AZ

Zabitlər Moskvaya çağırıldı – Rus qoşunları geri çəkilir

Moskvanın Suriyada vəziyyəti getdikcə pisləşir, ruslar ölkəni tərk etmək məcburiyyətində qalıblar. Artıq Rusiyanın Suriyadakı qüvvələrinin zabitləri Moskvaya çağırılıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirib.

“Rusiyanın dəstəklədiyi Əsəd rejiminə müxalif qüvvələr ölkənin cənubuna fəal şəkildə irəliləyir, ilk şəhər döyüşləri Həma, Homs və Süveydada baş verib”, - qurum belə qeyd edib.

Ukrayna kəşfiyyatı Həmadan çıxarılan Rusiya hərbi kontingentinin Xmeymim bazasına təxliyə edildiyini vurğulayıb. Rusların Xmeymimdə yerləşən koordinasiya qərargahının rəisi, general-polkovnik Aleksandr Juravlyov vəziyyətin Bəşər Əsəd rejiminin nəzarətindən çıxdığını söyləyib.

Həmçinin məlumatda qeyd olunur ki, Dəməşqdə ilk silahlı qarşıdurmalar başlayıb, Rusiya hərbçiləri və diplomatları təcili surətdə Suriyanın paytaxtını tərk etməyə başlayıblar. Bundan əlavə, bildirilir ki, ruslar Xan Şeyxun şəhərindəki hərbi bazadan xeyli sayda silah və texnikasını çıxarıb. Dekabrın 1-də Rusiya aviasiyası Xan Şeyxuna hava zərbələri endirib. Ukrayna kəşfiyyatının iddiasına görə, bunda məqsəd Rusiyanın müxaliflərin əllərinə keçmiş hərbi texnikaları məhv etmək olub.

“Rus qoşunlarının geri çəkilməsi fonunda ərəb mediasında Rusiya kontingentinin komandiri, general Kiselin istefası ilə bağlı xəbər yayılıb. Rusiya xüsusi təyinatlılarının bölməsinə komandirlik edən polkovnik Vadim Baykulov da Moskvaya çağırılıb. O, tabeliyində olan şəxsi heyətin niyə itki verdiyini, Hələbdə hərbi texnikanın ələ keçirildiyini rəhbərlərə izah etməlidir”, - deyə Baş Kəşfiyyat İdarəsi vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
14
teleqraf.com

1Mənbələr