AZ

COP29: Azərbaycan Tərəflər Konfransının lider tərəfi oldu

BMT-nin 29-cu iqlim sessiyasının bağlanış plenar iclasının gərgin keçməsi, lakin uzun müzakirələrin sonunda uğurlu razılaşmanın əldə edilməsi iqlim dəyişikliyi ilə mübarizə tarixinə qızıl hərflərlə yazıldı. Beynəlxalq liderlər, diplomatlar və iqlim mütəxəssislərinin saatlarla davam edən danışıqlarının yekununda iki qütb–inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığın yeni keyfiyyət mərhələsinin əsası qoyuldu. Yeni razılaşmaya əsasən, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim tədbirləri– təbii fəlakətlərin zərərini azaldılması, bərpaolunan enerji keçidinin dəstəklənməsi və yoxsulluğun azaldılması məqsədilə hər il 100 milyard dollar əvəzinə 2035-ci ilə qədər 300 milyard dollar vəsait ayırması öhdəliyi götürməsi qərara alındı.

Bağlanış mərasimində BMT Baş katibi Antonio Quterreş çıxışında həm hökumətləri, həm də qlobal ictimaiyyəti bundan sonra da iqlim dəyişikliyinə qarşı mübarizədə daha fəal olmağa, iddialı addımlar atmağa səslədi, eyni zamanda, bu məsələdə xüsusilə G20 ölkələrinin dəstəyinə daha çox ehtiyac duyulduğunu vurğuladı.

Antonio Quterreş Azərbaycana COP29 sammitinə uğurla ev sahibliyi etdiyinə və konfransın təşkilini yüksək səviyyədə həyata keçirdiyinə görə minnətdarlığını bildirdi. Baş katib Azərbaycan Prezidenti İlham Əliyevə, COP29 prezidenti Muxtar Babayevə və iqlim konfransı komandalarına təşəkkürünü çatdıraraq dedi: “Bakı iqlim mübarizəsində beynəlxalq həmrəyliyin və əməkdaşlığın simvoluna çevrildi. Azərbaycan bu sammitlə qlobal problemlərin həllində nə qədər əhəmiyyətli rol oynadığını bir daha sübut etdi”.

A.Quterreş iqlim tədbirlərinin sürətləndirilməsinin vacibliyini diqqətə çatdırdı, eyni zamanda, bütün ölkələri öz iqlim planlarını yeniləməyə və daha iddialı hədəflər müəyyənləşdirməyə çağıraraq bildirdi: “COP29-da əldə olunan razılaşma bir başlanğıc nöqtəsidir. Bu razılaşmaya yalnız bir təməl kimi yanaşılmalıdır. Hər bir ölkə bu təməl əsasında fəaliyyət göstərərək öz iqlim hədəflərini yenidən nəzərdən keçirməli və daha irəliyə getməlidir. Bu mübarizə uzun, lakin qaçılmazdır”.

BMT Baş katibinin bu sözlərindən belə bir nəticəyə gəlmək olur: 29-cu iqlim konfransının uğurlu yekunu ilə iqlim dəyişikliyinə qarşı qlobal mübarizənin yeni bir mərhələsi başlanır. Sessiyanın yekununda əldə edilən razılaşma gələcəkdə ən mürəkkəb iqlim problemlərinin əməkdaşlıq və birgə iradə ilə həllini şərtləndirir, eyni zamanda, bu razılaşma təkcə inkişaf etmiş ölkələrin deyil, həm də bütün planetin xoşbəxt gələcəyinə dərin inam yaradır.

COP29-un son plenar iclasının gecə yarıya qədər davam etməsi və uğurla yekunlaşması isə çoxunun yuxusuna haram qatdı. Bu nüfuzlu konfransın Azərbaycanda keçiriləcəyi ilə bağlı yekdil qərar imzalandığı ilk günlərdən ta indiyədək Fransa, ABŞ, Niderland, Norveç, Almaniya və digər ölkələrın respublikamıza qarşı qarayaxma, təzyiq kampaniyaları səngimədi. İstəkləri ürəklərində qaldı. Qarabağ savaşında olduğu kimi, ədalətsiz, haqsız çağırışları, şər-böhtanları heç bir bir nəticə vermədi, konfrans vurğuladığımız kimi, uğurlu sonluqla yekunlaşdı. Şübhəsiz ki, BMT kimi nüfuzlu bir təşkilatın Baş katibi A.Quttereşin belə bir taleyüklü sessiyanı yüksək səviyyədə yekunlaşdırdığına görə, Azərbaycana təşəkkürünü bildirməsi də işğalçı Ermənistanın havadarlarının ürəklərinə çalın-çarpaq dağ çəkdi.

Qeyd edək ki, bütün ölkələr, o cümlədən Ermənistan COP29-a dəvət edilmişdi. Əlbəttə, bu dəvət, çağırış Azərbaycanın sülhpərvər bir ölkə olmasından irəli gəlməklə yanaşı, həm də iqlim fəlakətləri ilə bağlı ölkələrin birlik, həmrəylik missiyasına sadiqliyi ilə bağlı idi. Eyni zamanda dünyanın sülhpərvər qütbü bu dəvəti Azərbaycanın 30 illik münaqişədə Ermənistanla arasındakı münasibətlərin normallaşması istəyindən irəli gələn müsbət bir addım kimi dəyərləndirmişdi.

