Polşanın ən böyük sağyönümlü partiyası "Hüquq və Ədalət" tərəfindən dəstəklənən prezidentliyə namizəd Karol Navrotski neonasistlərlə əlaqədə ittiham olunur.
Musavat.com xəbər verir ki, bu barədə Avropa Parlamentinin üzvü və Donald Tuskun rəhbərlik etdiyi "Vətəndaş Təşəbbüsü" partiyasının nümayəndəsi Dariuş Yonski açıqlama verib.
"Navrotski Vesterplatte abidəsi ərazisində keçirilən tədbirin təşkilini neonasist köklərə malik bir qrupa həvalə edib. Bu, qəbuledilməz bir hərəkətdir," – deyə Yonski bildirib.
Bundan əlavə, Yonski iddia edib ki, "Hüquq və Ədalət" partiyasının daxili hesabatında Navrotskinin cinayətkar aləmin və radikal qrupların nümayəndələri ilə əlaqələrinə dair məlumatlar əks olunub.
Qeyd edək ki, Qdansk şəhərində yerləşən Vesterplatte abidəsi İkinci Dünya müharibəsinin ilk hərbi əməliyyatlarının başladığı, 1939-cu il sentyabrın 1-nə aid əlamətdar bir yerdir.
Musavat.com