AZ

Vətən sərhəddən başlanır, suverenlik sərhədlə qorunur

Dövlət Sərhəd Xidməti qurumun birləşmə və hərbi hissələrində xidmət edən hərbi qulluqçuların döyüş hazırlığı və növbətçiliyi, eləcə də onların sosial-məişət şəraiti ilə tanış olmaq məqsədilə media nümayəndələri üçün media-tur təşkil edib. 

Səfərdən qabaq turun təşkilatçıları bildirdilər ki, XX əsrin əvvəllərində Azərbaycanın sərhəd mühafizə qüvvələrinin formalaşdırılması Şərqdə ilk demokratik respublikanın adı ilə bağlıdır. Sərhədlərin mühafizəsinin dövlətin təhlükəsizliyi üçün mühüm amil olduğunu nəzərə alaraq Azərbaycan hökuməti 1918-ci ilin iyul ayının 22-də qəbul etdiyi qərarla Poylu stansiyasında respublikadan kənara qaçaqmalçılığın qarşısının alınması üçün “Poylu”, bundan sonra Salahlı və Şıxlı sərhəd postları yaradılıb. Milli parlament 1919-cu il avqustun 18-də 99 sərhəd mühafizə postunun yaradılmasını nəzərdə tutan “Azərbaycan Respublikasının sərhəd mühafizəsinin təsis edilməsi haqqında” qanun qəbul edib. Bundan sonra qaçaqmalçılıqla mübarizə məsələləri, əsasən, respublikanın quru sərhədlərində aktual olduğundan yerli şəxslərdən ibarət mühafizə dəstələri təşkil edilərək dövlət sərhədinin mühafizəsinə başlanılıb. Lakin Azərbaycan Demokratik Cümhuriyyətinin süqutu ilə digər sahələrdə olduğu kimi, sərhəd mühafizəsi ilə bağlı görülən işlər yarımçıq qalıb.

Dövlət müstəqilliyinin ilk günlərdindən Azərbaycan yenidən öz sərhədlərini qurmağa başlayıb. 2002-ci ilin iyulun ­31-də Prezident Heydər Əliyev Azərbaycan Dövlət Sərhəd Xidmətinin yaradılması barədə fərman imzalayıb. Bu xidmətin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin xidməti fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. DSX-nin qarşısında müasir dövrün tələblərinə uyğun olaraq yeni vəzifələr qoyulub və sərhəd təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilib. Sonrakı illərdə ulu öndər Heydər Əliyevin sərhədlərimizin qorunması istiqamətində müəyyən etdiyi strateji xətt Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilib, müasir dövrün tələblərinə uyğun olaraq zənginləşdirilib. 

Hazırda Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığı dövlət sərhədini 3 sərhəd diviziyasının, 10 hərbi hissənin qüvvə və vasitələri hesabına müdafiə və mühazifəsini təmin edir. Bu ­komandanlığın əsas vəzifələri beynəlxalq terrorçuluğa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa, zəhərli, radioaktiv, partlayıcı maddələrin, odlu silah və döyüş sursatının, digər kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə və dövlət sərhədinin mühafizəsidir.

Azərbaycan sərhədlərinin mühafizəsi prosesi ilə tanış olmaq üçün əvvəlcə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” Sərhəd Dəstəsinin ərazisinə yollandıq. DSX rəisinin müavini – Sərhəd Qoşunlarının komandanı, general-leytenant Araz Məmmədov bu qoşunların tarixi, fəaliyyəti, mühafizəsi və müdafiəsi, habelə son illərdə görülmüş işlər, həyata keçirilmiş tədbirlər barədə məlumat verdi. Dedi ki, müstəqillik illərindən sonra sərhəd mühafizəsi sahəsində əldə edilmiş bütün uğur və nailiyyətlərin kökü ötən əsrin 60–80-ci illərində ümummilli lider Heydər Əliyevin qəbul etdiyi taleyüklü qərarlarla bağlıdır: “Heydər Əliyev sovet hakimiyyəti dövründə sərhəd dəstələrinə mütəmadi səfərlər edib, sərhədçilərin problemləri ilə yaxından maraqlanıb. Ulu öndərin göstərdiyi səy və təşəbbüsləri nəticəsində respublika büdcəsi hesabına Naxçıvan, Göytəpə, Lənkəran sərhəd dəstələrinin ərazisinin abadlaşdırılması, yaşayış evlərinin tikilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi həyata keçirilib. Qeyd olunan dövrdə milli sərhədçi kadrların yetişdirilməsi və irəli çəkilməsində respublikaq rəhbərinin böyük rolu olub. Dahi öndərin xüsusi diqqəti nəticəsində o zaman sərhəd qoşunlarında onlarla azərbaycanlı zabit zastava rəisi, sərhəd komendantı, hərbi hissə komandiri vəzifələrində xidmət edirdi”. 

