Süd insan orqanizmi üçün ən faydalı qida məhsullarından biridir. Tərkibindəki kalsium və minerallar sayəsində immunitet və ümumi inkişaf üçün həyati əhəmiyyət kəsb edir.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Azərbaycanda süd və süd məhsullarının ehtiyatları ilbəil artmaqdadır. Ərzaq balansı məlumatlarına görə, ölkənin ümumi süd məhsulları ehtiyatı 2023-cü ildə 2,8 milyon ton təşkil edib. Bunun 2,3 milyon tonu daxili istehsalın, 475 min tonu idxalın payına düşüb, qalanı isə əvvəlki ilin qalığı hesabına formalaşıb. 2014-cü ildə süd məhsulları ehtiyatı 2,6 milyon tondan ötən ilin sonuna 2,8 milyon tona yüksəlib. Bu artım daha çox yerli istehsalın hesabına baş verib. Belə ki. 10 il əvvəllə müqayisədə yerli istehsal 1,8 milyon tondan 2,3 milyon tona yüksəlib. Yerli istehsalın artması idxalın azalmasına təsir edib, nəticədə süd məhsullarının idxalı 2014-cü ildəki 581 min tondan ötən il 474 min tonadək azalıb.
İstehsal artsa da, təssüf ki, son dövrlər süd Azərbaycan əhalisinin qida rasionunda getdikcə azalır. Ölkəmizdə süd istehlakının azalması son illərdə narahatlıq doğuran tendensiyalardan biridir. Gənc nəsil arasında südün qida rasionundan çıxarılması, həmçinin uşaqlara daha az süd verilməsi gələcəkdə ciddi problemlərə yol aça bilər.
Ayaqüstü qidaların populyarlaşması süd və süd məhsullarının cəlbediciliyini azaldıb. Bir çox gənc və yeniyetmə südün yerinə qazlı içkilər, meyvə şirələri və bitki mənşəli içkilərə üstünlük verirlər.
Ekspertlər deyir ki, süd istehlakının azalması raxit xəstəliyinin artmasına səbəb ola bilər. Bu xəstəlik xüsusilə uşaqlar arasında D vitamini çatışmazlığı səbəbindən yaranır. Kalsium çatışmazlığı, həmçinin yaşlılar üçün risklər yaradır.
Modern.az-a danışan qida mütəxəssisi Elsevər Fərzəliyev bildirib ki, süd təbiətin insanlara bəxş etdiyi qeyri-adi qidadır: "Süd pisdirsə, insan ana südü ilə necə inkişaf edir? Ana südünün heyvan südlərindən fərqləndiyi doğrudur. Çünki onun tərkibində tam dəyərli zülallar, əvəzedilməz amin turşuları var. Hansı ki, onlar insanların inkişafı üçün əhəmiyyət kəsb edir. İnsan südlə qidalanmasa kalsium çatışmazlığı yaşana bilər. Südün tərkibində olan vitaminlər, "omeqa 3", "omeqa 6" əvəzedilməzdir".
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, Avropa və Şimali Amerikada süd istehlakı yüksək olaraq qalır, Asiya və Afrika ölkələrində istehlak artır. Lakin bəzi ölkələrdə quru süddən də istifadə edənlərin sayında artım müşahidə edilir.
E.Fərzəliyev qeyd edib ki, əgər quru süd normal südün tərkibindəki nəmliyim buxarlandırılması ilə əldə edilirsə, ziyanı yoxdur.
"Yox əgər müxtəlif sintetik qatılaşdırıcılar əvəz edib hazırlayırlarsa, onların insan orqanizminə mənfi təsiri var. Normal xəttlə hazırlanan quru südün insan orqanizminə heç bir ziyanı yoxdur. Amma bir məsələ var ki, quru süd istehsal ediləndə vakum rejimlərdə buxarlandırılır. Bu rejim aşağı tempraturda buxarlanmanı şərtləndirir. Bu da südün qidalılıq dəyərinin bütöv halda saxlanmasına dəlalət edir".
Azərbaycanda süd istehlakının yenidən populyarlaşması üçün maarifləndirməyə ehtiyac var. Məktəblərdə süd paylanması və onun sağlamlıq üçün faydaları haqqında məlumatlandırma tədbirləri mühüm rol oynaya bilər.