AZ

Yaşıl enerji ilə bağlı uzunmüddətli əməkdaşlıq körpüsü yaradılır

COP29-da bu istiqamətdə qarşıya qoyulan hədəfə çatmağın yolları geniş müzakirə olundu

Planetimizin xilası üçün bütün dünya xalqlarının «Yaşıl dünya naminə həmrəylik!» çağırışını dəstəkləməsi təsadüfi deyil. Həyat qaynağımız olan təbii sərvətlərdən istifadəyə tələbatın, iqlim dəyişikliyinin yaratdığı fəsadların artdığı indiki məqamda «yaşıl enerji», «yaşıl iqtisadiyyat», «ətraf mühit», «iqlim dəyişikliyi» ifadələrinin ən yüksək təbəqələrdə belə səslənməsi də təbiidir. Gündən-günə artan ekoloji risklərin, təbii fəlakətlərin, atmosferin çirklənmsinin qarşısının alınması üçün həyati tələbata çevrilən yaşıl enerjidən istifadə aktuallaşır. Araşdırmlarda qeyd olunduğu kimi, insanların həyatları, sağlamlıqları üçün yaranan təhlükələrin qarşısının alınması üçün həyati önəmli yaşıl enerji iqlim dəyi­şikliyini azaltmağa və qlobal istiləşməni məhdudlaşdırmağa yardım göstərir. Ölkələrin iqtisadi inkişafının qarşısında «yaşıl işıq» yandırır. Yaşıl enerjiyə keçid cəmiyyətdə istehsal sahələrinə yeni yanaşmaları aktivləşdirir, müasir texnologiyaların tətbiqini stimullaşdırır. Dünyada enerji istehlakına artan tələbat istehsalın həcminin artırılmasını da gündəmə gətirir. Təchizat modelinin təkmilləşdirilməsini və dayanıqlığını tələb edir. Enerji təchizatı zəncirində karbon emissiyasının təsirinin azaldılması və iqlim dəyişikliyinə səbəb olan faktorların qarşısının alınması vacibdir. Dünyanın müxtəlif ölkələrində bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı­nın həcmi artır və bu prosesin yaxın gələ­cəkdə daha da sürətlənəcəyi proqnozlaş­dırılır. 

Bir neçə Avropa dövlətinin enerji təhlükəsizliyinin təminatı ilə bağlı məsələlərin müzakirə olunduğu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz –«Caspian Oil&Gas» və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – «Caspian Power» sərgilərinin açılış mərasimindəki çıxışında «İqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq birliyi dəstəkləmək üçün 2024-cü ilin Azərbaycanda «Yaşıl dünya naminə həmrəylik ili» elan edilməsini cəsarətli addım, ölkəmizin mütərəqqi siyasətinin və qlobal miqyasda artan nüfuzunun göstəricisi adlandıran Prezident İlham Əliyev dünyanın enerji siyasətində nisbətən yeni termin olan yaşıl enerjinin tətbiqi ilə iqlim dəyişikliyinin qarşısını alınmasının mümkün yollarını da açıqlamışdı. «Masdar» şirkətinin 230 meqavat gücündə Günəş elektrik stansiyasının istifadəyə verməsini bu sahədə görülən ən önəmli layihə kimi diqqətə çatdırmışdı. Hazırda iki layihə üzrə işlərin davam etdirildiyi də bildirilmişdi: «Bununla da Azərbaycanın bərpaolunan enerji potensialı 2 qiqavata yaxın olacaqdır. Buraya təkcə günəş və külək enerjisi daxildir. Qarabağ və Şərqi Zəngəzurda hidroelektrik stansiyalarla bağlı gördüyümüz işləri əlavə etsək görərik ki, 2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. Bir daha təkrar edirəm ki, bu, sadəcə, başlanğıcdır.»

Qarabağ və Şərqi Zəngəzurun, Ermənistanın işğalından azad olunmuş digər ərazilərimizdə 270 meqavat həcmində hidroelektrik stansiyaların istifadəyə verilməsi ölkəmizin yaşıl enerji siyasətinin geniş miqyasda həyata keçirildiyini göstərir. Alternativ enerjidən istifadənin əhəmiyyəti barədə müzakirələrin , birgə mübarizənin aktuallaşması reallıq kimi hər bir ölkə üçün çağırışdır. Təmiz dünya naminə ən səmərəli yol isə alternativ energilərdən istifadəni genişləndirməkdir.

Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında imzalanan sənədlər əsasında Biləsuvar və Neftçala Günəş elektrik stansiyaları Abşeron-Qaradağ külək layihəsi ilə birlikdə Azərbaycanın artmaqda olan enerji ehtiyaclarını təmin etmək məqsədilə 1 qiqavat təmiz enerji hasil ediləcək. Bu cür praktiki tərəfdaşlıqların məqsədi yaşıl artım gündəliyini inkişaf etdirməkdir. Təbii ki, enerji keçidi müxtəlif məkanlarda fərqli templərlə müşahidə olunsa da COP29 konfransında yaşıl enerjidən istifadəyə daha çox ehtiyacın duyulduğu dəfələrlə açıqlandı. Azərbaycanın Yaşıl gündəliyi zənginliyi ilə diqqəti cəlb etdi.