Ulu öndərin müstəqillik əldə olunandan sonra da Azərbaycan sərhədçiləri ilə görüşlərinin sərhəd mühafizəsinin inkişafı üçün önəmli olmasını qeyd edən A.Məmmədov bildirdi ki, Heydər ƏIiyevin dövlət sərhədinin mühafizəsinə göstərdiyi daimi diqqət və qayğı nəticəsində sərhəd dəstələri xidməti fəaliyyətə başlayıb, şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi və qoşunların maddi-texniki təminatının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Sərhədin mühafizəsində müasir texniki vasitələrin tətbiqi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri baza formalaşdırılıb. “Ümummilli liderin 1996-cı ilin dekabr ayının 17-də, ­2001-ci ilin avqust ayının 16-da və 2002-ci ilin mart ayının 6-da sərhəd qoşunlarının rəhbər heyəti ilə görüşləri zamanı verdiyi göstərişlər milli sərhəd mühafizəsinə qayğının nümunəsi olub. 

Prezident Heydər Əliyevin 2000-ci il avqust ayının 16-da imzaladığı fərmanla 18 avqust sərhədçilərin peşə bayramı günü kimi təsbit edilib. Bununla da Azərbaycanda dövlətçilik ənənələrinin dərin köklərə söykəndiyini və bu əlamətdar günün yalnız Azərbaycan sərhədçiləri deyil, xalqımız və dövlətçilik tariximiz üçün də mühüm olduğu nümayiş etdirilib. 2001-ci ildə Sərhəd Qoşunlarının xidməti hesabatını qəbul edərkən Ali Baş Komandan qarşıya beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, narkotiklərin qeyri-qanuni dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizə aparılması, dənizdə neft-qaz hasilatı infrastrukturunun mühafizəsi kimi vəzifələr qoyub. 

Xidmət rəisinin müavini xatırlatdı ki, 2005-ci ilin dekabrın 23-də “Şəki”, 2006-cı ilin aprelin 14-də “Zaqatala”, 2010-cu ilin aprelin 29-da “Göytəpə”, 2013-cü ilin sentyabrın 27-də “Horadiz”, 2014-cü ilin yanvarın 7-də “Şəmkir”, 2021-ci ilin oktyabrın 21-də “Zəngilan”, 2021-ci ilin oktyabrın 25-də “Qubadlı” sərhəd dəstələri; 2019-cu ilin fevralın 28-də “Naxçıvan” və 2023-cü ilin avqustun 7-də isə “Qazax” əlahiddə sərhəd diviziyaları inşa edilib. Qarnizon kompleksləri əsaslı təmir edilərək xidməti istifadəyə verilib. 2017-ci ilin iyunun 5-də DSX-nin tərkibində Sərhəd Qoşunları Komandanlığı və digər 3 silahlı birləşmənin yaradılması barədə qərar verməsi ilə Azərbaycan Sərhəd Mühafizəsinin tarixində ən yeni mərhələnin başlanğıcı kimi xarakterizə oluna bilər. 