Bir sözlə, Azərbaycana qarşı “səlib yürüşü” iştirakçılarının, bu iqlim konfransını siyasi şouya çevirmək istəyənlərin, suyu bulandırmağa cəhd göstərənlərin bütün cəhdləri nəticəsiz qaldı. Bəşəriyyəti iqlim fəlakətindən xilas missiyasını üzərinə götürən BMT-yə, xüsusilə Azərbaycana qarşı yönələn bu çirkin oyun Don Kixotun yel dəyirmanı ilə mübarizəsini xatırlatdı.

Yeri gəlmişkən, Azərbaycana qarşı aparılan bu qarayaxma kampaniyasının, ədalətsiz təhdidlərin arxasında erməni diasporu və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbi təşkilatları dayanır. Onlar anlamaq istəmirlər ki, Azərbaycana qarşı yönəldilən bu çirkin siyasət indiyədək olduğu kimi, bundan sonra da heç bir bir nəticə verməyəcək.

***

BMT-nin Baş katibi Antonio Quterreş bəyanatında COP29-da əldə olunan razılaşma ilə iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasının qoyulduğunu bildirib. Baş katib daha sonra vurğulayıb: “29-cu iqlim konfransında əldə olunan razılaşma qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədini möhkəmlətmək üçün həyati əhəmiyyət daşıyır. Ölkələr bu sammitdə üzərlərinə düşən vəzifənin öhdəsindən gəldilər. Fikrimcə, maliyyələşdirmə və yumşaldılmada indiki nəticə gələcək fəaliyyət üçün möhkəm əsas verir”.

Baş katib daha sonra deyib: “Qonaqpərvərliyə görə Azərbaycan hökumətinə, COP29-un prezidenti Muxtar Babayevə, onun komandasına göstərdikləri gərgin əməyə görə təşəkkür edirəm”.

BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Still də COP29-un yüksək səviyyədə keçirilməsinə və bu iqlim konfransında müsbət nəticələr əldə olunmasına görə, Azərbaycan hökumətinə razılığını ifadə edib.

S.Still COP29-un yekun plenar sessiyasında Azərbaycana iqlim maliyyələşdirilməsi sahəsində çətin hədəfə uğurla nail olduğu üçün təşəkkür edib: “Bu, çətin yol idi, amma biz müəyyənləşdirilən məqsədə çatdıq. Bu yeni maliyyə hədəfi, hər bir ölkəyə artan iqlim təsirləri şəraitində bəşəriyyət üçün sığorta polisidir”. O əlavə edib ki, hər hansı bir sığorta polisi kimi, yalnız bütün ödənişlər tam və vaxtında həyata keçirildiyi halda işləyir.

Onun sözlərinə görə, bu qərar bütün ölkələrə iş yerləri yaratmağa, daha sürətli iqtisadi inkişafı gerçəkləşdirməyə, hamı üçün daha ucuz və təmiz enerjinin əldə olunmasını sürətləndirməyə, eləcə də təmiz enerji bumunu genişləndirməyə əlverişli şərait yaradacaq. Bu, iqlim böhranının ön cəbhəsində gələnlər, xüsusən də ən həssas olanlar üçün real müdafiə tədbirlərini maliyyələşdirməyə kömək edəcək.

COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-un yekun plenar sessiyasında bildirib ki, COP29 sədrliyi işini davam etdirəcək və Braziliyanın COP30-a sədrlik fəaliyyətinə dəstək verəcək: “Biz hamıya yeni milli səviyyədə müəyyənləşdirilmiş töhfələrin fevrala qədər təqdim olunmasını tövsiyə edəcəyik. Braziliyanın gələcək sədrlik fəaliyyətini dəstəkləyəcəyik və Rio konvensiyaları arasında tərəfdaşlıq əlaqələrini gücləndirməyə davam edəcəyik”.

M.Babayev, həmçinin COP29 konfransının bütün iştirakçılarına Azərbaycana iqlim məsələsində göstərdikləri etimada görə təşəkkürünü bildirib. “Bu imkanları bizə verdiyiniz üçün minnətdaram. Gəlin, birlikdə gələcəyə doğru irəliləyək və “yaşıl” dünya naminə həmrəyliyimizi nümayiş etdirək”, – o əlavə edib.

BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersen Bakıda COP29-un yekunları barədə danışarkən bildirib ki, 29-cu iqlim konfransı ilə quracağımız gələcəyin təməli qoyulub. BMT-nin fəaliyyətində iqlim dəyişikliyi ilə mübarizə, xüsusilə inkişaf etməkdə olan ölkələrdə daha şəffaf və inklüziv maliyyələşməyə nail olmaq qarşıya mühüm vəzifə kimi qoyulub.

İ.Andersenin sözlərinə görə, ciddi tədbirlər görülməsə, iqlim dəyişikliyi daha da güclənəcək. BMT-nin Ətraf Mühit Proqramı bütün maraqlı tərəflərlə işləməyə davam edəcək. Maliyyələşmənin ən səmərəli şəkildə, yerlərdə ona ən çox ehtiyacı olan icmalar üçün maksimum bölüşdürülməsi gerçəkləşdiriləcək.

Britaniyanın xarici işlər naziri Devid Lemmi isə özünün “X” sosial media şəbəkəsindəki paylaşımında COP29 razılaşmasının mühüm bir addım olduğunu bildirib. Nazir paylaşımında daha sonra vurğulayıb ki, yeni iqlim maliyyələşdirilməsi hədəfi qlobal iqlim tədbirlərini sürətləndirməyə kömək edəcək. Bununla da həm Britaniyanın gələcək rifahı və təhlükəsizliyi, həm də planetimizi getdikcə təhlükəli xarakter alan iqlim böhranından qorunması həyati əhəmiyyət daşıyacaq.

