AZ

“Hazırda İranın Ermənistandakı səfiri olan Mehdi Sübhanini yaxşı tanıyıram...”

“Güney Qafqazdakı müəyyən maraq toqquşmalarına rəğmən Rusiya-İran münasibətləri yaxındır. Amma bəs gerçəklikdə gələcək vəziyyət necə olacaq? Qərbin Qafqaza gəlişinin qarşısını almaq üçün bu iki ölkənin gücü varmı?..”
 
“Öncə onu deyim ki, İranın hazırda Ermənistanda səfiri olan Mehdi Sübhanini yaxşı tanıyıram. Cavanlığından, lap gəncliyindən tanıyıram. Mən onu tanıyanda İran Xarici İşlər Nazirliyində çalışmağa başlamışdı. Onun mövqeyi elə həmişə indiki kimi ermənipərəst olub və təbii ki, Azərbaycana qarşı həmişə mənfi münasibət ifadə edib... Bəs sözügedən İran diplomatının Cənubi Qafqazda Rusiya-İran münasibətləri haqdakı bəyanatının arxasında əsas hansı fikir dayanır?”
 
Bunu Moderator.az-a açıqlamasında Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənov “Bu yaxınlarda İranın Ermənistandakı səfiri Mehdi Sübhani “Nyu-York Tayms”a müsabihəsində də bəyan etdi ki, İran Cənubi Qafqazda Rusiya ilə müttəfiq deyil. Və bununla sanki regionda Qərblə, ABŞ ilə əməkdaşlığa hazır olduğuna işarə etdi. Siz necə dəyərləndirirsiz bu bəyanatı?” sualını  cavablandırarkən söyləyib.
 
“Birincisi, İran da, Rusiya da Qərbin Qafqaza ayaq basmamasında maraqlıdırlar. Başqa sözlə, çalışırlar ki, bölgəyə təsir edən qüvvələr yalnız İran və Rusiya olsun. İkincisi, Güney Qafqazı nə Rusiya, nə İran itirmək istəyir. Onlar daim burada söz sahibi olmaq istəyirlər. Və o da sözsüzdür ki,  Güney Qafqazdakı müəyyən maraq toqquşmalarına rəğmən Rusiya-İran münasibətləri yaxındır. Amma bəs gerçəklikdə gələcək vəziyyət necə olacaq? Qərbin Qafqaza gəlişinin qarşısını almaq üçün bu iki ölkənin gücü varmı? Bütün gözlənilən proseslərə təsir göstərə biləcəklərmi? Məsələn, İsrailin və ya ABŞ-la birgə İsrailin İrana qarşı mümkün müharibəsinin qarşısını ala biləcəklərmi? Bölgə üşün belə bir təhlükə isə reallıqda mövcuddur... Təəssüf ki, yaxşı bir şey görmürəm. Kaş biz səhv etmiş olaq. Kaş hadisələr elə inkişaf etsin ki, müharibə, qan-qada olmasın. Bölgədə sülhü, əmin-amanlığı pozan bir pis hadisə olmasın”, - deyə davamında sabiq səfir bildirib.
 
Sultan Laçın
 
Seçilən
48
11
moderator.az

10Mənbələr