AZ

KTZ: Bu ilin əvvəlindən Orta Dəhlizlə 300-cü konteyner qatarı yola salınıb

Sian şəhərindəki Qazaxıstan-Çin terminalından Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə cari ilin əvvəlindən 300-cü konteyner qatarı yola salınıb.

“Report” “Qazaxıstan Dəmir Yolu” (KTZ) milli şirkətinə istinadən xəbər verir ki, qatar “ADY Express” (Azərbaycan) və "Xi'an Free Trade Port” (Çin) ilə əməkdaşlıq çərçivəsində göndərilib.

"Qazaxıstan ərazisindən Azərbaycana gedən yubiley qatarı yükgöndərənlərin TBNM-ə marağının yüksək olduğunu və onun Çin ilə Avropa arasında sürətli və səmərəli əlaqəni təmin edən əsas nəqliyyat dəhlizlərindən biri kimi strateji əhəmiyyətini vurğulayır", - şirkət qeyd edir.

KTZ-nin məlumatına görə, ötən il TBNM vasitəsilə 11, bu ilin əvvəlindən isə artıq 300 konteyner qatarı daşınıb.

"Bu nəticə əvvəlki illərin göstəricilərini əhəmiyyətli dərəcədə üstələyir və TBNM-in səmərəliliyinin sürətlə artdığını təsdiqləyir", - məlumatda qeyd olunur.

Bildirilib ki, Siandakı terminal TBNM-in inkişafına yeni təkan verən mühüm logistika qovşağıdır.

"Çinin müxtəlif əyalətlərindən yüklərin burada konsolidasiyası logistika proseslərini optimallaşdırmağa imkan verib və nəticədə daşımalar üzrə yüksək göstəricilər əldə edilib. Bu, KTZ-nin Çin və Azərbaycan üzrə dəmir yolu və liman administrasiyaları, eləcə də TBNM-in digər iştirakçıları ilə birgə iş sayəsində mümkün olub", - məlumatda vurğulanıb.

Hazırda TBNM vasitəsilə Çindən daşımaların həcmi iyirmi fut ekvivalentində 27 000 konteyneri ötüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 dəfə çoxdur.

Seçilən
421
5
far.az

6Mənbələr