AZ

Sülh müqaviləsinin imzalanması: Ermənistan niyə "qaçır"? - AÇIQLAMA

Ermənistan və Azərbaycan arasında illərdir davam edən münaqişənin həlli istiqamətində atılan addımlar ölkəmizin sülhə olan marağını əks etdirir.

İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranan yeni siyasi və hərbi reallıqlar sülh müqaviləsinin imzalanması üçün daha əlverişli bir zəmin yaratsa da, prosesin hələ də tam nəticələnməməsi bu məqsədin çətinliklərlə dolu olduğunu göstərir. Hər iki ölkə üçün mühüm olan bu müqavilənin imzalanması məsələsi ilə müəyyən qədər uzanır. Bu prosesin bu qədər uzun zaman alması siyasi məkanda hər kəsin mövqeyini sübut edir və səbəblərin analiz edilməsi məsələsini gündəmə gətirir.

Ortaya sual çıxır: Müqavilənin imzalanması prosesi niyə bu qədər uzanır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, müqavilənin imzalanmaması ilə bağlı faktorlar arasında ilk növbədə tarixi münaqişənin kökləri yer alır:

"Ermənistan və Azərbaycan arasında sərhədlərin dəqiq müəyyənləşdirilməsi məsələsi hələ Sovet İttifaqının dağılması dövründən qalan bir problemdir. O dövrdə sərhədlərin qeyri-müəyyən şəkildə çəkilməsi və bunun münaqişələr zamanı dəyişməsi sülh müqaviləsinin detallarının razılaşdırılmasını mürəkkəbləşdirir. Qarabağ bölgəsinin statusu ilə bağlı fikir ayrılıqları da bu prosesin əsas maneələrindən biridir. Ermənistan tərəfi radikal və qeyri-adetkav çıxışları ilə sübut edir ki, hələ də aqressor mövqeyi sərgiləyir. Ermənistanda Paşinyan hökuməti sülhə meylli addımlar atmağa çalışsa da, daxildəki müxalifət qüvvələri və bəzi cəmiyyət qrupları bu addımlara qarşı çıxır. Onların fikrincə, sülh müqaviləsi Ermənistanın maraqlarını qurban verməsi deməkdir".

Züriyə Qarayevanın fikrincə, bütün proseslər birbaşa rəsmi İrəvandan asılıdır:

"Azərbaycan tərəfi hər zaman nümayiş etdirib ki, sülh tərəfdarıdır. Bu sahədə yetərli qədər addımlar atılıb. İstər siyasi, istər mənəvi məsələlərin hamısı həll edilib. Amma qeyd etmək lazımdır ki, diplomatik sahədə atılan addımlar nəticəsini verməkdədir. Lakin Ermənistan hökumətinin bəzi bəyanatları və hərəkətləri münaqişənin həllinə yox, daha çox vəziyyəti gərginləşdirməyə xidmət edir. Xüsusilə, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan çıxışları və Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin hüquqlarını beynəlxalq arenada manipulyasiya etməsi sülh prosesinə zərbə vurur. Paşinyan hökumətinin müharibədən sonra yaratdığı qeyri-müəyyənlik siyasəti və münaqişənin həllini yubadan tələbləri tərəflər arasında etimadın formalaşmasına mane olur".

Züriyə Qarayeva: Azərbaycan Cənubi Qafqazın təhlükəsizliyini təmin etməyə yönəlib

Azərbaycan tərəfinin münaqişənin həlli və bölgədə sabitliyin təmin edilməsi üçün konstruktiv yanaşma nümayiş etdirdiyini qeyd edən müsahibimiz diqqətə çatdırıb ki, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq, öz suverenliyini qoruyur və sülh prosesinə sadiqliyini nümayiş etdirir:

"Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri həyata keçirərək bölgədə yeni bir inkişaf dövrü başladıb. Bu addımlar Azərbaycanın yalnız öz maraqlarını deyil, həm də Cənubi Qafqazın bütövlükdə iqtisadi inkişafını və təhlükəsizliyini təmin etməyə yönəldiyini göstərir. Azərbaycan tərəfinin təqdim etdiyi sülh müqaviləsi təklifi beynəlxalq hüquqa uyğun şəkildə hazırlanıb və Ermənistanla uzunmüddətli sülhün əsasını təşkil edə biləcək konstruktiv bir çərçivədir. Buna baxmayaraq, Ermənistan tərəfi prosesə qeyri-ciddi yanaşaraq vaxtı uzatmağa çalışır. Bu isə həm bölgə ölkələri arasında əməkdaşlığa, həm də beynəlxalq vasitəçilərin səylərinə mənfi təsir göstərir".

Fikirlərinin yekunu olaraq siyasi şərhçi deyib ki, Azərbaycanın tutduğu bu prinsipial və hüquqi mövqe onu dünya ictimaiyyəti qarşısında nümunəvi bir tərəfdaş kimi göstərir:

"Ermənistan konstruktiv addımlar atmaq əvəzinə, prosesin uzadılmasına çalışaraq özünü çıxılmaz vəziyyətə salır. Bu yanaşma uzunmüddətli perspektivdə Ermənistanın regional təcridinə və iqtisadi cəhətdən daha da zəifləməsinə gətirib çıxara bilər. Qeyd etmək lazımdır ki, Azərbaycanın göstərdiyi səbir və beynəlxalq hüquqa əsaslanan mövqe sülhün təmin olunmasında əsas rol oynayır. Ermənistan isə öz destruktiv yanaşmasını dəyişməli, bölgədə təhlükəsizliyə və inkişafa töhfə vermək üçün sülhə real iradə ilə yanaşmalıdır. Əks halda, bu mövqe Ermənistanın gələcək inkişaf perspektivlərini də zərbə altında qoyacaq".

Əli Hüseynov

Seçilən
26
bakivaxti.az

1Mənbələr