AZ

Bu pişikləri sahiblənmək olmaz - QADAĞA

Hollandiyada çoxalması qadağan edilən Şotlandiya və Sfenks pişiklərini sahiblənmək qadağa olunur.

“Cebheinfo.az” xəbər verir ki, qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək. Şotland pişik cinsi (Scottish Fold) qulaqlarının bükülməsinə səbəb olan genetik mutasiya səbəbindən oynaq və qığırdaq problemlərinə daha çox meyillidir. Belə pişiklər qulaq, ayaq və quyruqlarında qığırdaq böyüməsi səbəbindən ağrı hiss edirlər.

Sfenks (Sphynx) cinsindən olan tüksüz pişiklər xəstəliklərə daha çox meyillidirlər. Onlar bədənlərində tük və ya bığ olmadığı üçün ətraf mühiti daha az hiss edə bilirlər. Bundan əlavə, tüksüz quruluşlarına görə dəri problemləri və soyuq havaya qarşı həddindən artıq həssaslıq ola bilər. Qadağa yalnız yeni sahiblənmələri əhatə edəcək.

Bu cinslərə sahib olan insanlar pişiklərini saxlamağa davam edə biləcəklər. Bununla belə, daha əvvəl sahiblənildiyini sübut etmək üçün onlardan pişiklərinin çiplənməsi tələb olunacaq. Bu pişiklərin yarışma və şoularında iştirakına da qadağa qoyulacaq. Belə pişiklərin yetişdirilməsi artıq Hollandiyada qadağan edilib.

Bildirilib ki, son qadağa qərarının təfərrüatları Kənd Təsərrüfatı, Balıqçılıq, Qida Təhlükəsizliyi və Təbiət Nazirliyi tərəfindən ictimaiyyətlə paylaşılacaq.

Əfsanə Rəcəb

“Cebheinfo.az”

Seçilən
50
cebheinfo.az

1Mənbələr