DSX generalı daha sonra qeyd etdi ki, 2017-ci ildə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycanın sərhəd mühafizəsinin potensialını nəzərə alaraq, Qazax–Ağstafa rayonları ərazisində Azərbaycan–Ermənistan dövlət sərhədinin mühafizəsini sərhədçilərə həvalə etdi. Qazax–Ağstafa rayonları ərazisində Ermənistan dövlət sərhədi tərəfimizdən mühafizəyə götürüldükdən qısa müddət sonra DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Qazax” əlahiddə sərhəd diviziyası formalaşdırıldı. Düşmənlə təmas xəttində sərhəd-döyüş məntəqələri, “Qazax” əlahiddə sərhəd diviziyasının qərargahı da daxil olmaqla 5 hərbi hissə kompleksi tikilərək istifadəyə verildi. Xüsusi əməliyyatlar nəticəsində döyüş mövqelərinin dövlət sərhəd xəttinə daha yaxın yerləşdirilməsinə, ərazidəki mühüm strateji yüksəkliklərin ələ keçirilməsinə, həmsərhəd ərazinin böyük bir hissəsinin nəzarətdə saxlanılmasına nail olunmaqla düşmənin yerli sakinlərə qarşı təxribat törətmək imkanlarının qarşısı alındı. 

Sərhəd Qoşunları komandanı məlumatın davamında bildirdi ki, xidmətin keyfiyyətinin artırılması üçün kadr hazırlığına xüsusi diqqət yetirilir, bu məqsədlə DSX Akademiyasında sərhədçi zabit kadrları hazırlanır, təlim-tədris mərkəzlərində kurslar təşkil olunur. Bütün bunların nəticəsində Sərhəd Qoşunlarının Komandanlığı fəaliyyətə başladığı 2017-ci ildən hazırkı dövrədək dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili zamanı görülmüş təxirəsalınmaz əməliyyat tədbirləri və sərhəd naryadlarının ayıq-sayıqlığı nəticəsində 1636 nəfər sərhəd, 1021 nəfər rejim pozucusu saxlanılaraq müvafiq dövlət orqanlarına təhvil verilib”.

Öyrəndik ki, qarşılıqlı əlaqədə olaraq qaçaqmal və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə çərçivəsində ümumi çəkisi 6 ton 928 kiloqram narkotik vasitə və 533 min 406 ədəd psixotrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılıb. Götürülən narkotik vasitələrin ümumi dəyəri 162 milyon 610 min 694 manat təşkil edib. 

Sərhəd Qoşunlarının sərhəd zastavalarında yaradılmış müasir tələblərə cavab verən texniki imkanların artırılması nəticəsində bu il ərzində dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili zamanı 301 nəfər sərhəd pozucusu, 134 nəfər rejim pozucusu saxlanılıb. Dəyəri 13 milyon 174 min 694 manat təşkil edən 1 ton 148 kiloqram narkotik vasitə və 30 min 38 ədəd psixotrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılıb. Son zamanlar müxtəlif uçuş aparatlarından istifadə etməklə ölkə ərazisinə narkotik vasitələrin keçirilməsinə cəhdlər olub. Görülən tədbirlər nəticəsində uçuş aparatlarının saxlanılması təmin edilib, narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. 

A.Məmmədov dövlət sərhədinin mühafizəsi ilə əlaqədar xidməti vəzifələrini icra edərkən sərhəd pozucuları ilə silahlı toqquşma zamanı Sərhəd Qoşunlarının 13 hərbi qulluqçusunun şəhid olmasını, ­Prezident ­İlham Əliyevin müvafiq sərəncamı ilə ölümlərindən sonra şəxsi şücaət göstərdiyinə görə əsgər İsgəndərov Elton Xaləddin oğluna “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilməsini də diqqətə çatdırdı. 

General onu da bildirdi ki, Vətən müharibəsində Sərhəd Qoşunlarının heyətindən 1843 hərbi qulluqçu iştirak edib. 44 günlük müharibə zamanı Аli Baş Komandanın Dövlət Sərhəd Xidmətinin qarşısında qoyduğu döyüş tapşırıqlarının uğurlu icrası üçün bütün qüvvə və vasitələr tam səfərbər edilib. Azərbaycan–İran dövlət sərhədinin 132 kilometrlik hissəsi DSX-nin hərbi birləşmələri tərəfindən işğaldan azad olunduqdan sonra ilk dəfə Ermənistanla dövlət sərhədinə çıxaraq strateji cəhətdən əhəmiyyətli olan “Bartaz”, “Şükrataz” yüksəklikləri azad edilib. Həmin ərazilərdə dərhal Sərhəd Qoşunlarının hərbi qulluqçuları dövlət sərhədinin mühafizəsini təşkil ediblər. Döyüş əməliyyatları zamanı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşmüş, rəşadət və yüksək şücaət nümayiş etdirmiş hərbi qulluqçuların hamısı təltif olunub. 719 nəfər hərbi qulluqçunu ölkə başçısı müxtəlif orden və medallarla təltif edib. 10 nəfər hərbi qulluqçu isə qəhrəmanlıq və şəxsi şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasından və sərhədlərimizin işğaldan azad olunmasından dərhal sonra bu ərazilərdə sərhəd mühafizə infrastrukturun yaradılması istiqamətində tədbirlər həyata keçirilib. Vətən müharibəsindən sonra Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisində Sərhəd Qoşunlarının 1 əlahiddə sərhəd diviziyası, 3 hərbi hissə, 11 sərhəd komendantlığı, 3 əlahiddə bölmə və 121 sərhəd-döyüş məntəqəsi dövlət sərhədinin mühafizəsinə başlayıb.