İqlim məsələləri üzrə Avropa Komissarı Vopke Hukstra COP29-un bağlanış plenarında konfransın iqlim maliyyəsində yeni eranın başlanğıcı kimi xatırlanacağını vurğulayıb. O bildirib ki, hazırda dünya son dərəcə çətin geopolitik dövrdən keçir və belə zamanda vəziyyətin düzələcəyi ilə bağlı hissə qapılmaq doğru olmaz: “Belə bir məqamda yekun razılığa gəlmək çox böyük nailiyyətdir. Hər birimiz daha çox maliyyə təmin etmək üçün gərgin əmək sərf etdik. 100 milyard ABŞ dollarI hədəfini 3 dəfə artırdıq. Bu, daha real hədəfdir. Biz maliyyəni gələcəkdə artırmağı da qəbul edirik. İqlim qarşısında daha müdafiəsiz ölkələrə dəstək olmaq üçün çox çalışdıq və onların maliyyəyə əlçatanlığı təmin olunacaq”.

Braziliyanın ətraf mühit və iqlim naziri Marina Silva mətbuat konfransında COP29-da adaptasiya gündəlikləri ilə bağlı irəliləyişin həssas ölkələr üçün mühüm önəm daşıdığını, vətəndaşların həyatını, ərzaq təhlükəsizliyini, cəmiyyətin rifahı naminə zəruri maraqların qorunması istiqamətində inkişaf edən və həssas ölkələr üçün vacib olduğunu bildirib.

Marina Silva, həmçinin deyib ki, 9 illik intensiv danışıqlar və müzakirələrdən sonra karbon kreditini həyata keçirə biləcək strukturların axtarışında uğur əldə edilib: “Biz Braziliyada bu prosesin, həqiqətən, maksimum dürüstlüklə və şəffaf olması üçün işləməyə davam edəcəyik. Çünki başa düşürük ki, karbon bazarı inkişaf etməkdə olan ölkələrin bütün problem və ehtiyaclarını həll edəcək universal həll olmasa da, vacib bir vasitədir”.

Paris Sazişi və karbon bazarlara “yaşıl” işıq

COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev 29-cu iqlim konfransının noyabrın 23-də keçirilən bağlanış plenar iclası barədə məlumat verərkən son iki həftə ərzində tərəflərin çox gərgin işlədiyini bildirdi, heç kimin Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmədiyini, dünyanın gözünün bu nüfuzlu tədbirə yönəldiyini vurğuladı. Braziliyanın ətraf mühit naziri Marina Silva ölkəsində keçiriləcək COP30 konfransının bütün ölkələr arasında möhkəmlənəcək əməkdaşlıq nümunəsinə çevrilməsinin Bakı sammitinin yekunlarından asılı olacağını diqqətə çatdırdı. O, üzləşilən böhranın qarşısının alınması üçün təsili tədbirlər görülməsinin zəruriliyini, Azərbaycanda razılaşmanın əldə edilməsinin yalnız tərəflər arasında həmrəyliyin formalaşmasından asılı olduğunu dedi.

Həmin gecə COP29 çərçivəsində keçirilmiş müzakirələrin hesabatları və iclasların protokolları, həmçinin razılaşdırılmış sənədlər təsdiqləndi. COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan edilməsi barədə qətnamə qəbul olundu.

Bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiq edildi. Bu, yüksək inteqrasiya olunan karbon bazarları üzrə danışıqların 10 ildən sonra uğurla başa çatması demək idi. COP29 Sədrliyinin əsas prioritetlərindən biri Paris Sazişi Tərəflərin intensiv ikitərəfli texniki və siyasi danışıqları vasitəsilə, nəhayət, tam təsdiqini tapdı. Bununla da illərlə davam edən adıçəkilən strateji sənədin reallaşdırılmasına yol açıldı.

Xatırladaq ki, Paris Sazişinin 6-cı maddəsi iqlimlə bağlı hədəflərə çatmaq məqsədilə əməkdaşlıq edən ölkələr üçün etibarlı və şəffaf karbon bazarlarının gerçəkləşdirilməsi nəzərdə tutulur. Bu transsərhəd əməkdaşlıq sayəsində ölkələrin milli iqlim planlarının həyata keçirilməsi nəticəsində xərclərin ildə 250 milyard dollara qədər azalcağı gözlənilir.

COP29 Sədrliyi Tərəfləri bu vəsaiti daha böyük iqlim ambisiyalarına yenidən investisiya yatırmağa təşviq edir. Gələn ilin fevral ayında təqdim ediləcəyi planlaşdırılan növbəti nəsil etibarlı və şəffaf karbon bazarlarının yaradılması dünyanın 1,5 dərəcə hədəfinə çatmaqda mühüm əhəmiyyət daşıyır.

Yeri gəlmişkən, iqlim diplomatiyasında ən mürəkkəb və texniki problemlərdən birinin həlli sayılan 6-cı maddə üzrə razılıq kömür zavodlarının istismardan çıxarılması, külək stansiyalarının qurulması və meşələrın salınması kimi məsələləri əhatə edir. Ekspertlərin fikrincə, bu, inkişaf etməkdə olan dünyada yeni investisiya dalğası deməkdir. Eyni zamanda, həmin maddə üzrə yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünün təmin edilməsini şərtləndirir.

