Gürcüstanda yenə kütləvi iğtişaşlar baş verir.
Həm qonşu, həm də Azərbaycan üçün önəm daşıyan bir məmləkətdə baş verənləri hər birimiz böyük təəssüflə izləyirik.
Gözümüzün önündə Cənubi Qafqazın Azərbaycanın neft ixracatında xüsusi önəmi bir dövləti geopolitik macəraçılığının güdazına gedir.
SSRİ dağıldıqdan sonra Gürcüstan ərazi itkisi ilə üzləşdi, buna baxmayaraq çoxəsrlik intellektual ənənələrinin hesabına müstəqil dövlət kimi özünü təsdiq etməyə çalışdı. “Rəngli inqilab” lideri Mixail Saakaşvilinin avantüraları Gürcü dövlətçiliyini təbii inkişaf relsindən çıxararaq siyasi təlatümlərə və böhranlara yol açdı. Bu gün baş verənlər onun isbatıdır ki, Gürcüstan öz inkişaf yolunu müəyyənləşdirə bilməyib, cəmiyyətdə tərəqqi modeli ilə bağlı konsensus yoxdur, siyasi elita müxtəlif geopolitik güclərin təsirindədir. Bəli, bu gün Gürcüstan elitasında hər çeşid siyasi qüvvə var- Amerikapərəst, Avropapərəst, Rusiyapərəst... Amma faciə budur ki, Gürcüstanda baş verən istənilən sosial-siyasi hərəkatın dinamikasını öz milli qüvvələri deyil, kənardan idarə olunan təsir agentləri yaradır.
Gürcü hakimiyyəti xarici təsir agentlərinin siyasi proseslərə müdaxiləsinin qarşısını almaq üçün xüsusi qanun qəbul etməyə çalışdı. Avropadan dərhal bəyanat səsləndi ki, bu qanunu müdafiə edən deputatlara sanksiyalar tətbiq ediləcək. Bu, bir dövlətin daxili işlərinə qarışmağın ən həyasız nümunələrindən biridir. Az qala bir əsrdir ki, ABŞ-da mövcud olan və işləyən bir qanun “Rusiyanın layihəsi” adlandıran Qərbin öz təsir agentlərinin ifşasından təlaşa düşməsi səbəbsiz deyildi, əlbəttə. Çoxsaylı fondlardan Gürcüstana axıdılan qrantlar vasitəsi ilə Qərb orada geniş bir şəbəkə qurub. Xeyli sayda siyasətçi, neçə-neçə partiya, onlarla media, yüzlərlə QHT məhz Qərb fondlarından bəslənərək Gürcüstanı istənilən vaxt qarışdırmağa müntəzir vəziyyətə gətirilib.
Atalarımızın deyimidir:
-Ağlı kimdən öyrəndin?
- Gözü çıxmış qardaşımdan!
Gürcüstan düşünən azərbaycanlılar üçün indi “gözü çıxmış” qonşudur. Bu ölkədə baş verənlər dövlətimiz və cəmiyyətimiz üçün əsl ibrətdir.