AZ

Kəlbəcər: Qələbə və azadlığın simvolu

Mahir Süleymanlı

Milli Məclisin deputatı

25 Noyabr – Kəlbəcər Şəhəri Günü Azərbaycanın zəngin tarixi və təbii sərvətləri ilə seçilən Kəlbəcər rayonunun Ermənistan işğalından azad olunmasının ildönümünə həsr olunmuşdur. Bu əlamətdar hadisə, həm ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, həm də Kəlbəcərin bərpası yolunda qazanılan tarixi Qələbənin təcəssümüdür.

Ölkəmizin qərbində - Ermənistanla sərhəddə yerləşən Kəlbəcər, dağlıq relyefi ilə fərqlənir. Təbii sərvətləri ilə zəngin olan bu ərazidə Tərtər çayı və müalicəvi İstisu mineral bulaqları xüsusi yer tutur. Eyni zamanda, qızıl yataqları, qiymətli meşələri və bol su ehtiyatları ilə Kəlbəcər iqtisadi baxımdan strateji əhəmiyyət daşıyır. Rayonun işğaldan azad olunması ilə bu sərvətlər Azərbaycanın ümumi inkişafına töhfə verməyə başlamışdır.

1993-cü il aprelin 3-də müstəsna strateji əhəmiyyətə malik Kəlbəcər rayonunun işğal olunması nəticəsində bölgə ağır dağıntılara, insan tələfatına məruz qaldı. İşğal zamanı minlərlə dinc sakin öz doğma yurdlarından məcburi köçkün düşdü, bölgənin tarixi və mədəni irsi məhv edildi, təbii sərvətləri qanunsuz şəkildə istismar olundu. Bu işğal həm də Azərbaycanın digər Qarabağ rayonlarına təzyiq göstərmək üçün strateji vasitəyə çevrildi. Kəlbəcərin işğalı Azərbaycanın Ermənistanla birbaşa coğrafi əlaqəsini kəsdi və rayonun strateji mövqeyi erməni hərbi qüvvələrinin hərbi-siyasi üstünlük əldə etməsinə şərait yaratdı.

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 2020-ci ilin 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına İkinci Qarabağ müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı.

Kəlbəcər rayonu isə 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanata əsasən, 25 noyabr tarixində Ermənistanın işğalından tam azad edildi. Bu tarixi hadisə, Azərbaycan xalqının milli birliyinin və qətiyyətinin ən böyük nümunələrindən biridir.

Ölkəmizin dilbər guşələrindən biri olan Kəlbəcər, Azərbaycanın qədim yaşayış məskənlərindən hesab olunur. Arxeoloji tədqiqatlar göstərir ki, burada hələ eramızdan əvvəl III-II minilliklərdə yaşayış məskənləri mövcud olmuşdur. Qədim petroqliflər Kəlbəcərin min illər boyu insan yaşayışının mərkəzi olduğunu təsdiqləyir. Burada Qafqaz Albaniyasına aid dini və mədəni abidələr, o cümlədən Söyüdlü məbədi bölgənin qədim mədəni irsinin göstəricisidir.

Prezident İlham Əliyev Kəlbəcərin bərpasını ölkənin prioritet istiqamətlərindən biri elan edərək, bölgənin infrastrukturunun yenidən qurulması, sakinlərin doğma yurdlarına qayıdışı üçün şərait yaradılması və sosial-iqtisadi inkişafı ilə bağlı genişmiqyaslı işlərin əsasını qoymuşdur. Dövlətimizin başçısı dəfələrlə Kəlbəcərə səfərlər etmiş, bərpa işlərini şəxsən nəzarətdə saxlayaraq, bu işlərin sürətlə və yüksək keyfiyyətlə həyata keçirilməsini təmin etmişdir. Bu rayonun yenidən qurulması Azərbaycanın Zəfərindən sonra həyata keçirilən ən mühüm layihələrdən biri olaraq, cənab İlham Əliyevin sarsılmaz iradəsi və xalqına bağlılığının bir daha göstəricisidir.

Bu rayonun azad edilməsindən sonra Azərbaycan hökuməti bölgədə genişmiqyaslı yenidənqurma və bərpa işlərinə start verdi. Həmin layihələr həm tarixi irsin qorunmasına, həm də rayonun iqtisadi və sosial inkişafına yönəlmişdir. Müalicəvi mineral bulaqları ilə tanınan İstisu, turizm potensialını artırmaq və bölgəyə iqtisadi töhfə vermək məqsədilə bərpa olunur.

Kəlbəcər və Laçını birləşdirən yeni yolların tikintisi bölgənin ölkənin digər hissələri ilə əlaqəsini gücləndirir. Tarixi abidələrin bərpası və yeni turizm marşrutlarının yaradılması Kəlbəcərin potensialını artırır.

Rayonun zəngin təbii sərvətləri və təmiz dağ iqlimi ekoturizmin inkişafı üçün unikal imkanlar yaradır. Eyni zamanda, məhsuldar dağlıq torpaqlar kənd təsərrüfatının inkişafına şərait yaradır və bölgədə həyatın dirçəlməsinə töhfə verir.

25 noyabr təkcə Kəlbəcərin azad edilməsi günü deyil, eyni zamanda xalqımızın milli qürurunun, Vətən sevgisinin və ölkəmizin ərazi bütövlüyünün rəmzidir. Məhz həmin gün Kəlbəcər sakinləri və Azərbaycan xalqı üçün tarixi ədalətin bərpasını və Vətən torpaqlarının yenidən canlanmasını təcəssüm etdirir.

Kəlbəcər Şəhəri Günü xalqımızın birliyinin, əzmkarlığının və gələcəyə olan ümidlərinin bir rəmzi kimi qeyd edilir. Bu tarix, həm də gənc nəslə Vətənə bağlılıq hissini aşılamaq üçün mühüm bir fürsətdir. Beləliklə, Azərbaycanın gələcək inkişafı üçün yeni bir mərhələ başladı. Bu tarixi hadisə, xalqımızın milli iradəsini, tarixi təcrübələrindən çıxardığı dərsləri, yeni uğurlara və hədəflərə olan qətiyyətini əks etdirir.

Seçilən
6
6
modern.az

7Mənbələr