Bu qərarın, real, əlavə, yoxlanıla və ölçülə bilən emissiyaların azaldılması və aradan qaldırılması vasitəsilə karbon bazarlarının şəffaflığını və dayanıqlılığını təmin etməkdə, qlobal iqlim investisiyalarına təkan vermək üçün böyük potensialı üzə çıxarmaqda önəmli rol oynayacağı gözlənilir. Ümumiyyətlə, bu istiqamətdə qəbul edilmiş təlimatlar və qaydalar karbon layihələrinin praktikliyinin və inklüzivliyinin qorunub saxlanmasını təmin etmək üçün nəzərdə tutulur. Həmin təlimatlar və qaydalar elə təşkil olunub ki, onlar karbon layihələrinin öz praktikliyinin və inklüzivliyinin qorunub saxlanmasını təmin edir, insan hüquqlarına hörmət bəsləyir və davamlı inkişafa dəstək göstərir, o cümlədən ölkələrə və layihə tərtibatçılarına Paris Sazişi çərçivəsində inamla əməkdaşlıq etmək imkanı verir.

Karbon bazarlarının fəaliyyətinə “yaşıl” işıq yandırılması COP29 bağlanış plenar iclası iştirakçıları tərəfindən yüksək dəyərləndirilib. Braziliyanın ətraf mühit naziri Marina Silva plenar iclasın birinci hissəsinin yekunlarına dair mətbuat konfransında karbon bazarlarının yaradılması istiqamətində mühüm addım atıldığını bildirib. Nazir vurğulayıb ki, Paris Sazişinin 6.2 və 6.4-cü bəndləri son dərəcə texniki və təfərrüatlıdır, həmçinin bir çox ölkələrin milli qanunvericiliyinin aspektlərini ehtiva edir. “Bu, heç vaxt sövdələşmə vasitəsi kimi görünmürdü: inkişaf etməkdə olan bir çox ölkələr də karbon bazarının yaradılmasını müdafiə edirdilər. Beləliklə, məsələ təkcə inkişaf etmiş ölkələrə aid deyildi, əksinə, xeyli sayda inkişaf etməkdə olan ölkə də bu təşəbbüsü dəstəklədi. Bu, həqiqətən uzun bir proses idi. Biz indi davamlı və ekoloji bütövlüyü gerçəkləşdirən karbon bazarı yaratmaq üçün irəliləyə bilərik, bu, bizim əsas prioritetimizdir”.

Nazir, eyni zamanda qeyd edib ki, maliyyə ilə əlaqədar öhdəliklərə sadiqlik məsuliyyəti olmalıdır. İnkişaf etməkdə olan ölkələr yoxsulluqla bağlı problemləri həll etmək üçün maliyyə mənbəyi tələb etmir. Ayrılan vəsait bu məsələyə hər nə qədər təsir göstərsə də, əsas məqsəd iqlim hadisələrinin qarşısını almaq üçündür.

***

Azərbaycanın ev sahibliyi etdiyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tarixin yaddaşına köçdü. Bu mötəbər iqlim tədbiri indiyədək keçirilmiş COP-ların ən uğurlusu kimi yadda qalacaq. Təkcə onu qeyd etmək kifayətdir ki, dünya dövlətləri qlobal iqlim dəyişikliklərinin mənfi təsirlərini azaltmaq üçün tələb edilən maliyyə razılaşmasına məhz Azərbaycan paytaxtında nail oldular. Belə ki, iqlim tədbirinin sonuncu günündə, noyabrın 23-də iştirakçılar karbon bazarları barədə razılaşma sənədinə imza atdılar. Bununla da, dünya ictimaiyyətinin COP29-dan ən mühüm gözləntisi gerçəkliyə çevrildi.

Məlum olduğu kimi, Paris sazişinin karbon emissiyalarının ticarəti və karbon vergilərini özündə ehtiva edən 6-cı maddəsi uzun illər idi ki, iqlimlə bağlı tədbirlərin əsas mövzusu idi. Hətta ötən il Dubayda keçirilmiş COP28 zamanı sözügedən maddənin razılaşdırılmasına böyük ümidlər bəslənilsə də, bu mümkün olmadı. Bu da qlobal iqlim dəyişiklikləri ilə mübarizəyə əlavə vəsaitin cəlb edilməsinə mane olurdu. Azərbaycan paytaxtında isə tərəflər bu sazişin 6.2, 6.4 və 6.8-ci maddələrini razılaşdırmaqla karbon bazarının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tam nəzarəti altında fəaliyyətinə yaşıl işıq yandırdılar. Xatırladaq ki, bu maddə ölkələr arasında mitiqasiya tədbirlərinin nəticələrinə dair əməkdaşlıq edilməsini nəzərdə tutur. Belə ki, dövlətlər karbon qazlarının emissiyasının azaldılması və bu qazların meşələr vasitəsilə emal edilməsi üzrə həyata keçirdikləri tədbirləri barədə bir-birinə hesabat verməli, həmçinin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrində bunu göstərməlidirlər. Yeri gəlmişkən, Dünya Bankının “2024-cü ildə karbon qiymətlərinin vəziyyəti və trendləri” adlı icmal hesabatına əsasən, beynəlxalq təcrübədə birbaşa və dolayı qiymətləndirmə mexanizmlərinin tətbiqi geniş yayılıb.