Hazırda ölkəmizin enerji potensialı quruda 135 qiqavat və dənizdə isə 157 qiqavat təşkil edir. Azərbaycanda 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsi planlaşdırılır. 10 qiqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb. Enerji ixracını daim diqqətdə saxlayan Azərbaycanın təşəbbüsü ilə Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi istiqamətində də işlər davam edir.

«Bu, bizə Avropaya yaşıl enerjini ixrac etmək imkanı verəcək və bu kabelin texniki potensialı dörd giqavatdır. Yeri gəlmişkən, texniki-əsaslandırma işləri bu yaxınlarda bitəcək. Lakin yenə də bu, yalnız başlanğıcdır» sözləri ilə Azərbaycanın Yaşıl gündəliyinin ölkə ərazisinin demək olar ki, dörddə bir hissəsini əhatə etdiyini bildirən Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının, Qarabağ və Şərqi Zəngəzur regionlarının yaşıl enerji zonaları elan edilməsini qürurla bildirir. Yaşıl” enerji zonasının yaradılması çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalının gerçəkləşdirilməsi, tikililərin damlarında günəş panellərinin qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə olunması «ağıllı enerji» idarəetmə texnologiyalarına göstərilən diqqətdir. 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40 faizə qədər azaldılması və işğaldan azad edilən ərazilərdə «xalis sıfır emissiya” zonası yaradılması» niyyəti nəzərdə tutulur. Bununla da Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsinə yönəlmiş layihələrin coğrafiyası genişlənir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı»nda da Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji layihələrinin həyata keçirilməsinə mühüm önəm verilib.

Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan enerji potensialının gerçəkləşməsi üçün Günəş, külək və su resurslarından geniş istifadəyə diqqətin artırılması iqlim dəyişikliyi ilə mübarizənin aktuallaşdığı, beynəlxalq səviyyəli vəzifəyə çevrilməsi COP29-a aparılan müzakirələrdən də bəlli oldu. Araşdırmalara görə, Qarabağ və Şərqi Zəngəzurda , işğaldan azad edilmiş digər ərazilərdə aparılan bərpa-quruculuq işlərində yaşıl” texnologiyaların tətbiqinə üstünlük verilməsi təbiidir. Aparılan araşdırmalara əsasən Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında və Kəlbəcərdə Günəş elektrik stansiyalarının tikintisi üçün ümumi sahəsi 14 min 427 hektar və güc qoyuluşu potensialı 7 min 214 meqavat olan 8 perspektiv ərazi müəyyənləşdirilib.

Qarabağda külək enerjisinin istehsalı ilə bağlı qarşıda duran vəzifələrdən biri də Kəlbəcərin və Şuşanın termal su ehtiyatlarından istifadədir. Proqnozlara görə, Laçın və Kəlbəcər rayonlarının dağlıq ərazilərində külək enerjisinin texniki potensialı 2 min meqavat həcmində qiymətləndirilir. Tükənməz alternativ energiyə malik Qarabağ və Şərqi Zəngəzurun 10 min kvadratkilometrlik ərazisinin yaşıl enerji zonası elan edilməsi, «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022–2026-cı illərdə yaşıl enerji zonasının yaradılması ilə bağlı Tədbirlər Planı»nın təsdiqi atılmış inamlı addımlardandır. Respublikamızın enerji sistemində Qarabağ və Şərqi Zəngəzur regionlarının elektrik enerjisi tələbatı 100 faiz yaşıl enerji» hesabına təmin edilməsi, tələbatdan artığının ölkə enerji sisteminə ötürülməsi görülən işlərin uğurul nəticələrindəndir. Naxçıvan Muxtar Respublikası isə əlverişli günəş radiasiyasına və yüksək bərpaolunan enerji potensialına malikdir.
«Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı»na əsasən, Naxçıvanda Yaşıl enerji zonasının yaradılması nəzərdə tutulub. Eyni zamanda, muxtar respublikada külək və Günəş enerjisi üzrə 1500 MVt-lıq istehsal güclərinin xarici investisiya hesabına yaradılması və onun, təqribən, 1000 MVt-nın Türkiyə və Avropa istiqamətində ixracı qərara alınıb. 

Buxarestdə «Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş»in imzalanması da iqlim dəyişikliyinin yaradacağı risklərə qarşı birgə mübarizənin təzahürüdür.

Mərasimdə qeyd edildiyi kimi, dördtərəfli saziş ölkələr arasında bir sıra mühüm sahələrdə uzunmüddətli əməkdaşlıq üçün təməl yaradır.
Növbəti mərhələdə sualtı elektrik enerjisi xətti boyunca rəqəmsal xəttin çəkilməsi planlaşdırılır. Dəniz nəqliyyatı əlaqələrinin Konstanta limanından Gürcüstan istiqamətində genişlənməsi nəzərdə tutulur. Bu səylər Azərbaycanla və sonra Mərkəzi Asiya ilə bağlılığı artıracaq.
Bu cür layihələri Avropaya enerji körpüsü adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmizin strateji investorlarla birlikdə 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat Günəş enerjisini istehsalı ilə bağlı planları tərəfdaşların sayını artıracaq: «Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq.»

Xuraman İsmayılqızı, «İki sahil»

Seçilən
91
37
ikisahil.az

10Mənbələr