AZ

“Uşaqları internetdə qorumaq tək valideynlərin deyil, bütün cəmiyyətin vəzifəsidir” — Elnurə Abuşova ilə MÜSAHİBƏ

QHT.az saytı "Ailə və Uşaqlara Sosial Dəstək" İctimai Birliyinin rəhbəri Elnurə Abuşova ilə 30 noyabr - Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü münasibətilə müsahibə alıb. Müsahibə zamanı internet təhlükəsizliyinin vacibliyi, valideynlərin bu sahədə rolu və Azərbaycan cəmiyyətində rəqəmsal təhlükəsizlik mədəniyyətinin formalaşdırılması yolları müzakirə olunub.

 QHT.az: Elnurə xanım, valideynlərə uşaqların internetdə təhlükəsizliyi üçün nə məsləhət görərdiniz?

Elnurə Abuşova: Əvvəlcə qeyd edim ki, bu mövzu olduqca aktualdır. Rəqəmsal dövr uşaqlar üçün sonsuz imkanlar yaradır, lakin eyni zamanda təhlükələr də gətirir. Valideynlərə ilk növbədə səbirli və maarifləndirici olmağı tövsiyə edirəm. Uşaqları qorumaq üçün onları “qorxutmaq” yox, məlumatlandırmaq lazımdır. Məsələn, uşaqlara izah edin ki, şəxsi məlumatlarını (telefon nömrəsi, ünvan və s.) paylaşmaq təhlükəlidir. Ancaq bunu qorxu ilə yox, onların başa düşəcəyi dildə və nümunələrlə edin. Uşaqlar “niyə” sualına cavab aldıqda bu qaydalara daha çox əməl edirlər.

 QHT.az: Amma uşaqlar hər zaman sərhədləri aşmağa çalışır. Bunu necə idarə etmək olar?

Elnurə Abuşova: Bəli, bu təbiidir, çünki uşaqlar həmişə yeni şeyləri öyrənmək istəyir. Burada açıq ünsiyyət çox vacibdir. Valideynlər hər zaman uşaqları ilə dost münasibət qurmağa çalışmalıdırlar. Məsələn, “Nə oldu? Sosial mediada nə baş verir?” kimi sualları mühakimə etmədən vermək uşağın sizə güvənməsinə səbəb olur. Eyni zamanda texniki vasitələrdən də istifadə etmək lazımdır. Valideyn nəzarəti tətbiqləri artıq çox sadədir və effektivdir. Lakin bu vasitələr uşaqlara qarşı “casusluq” deyil, onların təhlükəsizliyi üçün olduğunuzu göstərməlidir.

 QHT.az: Azərbaycan cəmiyyətində rəqəmsal təhlükəsizlik mədəniyyəti necə inkişaf etdirilə bilər?

Elnurə Abuşova: Bu, təkcə valideynlərin deyil, bütövlükdə cəmiyyətin üzərinə düşən vəzifədir. Təhsil sistemində rəqəmsal təhlükəsizliklə bağlı dərslər keçirilməli, məktəblərdən tutmuş dövlət qurumlarına qədər hamı bu məsələyə diqqət yetirməlidir. Həmçinin, biz tez-tez valideynlər üçün təlimlər keçiririk. Bu təlimlərdə təkcə texniki biliklər yox, həm də uşaqlarla necə ünsiyyət qurmaq lazım olduğu izah olunur. Valideynlərin özləri rəqəmsal dünyadan xəbərsizdirsə, uşaqları necə qoruyacaqlar?

 QHT.az: Elnurə xanım, sizin fikrinizcə, rəqəmsal təhlükəsizliklə bağlı ən böyük səhv nədir?

Elnurə Abuşova: Ən böyük səhv "bu, mənim başıma gəlməz" düşüncəsidir. Hamımızın düşünməsi lazım olan əsas məsələ budur: internetdə hamı təhlükə ilə üzləşə bilər. Bu, təkcə uşaq üçün deyil, böyüklər üçün də keçərlidir. Valideynlər düşünür ki, “Mən bilmirəm, amma uşağım hər şeyi bacarır”. Amma bu yanlışdır. Əgər biz uşaqları qorumaq istəyiriksə, ilk növbədə özümüzü təkmilləşdirməliyik.

 QHT.az: Sonda valideynlərə nə demək istərdiniz?

Elnurə Abuşova: Uşaqlar bizim gələcəyimizdir. Onları qorumaq təkcə qadağalar qoymaqla mümkün deyil. Onları anlayaraq, dəstək verərək, birgə öyrənərək təhlükəsiz mühit yarada bilərik. Və ən vacibi, uşaqlarınıza nümunə olun! Əgər siz sosial mediada təhlükəsiz davranış sərgiləsəniz, uşaqlarınız da sizi təkrarlayacaq.

 QHT.az: Maraqlı və dəyərli fikirləriniz üçün təşəkkür edirik.

Elnurə Abuşova: Mən də sizə təşəkkür edirəm! Bu mövzuda daha çox maarifləndirmə işi aparılmalıdır və bu istiqamətdə hər birimizin töhfəsi böyükdür.

Seçilən
48
41
demokrat.az

10Mənbələr