Paris sazişinin 6.4-cü maddəsi iqlim fəaliyyətinə dair hədəflərə çatmaq məqsədilə əməkdaşlıq edən ölkələr üçün etibarlı və şəffaf karbon bazarlarının yaradılması, karbon kreditlərinin verilməsini nəzərdə tutur. Bakı razılaşmasından sonra dövlətlər ikitərəfli deyil, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının cəlb olunması və nəzarəti ilə əməkdaşlığı həyata keçirəcək. Yəni, artıq dövlətlər bir-birlərinə karbon kreditləri sata biləcəklər.

Bəs, karbon bazarı, və ya karbon ticarəti nə deməkdir? Hər şeydən əvvəl qeyd edək ki, son illər dünya dövlətlərinin qlobal iqlim dəyişikliyinin təsirlərini minimuma endirmək, ətraf mühiti bərpa etmək və təmiz ekoloji mühit yaratmaq üçün tam səfərbər olunduğu hazırkı şəraitdə ekoloji tarazlığın qorunması üçün müxtəlif vergilərin və mexanizmlərin tətbiqi nəzərdə tutulur. Bu baxımdan karbon ticarəti aktuallığını getdikcə artırır. Karbon emissiya ticarəti (karbon bazarı, emissiya ticarəti) karbon qazı (CO2) və digər istixana qazları üçün nəzərdə tutulmuş emissiya ticarəti sxeminin bir növüdür. Bu, karbon qiymətlərinin bir formasıdır. Onun məqsədi emissiyalar üçün məhdud ehtiyatlarla bazar yaratmaqla iqlim dəyişikliyinin mənfi təsirlərini azaltmaqdır. Belə ki, bu mexanizm çərçivəsində hər bir dövlətin illik karbon qazı emissiyası norması müəyyənləşəcək. Normadan az karbon qazı emissiya edən dövlətə istifadə etmədiyi payı normalardan artıq karbon qazı buraxan dövlətlərə satmaq imkanı yaradılacaq. Məsələn, hər hansı bir ölkə Birləşmiş Millətlər Təşkilatının müəyyən etdiyi CO2 qazı emissiyası normasını keçmirsə, o zaman həmin dövlət yerdə qalan kvotanı sata bilər. Bu kvotaları isə normadan artıq emissiya edən ölkələr əldə edə bilərlər.

Əsasən inkişaf etmiş ölkələrin daha çox karbon qazı emissiyası ilə bağlı müəyyən edilmiş normaların onları qane etməyəcəyi nəzərə alınsa, bu mexanizm inkişaf etməkdə olan və kasıb ölkələrə əlavə vəsaitin cəlb edilməsinə imkan yaradacaq. Yeri gəlmişkən, iqlim dəyişikliyinin əsas hərəkətverici amili sayılan qalıq yanacaqlar CO2 emissiyalarının 89 faizini, bütün istixana emissiyalarının isə 68 faizini təşkil edir. Ekspertlər deyirlər ki, emissiya ticarəti bütün iştirakçı emitentlər tərəfindən istehsal olunan emissiyalara ümumi limit təyin etməklə işləyir. Nəticədə, qiymət avtomatik olaraq bu hədəfə uyğunlaşır. Bu, sabit karbon vergisi ilə müqayisədə əsas üstünlükdür. Daha az emissiyaya malik olan müəssisə karbon emissiya hüququnu digər müəssisələrə satır. Yaxud bir ölkə atmosferə qazlar buraxır, digərində isə çoxlu ağac var və ağaclar karbon qazını udur. Bu zaman atmosferə qaz buraxan ölkə, meşələri olan ölkəyə pul ödəyir.

Artıq dünya ictimaiyyəti, ekoloqlar, xüsusən də COP29-un iştirakçıları Bakıda əldə olunmuş uğurları yüksək qiymətləndirilər. Məsələn, Braziliyanın ətraf mühit və iqlim naziri Marina Silva COP29-un bağlanış plenar iclasının birinci hissəsinin nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib ki, Bakı iqlim konfransında karbon bazarlarının yaradılması istiqamətində mühüm addım atıldı. Karbon bazarının yaradılmasının ekoloji bütövlüyün təmin edilməsi üçün prioritet olduğunu vurğulayan nazirin sözlərinə görə, maliyyə ilə əlaqədar öhdəliklərə sadiqlik məsuliyyəti olmalıdır.

Nazir deyib ki, ayrılan vəsait bu məsələyə hər nə qədər təsir göstərsə də, əsas məqsəd iqlim hadisələrinin qarşısını almaq üçündür: “Karbon bazarının yaradılmasını təkcə inkişaf etmiş deyil, həm də bir çox inkişaf etməkdə olan ölkələr dəstəkləyib. Beləliklə, bu təşəbbüs çoxsaylı ölkələr üçün ümumi vəzifəyə çevrilib. Müzakirə prosesi doqquz il davam edib - bu, həqiqətən uzun və çətin yol olub. Layihənin qəbulundan sonra səslənən alqışlar bütün iştirakçıların bu mərhələni başa çatdırmağa can atdığını aydın göstərdi. İndi biz irəli gedə, davamlı və ekoloji dayanıqlığı təmin edəcək karbon bazarı yarada bilərik. Bu, bizim əsas prioritetimiz olaraq qalır”.

