AZ

"Araz-Naxçıvan" "Turan Tovuz"a qarşı - YENİLƏNİR

Bu gün Misli premyer-liqasında 15-ci tur start götürəcək.

Misli premyer-liqası
2-ci dövrə, 15-ci tur
29 noyabr
Araz-Naxçıvan – Turan Tovuz

“Araz-Naxçıvan”ın bu rəqiblə ev oyununun balansı: 1:+0=0-1, 0:1.
2023/24 – 0:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Bakı, “Liv Bona Dea Arena”. Saat 16.00.

“Araz-Naxçıvan” azarkeşlərini yaxşı mənada təəccübləndirməyə davam edir. Zarafat deyil, Muxtar Respublika təmsilçisi cari mövsüm ərzində yaınız ilk turda “Qarabağ”a uduzub. Odu ki, “qırmızı-ağlar”ın 13 oyunluq məğlubiyyətsizlik seriyası var. Görünür, Elmar Baxşıyevin komandasının biləyini bükən tapılmır. “Qırmızı-ağlar” bu dəfə “Turan Tovuz”la qarşılaşacaq. Sentyabrda “bozqurd”un qonağı olan naxçıvanlılar qələbə qazanıb. Belədə meydan sahiblərini favorit saymağa məcburuq. Tovuzlular 14-cü turun oyununda “Sabah”ın öhdəsindən gələ bilmədi – 1:1. Özü də “doğma divarlar” arasında, 4500 azarkeşin gözü önündə... Üstəlik “Turan Tovuz” 13-cü turda “Səbail”in meydanında da xal itirib – 1:1. Düzdü, bu amillər qonaqların qələbəyə köklənməsinə təkan verə bilər. Lakin artıq baş məşqçi Kurban Berdıyevin istefa verəcəyi haqda iddialar artmaqdadı. Düşərgədə hansı hadisələrin baş verdiyini bilmirik. O bəllidi ki, mövsümün əvvəlində qazanılan xallar komandanın ilk “dördlük”dəki yerini qorumağa imkan verir. Buna isə aldanmaq olmaz.

Həm naxçıvanlılar, həm də tovuzlular qələbə uğrunda mübarizə aparacaq. O başqa məsələ ki, “bozqurd” həmişə “qırmızı-ağlar”a başağrısı olub. Dəqiq desək, komandalar indiyə qədər 5 dəfə qarşılaşıb. Bunların 4-də “Turan Tovuz”, 1-də “Araz-Naxçıvan” qələbə qazanıb. Topların nisbətində Berdıyevin komandası üstündü – 10:3.

Sabah – Səbail
“Sabah”ın bu rəqiblə ev oyunlarının balansı: 13:+8=3-2, 20:7.
2018/19 – 0:4, 3:1; 2019/20 – 3:0, 0:0; 2020/21 – 2:1, 0:0; 2021/22 – 0:1, 1:0; 2022/23 – 1:0; 2022/23 – 0:0, 4:0; 2023/23 – 4:0, 2:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Bakı, “Bank Respublika Arena”. Saat 19.00.

Büdcəsinə və futbolçularının potensialına uyğun nəticələr qazanmaqda çətinlik çəkən “Sabah” gözlənilən addımı atmaqdan çəkinmədi. Krunoslav Renduliç artıq “bayquşlar”ın baş məşqçisi deyil. Hələ ki komandanı “Səbail”lə matçda meydana kimin çıxaracağı bilinmir. Bəlli olan odu ki, Masazır təmsilçisi paytaxt derbisinin favoritidi. Axı “Sabah” nəinki evdə, səfərdə keçirilən matçlarda da bu rəqibinə çətin anlar yaşadıb. İndi hadisələrin hansı yöndə cərəyan edəcəyi maraq doğurur. “Sabah” son 7 matçda qələbə qazana bilmədiyindən bu dəfə də təhlükəli durumla üz-üzədi. Amma “Səbail”in də durumu fərqli deyil. “Dənizçilər” ilk 14 turda cəmi iki qələbə qazanıb. Şahin Diniyevi əvəzləyən Cavid Hüseynov da ilk cəhddə tilsimi qıra bilmədi. Həm rəqibin “Qarabağ” olması, həm də mütəxəssisin sadaladığı çatışmazlıqlar azı bir xal qazanmağa mane oldu. İndi hər iki kollektiv uğursuzluq zolağından qurtulmağa, inamlı qələbə qazanmaqla xal ehtiyatını artırmağa çalışacaq.

Bu komandalar indiyə qədər 24 matçda üz-üzə gəlib. Bunların 12-də “bayquşlar”, 7-də “dənizçilər” üç xala yiyələnib, 5-də qalib müəyyənləşməyib. Topların nisbətində Masazır təmsilçisi öndədi – 37:21.

KƏNAN BAHADIR

Seçilən
50
football-plus.az

1Mənbələr