***

Media-turun növbəti günü “Qazax” Əlahiddə Sərhəd Diviziyasında görüş keçirildi. Qazax rayonunun işğaldan azad edilmiş kəndlərinə və şərti dövlət sərhədinə dislokasiya olunan bölmələrdə və sərhəd-döyüş məntəqələrində yaradılan şəraitlə tanış olduq. Qeyd edək ki, Prezident İlham Əliyevin uzun illər apardığı siyasətin nəticəsi olaraq 2024-cü il aprelin 19-da Qazax rayonunun Ermənistan tərəfindən işğal olunmuş Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması barədə razılıq əldə edildikdən sonra Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının hərbi qulluqçuları Azərbaycan–Ermənistan dövlət sərhədində üçrəngli bayrağımız ucaldaraq şərəflə xidmətə başlayıblar.

Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərimizin əziz xatirəsinə ucaldılmış kompleks ziyarət edildi, abidənin önünə gül dəstələri düzüldü. Hərbi qulluqçular onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə etdilər. Onlar Vətən sərhədlərinin keşiyində alnı açıq, başı dik, ayıq-sayıq xidmət etməkdən qürur duyduqlarını bildirdilər.

Hərbi hissələrdə xidməti silah və döyüş texnikası nümayiş etdirilirdi. Zabitlər onların texniki xüsusiyyətləri barədə məlumat verirdilər. 

Sərhəd Qoşunlarının baş leytenantı Bəybala Bağırbəyli Azərbaycanın istehsal etdiyi “İstiqlal” snayper tüfəngi barədə dedi ki, bu silah Azərbaycan, Pakistan və İordaniya Silahlı Qüvvələrində istifadə olunur. Satışı məhdud olan “İstiqlal” tüfəngindən döyüş əməliyyatlarında uğurla istifadə olunub. Silahın çapı 14,5 mm, nişanalma məsafəsi mexaniki və optik nişangahla 2 min metrdir.

“Qazax” Əlahiddə Sərhəd Diviziyasında xidməti ərazisində 1000-dən çox kamera quraşdırılıb. Bununla dövlət sərhədi daim müşahidə altında saxlanılır. Qazax rayonunun işğaldan azad olunan Xeyrimli, Bağanis Ayrım, Aşağı Əskipara, Qızılhacılı kəndlərində müşahidə kameraları var. 

“Qazax” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Misir Əliyev dedi ki, diviziyanın xidməti ərazisində sərhədlərin mühafizəsi termal, eləcə də digər müasir tipli kameralarla müşahidə edilir. Nəzarət olunan ərazilərə DSX rəisi də xidməti otağından baxa bilir.

Babəkar zastavasında Azərbaycan–Gürcüstan sərhədində dövlət sərhədini pozmağa cəhd göstərən 3 şərti sərhəd pozucusunun zərərsizləşdirilməsi prosesini də izlədik. Sərhəd pozucuları sərhədçiləri görüncə 2 istiqamətdə qaçmağa çalışsalar da, yaxalandılar. Sərhəd Qoşunları komandanı Araz Məmmədov söhbətə qoşularaq bildirdi ki,  kameralar vasitəsilə 20 kilometrlik ərazini müşahidə etmək mümkündür. Sərhəd pozucuları aşkar olunduqdan sonra zastavaya məlumat verilir və onların zərərsizləşdirilməsi istiqamətində işlər görülür.