İtki və Zərər Fondunun fəaliyyətə başlamasını təmin edən tarixi qərar

Sözükeçən gərgin gecədə inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbirsizliklə gözlədiyi bir məsələdə həllini tapdı–İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını gerçəkləşdirən tarixi qərar qəbul olundu. Əslində, bu, Prezident İlham Əliyevin iqlim dəyişmələrinin fəsadlarının kiçik ada ölkələrinə törətdiyi çətinliklərin həlli məsələsinin COP29 Sədrliyinin prioriteti kimi müəyyən edilməsinə uyğunlaşdırılması idi.

Xatırladaq ki, İtki və Zərər Fondunun yaradılması Misirdə keçirilmiş COP27 zamanı qərara alınıb. Əsas məqsəd isə bu maliyyə qurumunun iqlim dəyişmələrinin təsirlərinə ən həssas ölkələrə maliyyə yardımı göstərmək olub. Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş COP28 zamanı Fondun fəaliyyətə başlaması ilə bağlı qərar qəbul olunub. COP29 Sədrliyi tərəfindən isə İtki və Zərər Fondunun fəaliyyətinin gerçəkləşdirilməsi istiqamətində mühüm addımlar atılıb, bu istiqamətdə İdarə Heyəti və Dünya Bankı ilə sıx əməkdaşlığa başlanılıb.

Cari ilin sentyabrında İtki və Zərər Fondu İdarə Heyətinin Bakıda keçirilmiş 3-cü iclası zamanı adıçəkilən qurumun fəaliyyətə başlaması üçün vacib tədbirlər görülüb, Fondun icraçı direktoru təyin edilib. COP29 çərçivəsində isə İtki və Zərər Fondu ilə bağlı bir sıra mühüm sazişlər imzalanıb. Bunlar Fondun İdarə Heyəti ilə Dünya Bankı arasında “Qəyyumluq Sazişi” və “Katibliyin Ev Sahibliyi Sazişi”, eləcə də fondun İdarə Heyəti ilə ev sahibi ölkə olan Filippin Respublikası arasında imzalanmış “Ev Sahibi Ölkəyə dair Saziş”dir. Hazırda fonda vəd edilən ümumi maliyyə dəstəyinin məbləği 730 milyon ABŞ dollarından artıqdır. Əldə edilən bu nailiyyətlərlə İtki və Zərər Fondu 2025-ci ildən etibarən layihələri maliyyələşdirə biləcək. Bu, Azərbaycanın COP29 Sədrliyinin növbəti uğurudur.

Çoxtərəfli İnkişaf Bankları (MDB-lər) 2030-cu ilə qədər iqlim tədbirlərinə illik 170 milyard ABŞ dolları töhfə verməyi, bunun 120 milyard ABŞ dollarının aşağı və orta gəlirli ölkələrə yönəldiləcəyini açıqlayıblar.

İtki və Zərər Fondunun 2025-ci ilə qədər maliyyə ayırmağa hazır olmasını təmin edərək, töhfə verən tərəflərin razılaşmalarını və vədlərini əldə edib, həmçinin Filippinlə ev sahibi ölkə müqaviləsinin imzalanması və Dünya Bankı ilə ev sahibi və qəyyumluq müqavilələri imzalanması təmin edilib.

İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması gerçəkləşib

Bağlanış plenar iclasında Paris Sazişinin 13-cü maddəsinə uyğun olaraq İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması, eləcə də bununla əlaqədar inkişaf etməkdə olan ölkələrə maliyyə və texniki dəstəyin göstərilməsinə dair qərar qəbul olunub. Qərar Paris Sazişinin 13-cü maddəsi ilə yaradılan Zənginləşdirilmiş Şəffaflıq Çərçivəsinin həyata keçirilməsi, o cümlədən inkişaf etməkdə olan ölkələr tərəfindən İkiillik Şəffaflıq Hesabatlarının hazırlanmasına maliyyə və texniki dəstəyin göstərilməsi nəzərdə tutulub. Sənəddə COP29 Sədrliyinin təşəbbüsü olan Bakı Qlobal İqlim Şəffaflığı Platforması da yer alıb.

Həmin qərarda COP29 Sədrliyinin iqlim şəffaflığı sahəsində həyata keçirdiyi tədbirlər, o cümlədən iqlim şəffaflığına həsr olunmuş bir sıra forumlar və qabiliyyət quruculuğu təlimlərinin təşkili, COP29-un iqlim şəffaflığı sahəsində əsas irsi olan Bakı Qlobal İqlim Şəffaflığı Platformasının yaradılması tərəf dövlətləri tərəfindən alqışlanıb.

İqlim sammitində Yeni Kollektiv Kəmiyyət Hədəfi

Plenar iclasın davamında yeni iqlim hədəfi qəbul olunub. Belə ki, COP29-un əsas prioriteti olan iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi qəbul olunub.

Sənədə əsasən, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək, ən azı, 300 milyard ABŞ dollarına çatdırılması təmin ediləcək. Bu vəsait dövlət, özəl, habelə çoxtərəfli mənbələr daxil olmaqla bütün mümkün mənbələr hesabına təmin olunacaq. Sənəd inkişaf etməkdə olan ölkələri könüllülük prinsipi əsasında iqlim maliyyəsinə töhfə verməyə çağırır.

Yeri gəlmişkən, bağlanış plenar iclasında Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi razılaşmasını elan edib. BMT-nin İqlim Sammiti üçün COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan uğur əvvəlki 100 milyard ABŞ dolları həcmində iqlim maliyyəsi hədəfindən əhəmiyyətli dərəcədə artım deməkdir və qlobal investisiyaların yeni dalğasına təkan verəcəkdir.

Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir. Bu, COP29 Sədrliyi tərəfindən 48 saatlıq intensiv diplomatik fəaliyyətin nəticəsidir. Burada az inkişaf etmiş ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə xüsusi diqqət yetirilir. Bu sənəddə əlçatanlıq və şəffaflıq haqqında müddəalar da əksini tapıb.

Bu irəliləyişlər çoxtərəfli iqlim fəaliyyətində ən mürəkkəb və mübahisəli vəzifələri yerinə yetirmək üçün Azərbaycan Sədrliyinin aylarla davam edən intensiv diplomatiyasının məntiqi nəticəsidir. Bu qərarlar 1,5C məqsədinə çatmaq üçün vasitələrin təmin edilməsində xüsusi əhəmiyyətə malik addımlardır. COP29-un prezidenti Muxtar Babayevin sözlərinə görə, bütün dünya Bakıya gələndə bir çox insanlar Azərbaycanın bütün bunlara nail ola biləcəyinə şübhə ilə yanaşırdılar. Onlar tərəflərin razılığa gələ biləcəklərinə inanmırdılar. Hər iki məsələdə yanılma isə artıq hər kəsə bəllidir.

COP29-un prezidenti daha sonra deyib: “Bu uğurla Bakı Maliyyə Məqsədi növbəti onillikdə milyardları trilyonlara çevirəcək. Biz inkişaf etməkdə olan ölkələr üçün əsas illik iqlim maliyyəsi hədəfinin 3 dəfə artırılmasını təmin etdik. Bakı Maliyyə Məqsədi əldə edə biləcəyimiz ən yaxşı razılaşmadır və biz bunun üçün donor ölkələri maksimum dərəcədə təşviq etmişik. Biz qlobal maliyyə strukturunu həmişəlik dəyişmişik və 1,5C-yə çatmaq yolunda bütün vasitələri çatdırmaq üçün əhəmiyyətli bir addım atmışıq”.

***

Bağlanış plenar iclasında yuxarıda sadlanan qərarlarla yanaşı, “Gender və iqlim dəyişikliyi”, “Uyğunlaşmaya dair qlobal hədəf”, “Şarm əl-Şeyx yumşaltma ambisiyaları və icra iş proqramı” da daxil olmaqla bir sıra digər sənədlər də təsdiqlənib.

Sonra çıxış edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil COP29-da önəmli qərarların qəbul olunduğunu, bununla belə qarşıda xeyli görülməli işlərin dayandığını diqqətə çatdırıb. O, COP29-da iqlim maliyyə hədəfinin 3 dəfə artırılması barədə razılığın əldə edildiyini, bunun iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalanlara dəstək üçün önəmli olduğunu deyib. Saymon Stil təxminən 10 il davam edən çətin fəaliyyətdən sonra COP29-da qlobal karbon bazarı barədə razılığın əldə olunmasını yüksək qiymətləndirib.

COP29 Prezidenti Muxtar Babayev Azərbaycan Prezidenti İlham Əliyevə tədbirin yüksək səviyyədə təşkilinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib. O, BMT-nin rəhbərliyinin və müvafiq qurumlarının, Azərbaycanın dövlət orqanlarının, COP29 Əməliyyat Şirkətinin, könüllülərin fəaliyyətini vurğulayıb.

***

Qeyd edək ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı qərar COP28-in 2023-cü ilin dekabrın 11-də keçirilən plenar iclasında verilib. Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası noyabrın 11-də başlayıb. COP29 Sədrliyi Fəaliyyət Gündəliyi çərçivəsində qlobal təşəbbüsləri elan edib. Sədrlik tərəfindən irəli sürülən təşəbbüslərin məqsədi iqlim fəaliyyətini irəlilətmək, tərəf olmayan maraqlı tərəflərin fəal iştirakını təşviq etmək və iqlim dəyişmələri ilə bağlı ambisiyaları artırmaq və fəaliyyətə təkan verməkdir.

Tədbirin ilk günü COP29-un rəsmi açılış mərasimi olub. Sonra dünya liderlərinin İqlim Fəaliyyətinin Təqdimatı baş tutub. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyanın tərəf dövlətlərindən 80-ə yaxın dövlət və hökumət başçısı COP29 çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edib. Noyabrın 13-də dövlət və hökumət başçılarının çıxışları davam edib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011–2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Razılaşmaya bu günədək 195 ölkə, o cümlədən Azərbaycan da qoşulub.

***

İqlim savaşı qeyri-neft sektorunun “yaşıl” iqtisadiyyata transformasiyasını sürətləndirəcək

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, dünyada hər bir ölkə və icma artıq iqlim dəyişikliyinin mənfi təsirlərini hiss etməyə başlayıb. Azərbaycan da onun fəsadlarından təsirlənən dövlətlər sırasındadır. Quraqlıq, Xəzər dənizi suyunun azalması ölkənin gələcəyi baxımından ciddi təhlükələr yaradır. COP29 tədbiri çərçivəsində bu məsələnin ictimaiyyətdə daha aktual şəkildə gündəmə gətirilməsi müəyyən mənada icma davranışlarına öz töhfəsini verəcək.

