AZ

Ermənistanda XAOS – Güc strukturlarından sonra parlament də Paşinyanın əlindən ÇIXIR...

Ermənistandakı bir həftə öncə baş verən ardıcıl istefalardan sonra indi də növbədənkənar parlament seçkilərinin keçiriləcəyi iddia olunur.

Hraparak” qəzetinin məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan əvvəlcə erkən seçkilər, ardınca konstitusiya dəyişikliyinə dair referenduma getməyə hazırlaşır. Nəşr qeyd edib ki, dar partiya toplantılarından birində Nikol Paşinyan gələn il seçkilərin keçirilə biləcəyini istisna etmədiyini deyib.

Qeyd edək ki, erkən parlament seçkiləri məsələsi hələ keçən ildən gündəmə gətirilib. 2023-cü ilin dekabrından başlayaraq məlumatlar yayılıb ki, Qərb Ermənistanda növbədənkənar parlament seçkilərini tələb edir.

Bundan başqa, cari ilin mayında Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Hovakimyan da ölkədə  növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyinə işarə vurub.

Onu da qeyd edək ki, son günlər Ermənistan hökumətinin bir sıra yüksək rütbəli məmurları istefa verib. Onlar arasında güc strukturlarına rəhbərlik edənlər də var. Bu ardıcıl istefaların ardınca indi də növbədənkənar parlament seçkilərinin keçiriləcəyi iddia olunur.

Bu isə onu deməyə əsas verir ki, Ermənistanda hökumət böhranı dərinləşir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Ermənistanda xaotik vəziyyət hökm sürür:

“Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbə Ermənistan cəmiyyətini bütövlükdə çaşqın vəziyyətə salıb. Onlar hələ də illüziyalardan qurtula bilməyiblər. İndiki vəziyyətdə Ermənistanda baş verən yerdəyişmələr, anlaşılmayan təyinatlar ölkədə həqiqətən xaotik vəziyyətin yarandığından xəbər verir.

Həm yuxarı, həm də aşağı eşalonda pərakəndəlik hökm sürür. Ölkədə milli konsensus yoxdur. Ermənistanda inkişaf yoxdur. Bu ölkə öz suveren hüquqlarından istifadə etməyi bacarmır. Hakim zümrə cəmiyyətin digər üzvlərini cilovlaya bilmir. Cəmiyyətlə hakimiyyət arasında ictimai əsaslarla bağlanmış saziş yoxdur”.

Həmsöhbətimiz qeyd edir ki, Ermənistanda etimad mühiti də formalaşmayıb:

“Hakimiyyət özünü yalnız o halda qətiyyətli və işgüzar hiss edir ki, cəmiyyətdən ona sorğular göndərilsin. Ona görə də hakimiyyətin mütəşəkkil, məqsədyönlü hərəkəti yoxdur. Orada hər yeni gün anormal hadisələrlə nəticələnir. Ermənistan dövləti bununla ancaq uçuruma doğru yuvarlanır.

Ölkədəki bir qrup siyasi fırıldaqçı revanşist əhval-ruhiyyəni formalaşdırmağa çalışır. Bəziləri də qütb axtarışındadır. Bütün bunlar ölkədə xaosun günü-gündən daha da dərinləşdiyindən xəbər verir. Onun da günahkarı hakim dairələrdir. Bəlkə də Paşinyanın növbədənkənar seçki keçirmək planı var. Sadəcə hələlik onu üzərinə işıq salmağa tələsmir”.

Rüfət Sultan, Bizim.Media

Seçilən
5
1
bizim.media

2Mənbələr