“Sərhəd pozucularına qarşı odlu silah hansı halda tətbiq edilir?” – sualımızı cavablandıran Babəkar sərhəd zastavasının baş leytenantı Qoşqar Behbudzadə dedi:  

– Pozuculara qarşı odlu silahın tətbiqi son zərurətdir. Sərhəd pozucuları ilə mübarizə hüquq-mühafizə orqanlarının təlimatına uyğun tənzimlənir. Dövlət sərhədini pozan silahlı müqavimət göstərdikdə və digər hallarda sərhəd naryadı qanunla müəyyən olunmuş qaydalarla silah tətbiq edir. DSX-nin Sərhəd Qoşunları istənilən şəraitdə peşəkar heyəti, gecəgörmə cihazları, dronlar, termal kameralar, eləcə də son nəsil texnoloji vasitələrlə dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirir. Bizdə “KS 205” müşahidə sistemləri də mövcuddur. Həmin sistemlər çətin relyefdə sərhəd pozucularını vaxtında aşkar edir. Dövlət sərhədinin toxunulmazlığı daim nəzarətimizdədir. Sərhədlərimizi etibarlı şəkildə mühafizə və müdafiə edirik.

Həmsöhbət olduğumuz DSX-nin Sərhəd Xidmətinə Nəzarət Komandanlığının polkovnik-leytenantı Elnur Abdullayev isə bildirdi:

– Bu il aprelin 14-də bir güllə belə atılmadan işğaldan azad edilən Qazaxın 4 kəndində sərhədçilər xidməti yüksək səviyyədə təşkil ediblər. Sərhədboyu qanunsuz ovçuluğun, ağac kəsiminin və təbiətə zərər vuran digər fəaliyyətlərin də qarşısını almaq üçün xidmətlər təşkil edilib. Sərhədçilər belə hallarda təcili müdaxilə edərək, ekosistemin pozulmasının qarşısını alırlar. 

Sərhəd ərazilərində yaşayan əhali maarifləndirilir, təbiətin qorunmasının əhəmiyyəti onlara da çatdırılır. Bu, əhalinin təbii sərvətləri qorumağa daha məsuliyyətli yanaşmasını təmin edir. Sərhədçilər xidmət etdikləri ərazidə mədəni abidələri, flora və faunanı da qoruyurlar. Hazırda dayandığımız Daşsalahlı kəndindəki “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu VII əsrin yadigarıdır. Qoruq DSX-nin Sərhəd Qoşunları və Mədəniyyət Nazirliyi tərəfindən mühafizə olunur. 

Qazax rayonunun işğaldan azad olunan Xeyrimli kəndində DSX-nin Sərhəd Qoşunlarının hərbçiləri xidmət göstərirlər. Bir neçə metr irəlidə delimitasiya olunmuş Azərbaycan–Ermənistan sərhədi görünürdü. Zastavanın xidmət göstərdiyi ərazidə üçrəngli Azərbaycan bayrağı dalğalanır. General-leytenant Araz Məmmədov Xeyrimli kəndində qeyd etdi ki, gələn il rayonun işğaldan azad olunan bu məntəqəsində, eləcə də, Aşağı Əskipara, Bağanis Ayrım və Qızılhacılı kəndlərində yeni zastavalar tikiləcək. Xeyrimli kəndindəki indiki zastava müvəqqəti qurulub.

Bu gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığı quruda sərhəd mühafizəsini təmin edən və ölkənin strateji maraqlarını qoruyan əsas qurumlardan biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında ciddi inkişaf yolu keçmiş Azərbaycan sərhəd mühafizəsi güclü mühafizə infrastrukturu, peşəkar kadrları, müasir silah və texnikası olan və  qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra etməyə qadir silahlı qüvvədir. Bunun nəticəsidir ki, iqlimindən, coğrafi relyefindən, çətin şəraitindən asılı olmayaraq, Vətənimizin quru sərhədləri sayıqlıqla qorunur, ölkəmizin sərhəd təhlükəsizliyi və suverenliyinin toxunulmazlığı yüksək səviyyədə təmin olunur.   

Rizvan FİKRƏTOĞLU 
XQ

Bakı–Şəmkir–Qazax–Bakı

 

Seçilən
28
1
xalqqazeti.az

10Mənbələr