AZ

Bəşər Əsədin və müxaliflətin taleyini bu şəhər uğrunda döyüş həll edəcək - TƏHLİL

Suriyada müxaliflər son bir həftə ərzində davam edən hücumlar nəticəsində əllərindəki əraziləri iki dəfə böyüdüblər. Noyabrın 27-dək İdlib vilayətinin bir hissəsinə nəzarət edən müxaliflər hazırda Hələb və ətrafı da daxil olmaqla Hama şəhərinə qədər böyük bir əraziyə nəzarət edir.

Baş verənlər 10 il əvvəl, 2014-cü ilin iyununda İŞİD-in Mosulu ələ keçirməsi əməliyyatına bənzəyir. Xatırladaq ki, 2014-cü ilin əvvəlində əl-Qaidənin Suriya qolu ən-Nusra cəbhəsindən ayrılan İŞİD İraqın şimalında fəallaşmış və iyunun əvvəlində qəfil hücum əməliyyatı ilə İraqın ikinci böyük şəhəri Mosulu ələ keçirmiş, daha sonra cənuba doğru irəliləyərək türkmən şəhər və qəsəbələrini ələ keçirmiş, Bağdadın 150 kilometrliyinə qədər getmişdi. Bu hadisənin ardınca İŞİD Mosulda “İslam Dövləti” – “xilafət” elan etmiş, təşkilatın lideri Əbubəkr əl-Bağdadi isə özünü Mosul məscidində xəlifə elan etmişdi.

Sual-cavab:

Yalnız bundan sonra İraqda ümumxalq səfərbərliyi elan olunmuş və yalnız 3 il sonra, 2017-ci ildə Mosul azad edilmiş və İŞİD-in İraqda torpaq üzərində hakimiyyətinə faktiki olaraq son qoyulmuşdu. Suriyada noyabrın 27-də baş verən hücum məhz Mosula hücumu xatırladır. İlk baxışdan pərakəndə və nizamsız görünsə də, əslində hücum əməliyyatı yaxşı hazırlanmış və dəqiq plan idi. Nəticədə Suriyanın ən böyük sənaye mərkəzi və böyük şəhəri Hələb iki gün ərzində süquta uğradı.

Hücum nəticəsində müxaliflərin sürətli hücumu, 4 ildir formalaşmış cəbhə xəttini qısa müddətdə yarması, Suriya ordusu içərisində yaranan pərakəndəlik, koordinasiyanın itməsi göstərir ki, bu əməliyyat spontan və ya deyildiyi kimi, Suriya və Rusiya aviasiyasının bombardmanına reaksiya olmayıb, daha əvvəldən incəliklə hazırlanmış əməliyyat olub.

Suriyada

Son bir həftə ərzində müxaliflərin hərəkəti iki istiqamətdə davam edib. Birincisi, şimal-şərqdə Hələb və ardınca ətraf ərazilər, həmçinin kürdlərin nəzarətində olan Tell-Rıfat istiqamətidir. Belə görünür ki, bu istiqamətdə daha çox Türkiyə ilə müttəfiq olan Suriya Milli Ordusu irəliləyir. Güman ki, bu qüvvələr daha sonra kürdlərin nəzarətindəki Menbic və Hasake istiqamətində irəliləyəcək.

İkinci hücum istiqaməti isə “Heyət Təhrir əş-Şam” koalisiyasının başında dayandığı cənub-qərb istiqamətidir. Üçüncü istiqamət isə İdlibin mərkəzindən şərqə doğru uzanan hücum xəttidir, bu xətt irəlidə güman ki, Hələb ətrafında birləşəcək. Ancaq daha çox diqqət çəkən ikinci, yəni cənub-qərb istiqamətidir.

Bakupost.az

HTŞ-nin nəqliyyat yollarının birləşdiyi Səraqibdən cənuba, Hama şəhərinə doğru hücum etməsi və Hama ətrafına sürətli hücumu onu göstərir ki, buradan müxaliflər həm Dəməşqə gedən yolu nəzarətə götürmək, həm də Hums yaxınlığından Livan sərhədinə çıxmaq və faktiki olaraq Dəməşqlə Əsədin “qalası” hesab olunan Tartus-Laziqiyyə vilayətləri arasında bağı qırmaq istəyir. Burada ikinci hədəf isə İranın Livana əsas bağlantısını qırmaqdır. Çünki bilindiyi kimi, İran Livana əsasən Hums yaxınlığında Livan-Suriya sərhədində yerləşən Quseyr şəhəri istiqamətindən silah və texniki dəstək göndərir. Müxaliflər Hama ələ keçirib oradan nisbətən yaxın məsafədə yerləşən Hums şəhərinə irəliləyəcək və bununla da İranın Livana yolunu bağlamış olacaqlar.

The

Birinci istiqamətdə, güman ki, kürdləri şimalda sıxışdırmaq və strateji məntəqələrdən çıxarmağa çalışan müxaliflərə ABŞ-ın hansı reaksiyanı verəcəyi məlum deyil. Çünki Vaşinqtonun o bölgədə əsasən müttəfiqi Suriya Demokratik Qüvvələri koalisiyasıdır.

Suriya

Cənub xətti isə daha çox İran və Dəməşq üçün həssasdır. Əgər müxaliflər Hama və Humsu götürsələr, bu zaman İran və Hizbullah arasında əlaqəni zədələyə biləcəklər. Üstəlik Suriya hakimiyyətini faktiki olaraq böləcəklər. Bu isə Dəməşq hökuməti üçün ağır zərbə deməkdir. Bu səbəbdən də hazırda Dəməşq Hama istiqamətində çoxlu sayda hərbi qüvvə göndərir.

Suriya

Bu mənada qarşıdakı günlərdə Hama ətrafında döyüşlər Hələb eskalasiyasının həlledici mərhələsi olacaq. Əgər Suriya ordusu və İran dəstəkli qruplar müxalifləri Hamadan çıxara bilsələr, Dəməşq faktiki olaraq hərbi-siyasi üstünlüyünü qoruyub saxlamış olacaq. Əks təqdirdə, yəni Hamanı və Humsu itirsə, o zaman Suriya yenidən ən azı 10 il geriyə getmiş olacaq.

Kənan Rövşənoğlu
Xüsusi olaraq Musavat.com üçün

Seçilən
11
1
musavat.com

4Mənbələr