyyədə təqdim edir"

Azərbaycan öz üzərinə düşəni edir

Bakı dünyanın xilası naminə müzakirə platformasını yüksək səviyyədə hazırladı

  “Əgər COP29-da azı 300- 500 milyard dollarlıq kollektiv maliyyə həddi müəyyən olunmasa, bəşəriyyətin gələcəyi naminə buraxılmış bu şansın 100 faiz məsuliyyətini ABŞ, Avropa Birliyi, Çin, Səudiyyə, Küveyt, Qatar, Boliviya və digərləri daşıyacaq” 

  “COP29-da dünyanın və gələcəyimizin asılı olduğu "mərkəzi problemin" həllinə böyük çabalar sərf edənlərlə bərabər elə ölkələr də var ki, buna hər vəchlə mane olurlar”. Bu sözləri “Sherg.az"a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
  A.Quliyev hesab edir ki, mane olmaq istəyən qüvvələrin məqsədi odur ki, iqlim dəyişmələri ilə mübarizə xatirinə güclü öhdəliklər qəbul olunmasın, iqlim dəyişmələrinin təsirlərini azaltmaq üçün sanballı maliyyə fondu yaradılmasın:

“Guya Azərbaycan belə maliyyə fondunu öz şəxsi ehtiyaclarının həlli naminə yaradırmış. Guya iqlimin ziyanlı dəyişməsinə görə hamıdan çox məsuliyyəti Azərbaycan daşıyırmış. Azərbaycan çalışır ki, iqlim dəyişmələrinə qarşı maliyyənin yeni kollektiv kəmiyyət hədləri müəyyən olunsun. Sonuncu dəfə 2015-ci ildə bu yöndə 100 milyard dollarlıq kollektiv hədd müəyyən olunmuşdu. Azərbaycan çox haqlı olaraq hesab edir ki, bu çox " mizer" rəqəmdir. Azı 300-500 milyard dollarlıq hədd qoyulmalıdır. Bir faktı da  deyim, ABŞ hər il iqlim dəyişmələri ilə mübarizəyə 500 milyard, yəni yarım trilyon pul qoyursa, bütün dünya üçün 500 milyard dollarlıq fond da əslində azdır. Ancaq Azərbaycanın gücü ancaq ona çatır ki, COP29-da bu rəqəmin qəbul olunmasını təşfiq etsin. Baxın, görün kimlər və necə müqavimət göstərir. Əvvəlcə COP-un Azərbaycanda keçirilməsinə mane olmaq istədilər, alınmadı. Sonra bəzi dünya dövlətlərini COP29-a gəlməkdən çəkindirmək istədilər, yenə alınmadı. Ardınca COP29-u Azərbaycan əleyhinə siyasi hücum müstəvisinə çevirmək istədilər, separatçıları azad edin, erməniləri Qarabağa qaytarın kimi tələblər qoydular. Bu da alınmadı. İndi də COP29-da Azərbaycanın təşəbbüsü olan məsələlər üzrə qərarların qəbul  olunmasını sabotaj etmək istəyirlər. Həm də bunu o ölkələr edir ki, Azərbaycandan yüz dəfələrlə çox neft-qaz hasil edir və yüz dəfələrlə çox iqlimi korlayır”.
  Siyasi şərhçinin sözlərinə görə, ABŞ, Avropa Birliyi COP29-da öz üzərlərinə ciddi maliyyə öhdəliyi götürmək istəmirlər.  Onlar yükü başqa ölkələrin üstünə ataraq öz neft- qaz istehsalatlarını qorumaq istəyirlər: “Hətta Çin, Səudiyyə Ərəbistanı , Küveyt kimi böyük neft istehsalçısı və istehlakçısı  sayılan ölkələr də maliyyə öhdəliyindən yayınmaq istəyirlər. Dəhşətlidir ki, Səudiyyə Ərəbistanı, Küveyt, Boliviya və sair kimi ölkələr hətta neftdən tədricən imtina ilə bağlı qərar qəbul olunması məsələsinin müzakirə olunmasının əleyhinə çıxırlar. Halbuki Azərbaycan iqlimə görə ən az məsuliyyət daşıyan ölkədir. Neft hasilatına görə dünyada 25-ci, qaz hasilatına görə 23-cü yerdəyik. Atmosferə  qaz emissiyasının cəmi 0,01 faizi bizim payımıza düşür. Azərbaycan ildə 34 milyard kub metr qaz, ABŞ 1 trilyon kubdan, Kanada 190 milyard kubdan, Səudiyyə 120 milyard klubdan çox qaz hasil edir. Bu rəqəmlər iqlimə qarşı kimin nə qədər pul qoymalı  olduğunu dəqiq ifadə edir. Əgər COP29-da azı 300-500 milyard dollarlıq kollektiv maliyyə həddi müəyyən olunmasa, bəşəriyyətin gələcəyi naminə buraxılmış bu şansın 100 faiz məsuliyyətini ABŞ, Avropa Birliyi, Çin, Səudiyyə, Küveyt, Qatar, Boliviya və digərləri daşıyacaq. Azərbaycana bu sırada heç mində bir faiz də məsuliyyət düşməyəcək. Çünki Azərbaycan öz üzərinə düşəni, dünyanın xilası naminə müzakirə platformasını yüksək səviyyədə təqdim edir”.

Seçilən
7
1
sherg.az

2Mənbələr