AZ

Kəlbəcərin işğaldan azad olunması Azərbaycanın hərbi-siyasi zəfərinin növbəti rəmzlərindən biri idi - Ramid Namazov

Kəlbəcərin işğaldan azad olunması Azərbaycanın Vətən müharibəsindəki hərbi-siyasi zəfərinin növbəti rəmzlərindən biri idi. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncamla noyabrın 25-i xalqımızın, xüsusilə də Kəlbəcər sakinlərinin yaddaşlarında qızıl hərflərlə həkk olunduğu gün - Kəlbəcər Şəhəri Günüdür.

Kəlbəcər Azərbaycanın ən qədim tarixi bölgələrindən biridir. İnzibati-coğrafi baxımdan Azərbaycanın ən böyük rayonlarından biri olan Kəlbəcər işğala qədər mədənçıxarma sənayesi, kənd təsərrüfatı, turizm, yeyinti və mineral emal sənayesi mərkəzlərindən biri kimi şöhrət qazanıb, respublikamızın iqtisadiyyatının inkişafında mühüm rol oynayıb.

27 ildən çox olan işğal dövründə ermənilər ən zəngin mədənçıxarma mərkəzi olan Kəlbəcərin təbii sərvətlərini qanunsuz olaraq və vəhşi formada istismar edərək xarici ölkələrə daşıyıb, külli miqdarda ziyan vurublar. Eyni zamanda, sakinlərin və dövlətin resursları, infrastruktur, meşə və su fondu, maddi-tarixi-memarlıq nümunələri dağıdılıb, bəzilərinin özününküləşdirmə cəhdləri olub.

Birinci Qarabağ müharibəsində Kəlbəcərin işğalı Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti hesab oluna bilərdi. Bu strateji inzibati bölgənin itirilməsi digər rayonların işğalına asanlıqla yol açdı.

Rayonun işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etsə də, kağız üzərində qalan bu sənədin icrasını Azərbaycan dövləti özü təmin etdi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və Silahlı Qüvvələrin müxtəlif qoşun növlərinin sürətli hücumu ilə Vətən müharibəsinin ilk günlərində Kəlbəcərin şimal hissəsi işğalçılardan azad edildi. Bu yüksəkliklər böyük bir coğrafi əraziyə Ordumuzun nəzarətini təmin etməklə, erməni silahlılarının bir-biri ilə əlaqəsini məhdudlaşdırdı.

Ali Baş Komandanın vurğuladığı kimi “Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq”.

Vətən müharibəsində tarixi qələbənin və qətiyyətli siyasətin, hərbi gücün, strateji və taktiki planlamanın uğurlu nəticəsi olaraq, Ermənistanın kapitulyasiyası rəsmiləşdirilməklə Kəlbəcər bir güllə atılmadan geri qaytarıldı.

Üçtərəfli Bəyanatın şərtlərinə əsasən, Azərbaycan humanizm prinsipindən çıxış edərək, qanunsuz məskunlaşmış ermənilərin buradan çıxmasına şərait yaratdı. Köç müddətində ermənilər rayonun təbiətinə, evlərə və mövcud infrastruktura vurduqları ziyanla bir daha barbar simalarını dünyaya nümayiş etdirdilər.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 29-da və 2021-ci il iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, şəhərin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə, bir qrup hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Kəlbəcər azad edildikdən sonra sürətli quruculuq işlərinə start verildi, çətin relyefə və əlverişsiz iqlim şəraitinə baxmayaraq rayon ərazisində yol-nəqliyyat, tunel və digər infrastrukturların çəkilişinə başlanıldı.

2021-ci ilin avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda səfərdə olublar. Dövlət başçısı Kəlbəcər şəhərində Azərbaycan bayrağını ucaldıb, səfər çərçivəsində “AzərEnerji” ASC-nin “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak edib, “İstisu” Mineral sudoldurma zavodunda və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olub. Növbəti səfərləri zamanı yeni obyektlərin təməllərini qoyub, aparılan işlərlə maraqlanıb.

Dövlət başçısı sentyabrın 2-də Kəlbəcərə növbəti səfəri zaman “Yuxarı Vəng”, “Zar”, “Toğanalı” su elektrik stansiyalarının açılışını edib. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə, eləcə də şəhərdə inşa edilən 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub, inzibati binanın təməlini qoyub.

Seçilən
36
aznews.az

1Mənbələr