İqtisadçı-ekspert, eyni zamanda, Azərbaycanda keçirilən COP29 müzakirələrinin və hökumət tərəfindən gələcəkdə atılması planlaşdırılan tədbirlərin yerli vətəndaşları ətraf mühitə qarşı həssas və məsuliyyətli yanaşmaya təhrik edəcəyini deyib: “Bu gün dünyada yeni enerji keçidi və ya digər adla yaşıl energetikaya keçid bütün sahələrdə özünü göstərir. COP29 konfransı yerli əhalinin bəşəriyyətin gələcəyi ilə bağlı məlumatlandırılması baxımından vacibdir. Bu proses şüur inkişafının növbəti mərhələsidir və qlobal iqlim dəyişikliyi, eləcə də temperatur artımı ilə bağlı üzləşdiyimiz problemin həlli üçün insanlar ətraf mühitə və çevrəsinə, o cümlədən birgə yaşadığı ekosistemə qarşı həssas və məsuliyyətli davranmaq məcburiyyətindədir”.

Onun sözlərinə görə, vətəndaşların maarifləndirilməsi istiqamətində “ekologiya və iqlim dostu” siyasəti yürüdülməlidir. Düşünürəm ki, ekologiyaya həssas icmaların yaradılması istiqamətində təhsilin ilkin pillələrindən – bağçadan başlayaraq vətəndaşların “ekologiya və iqlim dostu” siyasətini yürüdə biləcək mövzularla davamlı maarifləndirilmə işləri aparılmalıdır. Eyni zamanda, ictimai birliklərin, biznesin, hökumətin və medianın birlikdə aparmalı olduğu uzunmüddətli proses nəticəsində Azərbaycan ciddi nəticələr əldə edə bilər.

İqtisadçı-ekspert bildirib ki, dayanıqlı maliyyə vasitələri emissiyasının yaradılması və bunun biznesə təqdimi ilə bağlı yaxın perspektivdə gözləntilər var. Hazırda Mərkəzi Bank tərəfindən taksonomiya sənədinin imzalanması istiqamətində işlər gedir. Bu gözləntilər qısa müddətdə reallaşacaq və səmərəli bir mexanizm ortaya qoymaqla biznesin dayanıqlı keçidini şərtləndirən layihələrin icrasını həyata keçirmək mümkün olacaq. Bununla yanaşı, mikro biznesin “yaşıl” transformasiyasını gerçəkləşdirmək də diqqətdə saxlanılacaq. Çünki təbii ehtiyatların səmərəli istifadə edilməsi, “yaşıl” zonaların salınması və qorunması, suyun təkrar istifadəsi, bərpaolunan enerjiyə keçid, dairəvi-iqtisadi modelin tətbiqi effektiv maliyyə dəstəyi nəticəsində gerçəkləşəcək.

Rəşad Həsənov əlavə edib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesinə start verildiyini nəzərə alsaq, COP29 şəhərsalmada yeni və müasir baxışların tətbiq olunması üçün ciddi imkanlar da formalaşdıracaq.

 

İlham ŞABAN,
enerji məsələləri üzrə ekspert

Azərbaycan COP29 kimi beynəlxalq konfransa uğurla ev sahibliyi etdiyi kimi planetimizi təhdid edən iqlim dəyişikliləri ilə mübarizə yolunda da mühüm qərarların qəbuluna nail oldu. Beləliklə də, ölkəmizdə keçirilən bu mühüm iqlim tədbirinə şübhə ilə yanaşanlara, onun əhəmiyyətini heçə endirməyə cəhd edənlərə, bir növ, tutarlı cavab verildi.

COP29 aydın şəkildə göstərdi ki, varlılar üçün təbiətin problemi önəm daşımır, onlar son anadək varlanmaq, daha çox qazanc əldə etmək haqqında düşünmək zorundadırlar. Yeri gəlmişkən, 2000-ci ildə deyirdilər ki, tezliklə dünya enerji balansında qaz kömürü üstələyəcək və ikinci yerdə qərarlaşacaq. Amma gözləntilərin əksi olaraq 2023-cü ildə enerji balansında kömürün xüsusi çəkisi 26,5 faizədək artıb. Belə ki, il ərzində dünyada 8,2 milyard ton kömür istehsal edilib. Xüsusən də Almaniya kömürdən istehsal edilən elektrik enerjisinin payını artırıb.

Təbii qazın enerji balansındakı xüsusi çəkisində isə Rusiyada hasilatın azalması və Avropada qaz istehlakının 100 milyard kubmetr aşağı düşməsi nəticəsində 23,3 faizədək geriləmə müşahidə olunub. Bunun fonunda isə külək və günəş enerjisinin istehsalında artım qeydə alınıb. Düzdür, bərpaolunan bu enerjinin qlobal miqyasda istehlakı, hələlik, 7 faiz təşkil edir.

Bəs, görəsən, Qərbin COP29-un keçirildiyi günlərdə Azərbaycanı, guya, qaz hasilatını 2030-a qədər 2 dəfə artıracağı ilə bağlı ittihamı nəyə köklənib? Təbii ki, təbiətin qorunmasına deyil. Amma COP29-da onu da gördülər ki, artıq onların dünya ilə əvvəlki qaydalarla davranışları da yetərli deyil.

Elə Azərbaycanın COP29 Sədrliyinin inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi razılaşmasını elan edilməsi də bunu təsdiq edir. Məlum olduğu kimi, Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir. Bundan əlavə, COP29-da BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə bütün məsələlərə tam aydınlıq gətirildi.

Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ
XQ

Seçilən
30
29
xalqqazeti.az

10Mənbələr