AZ

Yumurtalı kitab

İki müsəlman dövlətinin başçısı görüşürdü, orda biri o birisinə xüsusi, əllə hazırlanmış dini kitabı hədiyyə etdi. Xəbərdə kitabın əzəmətini vurğulamaq üçün belə cümlə keçirdi: “Bu kitabın hazıranmasında 800 min yumurtanın ağından istifadə edilmişdir”. 

Ay bərəkallah. Gör nə qədər yeməli kitabdır. Öp, qoy gözünün üstünə. Qucaqla, üstündə yat. Səkkiz yüz min yumurtanın ağı az deyil ki. Alimlərin, dietoloqların-filanın rəyinə görə 1 nəfər insanın həftəlik yumurta yemək norması 4 ədəddir. Əlbəttə, 5, 6, 7 də ola bilər, lakin biz adamdan bəhs edirik, adam cildinə girmiş tülkülərdən yox. Kəsəsi, cupbulu, bildirçin yumurtası boyda hesablama aparsaq ortaya çıxar: 800 min yumurta 200 min insanın həftəlik yumurta rasionu, qidası ola bilərdi. Hazırda müsəlman aləmində, Afrikanın ac-yalavac mömin savannalarında, lap elə həmin o Qəzza bölgəsində-zadda yumurta yemək istəyən insanlar, cocuq-mocuqlar yoxdurmu? Var. Lakin bizim möminlər yumurtadan kitab düzəldirlər. Çünki oxumaq daha vacibdir! Həri. 

Müsəlman dünyasında belə ziyalı, intellektual, əxlaqi, mənəvi işlər çoxdur. Bir də görürsən hardasa 30 metr uzunluğunda gümüş kitab qayırıldı. Yaxud, kimsə dünyanın ən qızıl təsbehini şaqqıldatdı. Nə bilim, Bruney sultan Həsən müəllim daş-qaşla bəzədilmiş unitazının fotosunu açıqladı və sairə - doğrusu, dindarlarımızı ardıcıl izləməyə məndə heç bir həvəs qalmayıbdır, son yeniliklərdən xəbərsizəm. 

Əlbəttə, gələcəkdə optimallaşdırma aparıb müqəddəs kitabı 800 min yumurtanın ağı ilə qarışdırılmış 80 kilo qızıl tozu kağızı üzərində çap etmək, yazıları da 8 kilo almazla yazmaq olar. Qoy oxuyan kafirlərin gözü çıxsın. Çünki bizim tərəflərdə, yəni müsəlman dünyasında kitabı oxumaq kafirlərin işidir, biz yalnız çap edirik, şkafa qoyuruq, cildinin bəzəyi ilə fors atırıq. 

Optimallaşdırma önəmlidir. Hazırda ölkəmizdə bir çox sahələr üzrə bu proses aparılır. İlkin olaraq siyasi partiyaları optimallaşdırdıq. Sonra bələdiyyəyə keçdik, hazırda 5 min bələdiyyədən 600-ü qalıbdır, inşallah, yaxın illərdə qalanları da birləşdiriləcək, 1 bələdiyyə olacaq. Xalqın birliyi bu minvalla əldə edilir. “Nicatımız birlikdədir, bizə birlik gərəkdir, Azərbaycan torpağına səfərbərlik gərəkdir” - hansısa mahnımızda belə oxuyurlar. 

Sözgəlişi, bələdiyyə seçkisi qanunla dekabrda olmalıydı, lakin olmadı, artıq camaat əməllicə qorxmuşdu ki, bəlkə bələdiyyə yaddan çıxıb. Nəhayət bugünlərdə MSK sədri Məzahir müəllim bələdiyyə seçkisinin gələn il yanvarın axırında olacağı müjdəsini verdi. Bu da onu göstərir ki, bizdə heç nə unudulmur, heç kim yaddan çıxmır! 

Kiçik bələdiyyələr “ələdiyyə” üsulu ilə ələndikdən sonra, hesab edirəm icra nümayəndəlikləri də siyasi aşsüzənimizin dəliyindən keçirilməlidir. (Bizdə belə jurnalistika üslubu var, söz oynatmaq deyilir. Özümü sınamaq istədim, oxucular üzrlü saysın, çünki həqiqətən olduqca bambılı işdir). Niyə bütün irili-xırdalı yaşayış məskənlərində icra nümayəndəsi olmalıdır? Qoy onları da birləşdirsinlər. 

Hamımız birləşməli, çəkici, yumruğu bir nöqtəyə vurmalıyıq. Artıq təhsil sahəsində də bənzər islahat aparılır. Balaca məktəblər böyüklərinə birləşdirilir. Hər ucqar dağ kəndində 5-10 şagird üçün məktəb açmağa nə ehtiyac var? Ümumiyətlə, dağ kəndi nəyə lazımdır? Qoy hamısı yığışıb gəlsin Bakıya. Bir-birimizə qısılıb, qovuşub, qucaqlaşıb, mehribanlaşıb yaşayarıq. Təbiət də boşalar, dincələr, turistlər rahat dolaşar. Yoxsa bəzən görürsən hansısa kənddə turistin şortikinə ilişirlər, adımıza xələl gəlir. 

Prinsipcə, hazırda kənd ancaq kənd yumurtası üçün lazımdır. Eybi yoxdur, bir müddət kitabı inkubator yumurtası ilə çap edərik.  



Seçilən
51
musavat.com

1Mənbələr