AZ

“Yurdum”un ekokənd layihəsi

Bakı şəhərində günərzi mərkəz kimi fəaliyyət göstərən “Yurdum” sosial ekokənd layihəsinin üzvləri Yeni İl Xeyriyyə Yarmarkasında iştirak ediblər.

“İnkişafa Doğru” İctimai Birliyinin təşkil etdiyi yarmarkada “Yurdum”un üzvlərinin müxtəlif əl işləri – şamlar, daş tozundan qablar, bijuteriyalar, ekoçantalar və digər aksesuarlar nümayiş etdirilib.

Layihənin müəlliflərindən biri olan Vəfa Xəlilova qəzetimizə açıqlamasında burada iştirak edən uşaqların hər birinin yarmarkaya hazırlaşmaq üçün böyük səy göstərdiklərini dedi:

– Yurdumun üzvlərindən olan İsmayıl Nəsirovun bədii oyma sənətinə marağı böyükdür. Taxtalarla işləməyi çox sevir. Onun əl işlərindən olan taxtadan hazırladığı ev yarmarkada alıcılar tərəfindən rəğbətlə qarşılanıb. İcma üzvlərinin rəsm əsərləri böyük maraq doğurub. İndiyədək çoxlu sərgi və festivallarda iştirak edən Şamxal Xələflinin uzun müddət üzərində çalışdığı bir əsəri budəfəki yarmarkada təqdim edilib. Gülsarə İsrafilovanın isə orta məktəbdə müəllimi ilə birgə hazırladığı incəsənət əsəri maraq doğurub. Şamlar və daş tozundan hazırlanan qabların əksəriyyəti alıcılar tərəfindən bəyənilərək alınıb. İcma üzvlərindən Şövqü Əhmədov, Lalə Ağayeva və Nərgiz Mirsəliyeva şamların hazırlanmasına böyük həvəs və maraq göstərirlər. Məryəm Şıxəlizadə böyük aksesuar həvəskarıdır və bir-birindən gözəl və maraqlı bijuteriyalar hazırlayır. Onun hazırladığı qolbaq və boyunbağıların əksəriyyəti satılıb. İcma üzvlərinin valideynlərinin tikdikləri ekoçantaların üzərində iştirakçılar rəsmlər çəkərək onları maraqlı dizaynlarda təqdim ediblər. Çantaların üzərində rəsmlərin çəkilməsi və boyanmasında yaxından iştirak edən Səid Qəniyev hələ orta məktəb illərindən çoxlu rəsm dərslərinə gedərək, bu sahədə xüsusi bacarıqlar əldə edib.

“Humayun” Qeyri-Hökumət Təşkilatının sədri Firəngiz Hüseynova “Yurdum” sosial ekokənd layihəsinin xüsusi qayğıya ehtiyacı olan insanların cəmiyyətə inteqrasiyasına dəstək olduğunu bildirdi:

“Yurdum”da hər bir fərdin potensialını aşkara çıxarmaq və inkişaf etdirmək üçün tədbirlər həyata keçiririk. Burada musiqi, incəsənət və sənətkarlıq uşaqların gündəlik fəaliyyətinə daxil edilib. Bu fəaliyyətlə onların bacarıqlarının inkişafı ilə yanaşı, həmçinin öz emosiyalarını ifadə etmələrinə və stresdən azad olmalarına nail oluruq. Digər tərəfdən, bu, həm də sosiallaşmaq və özünə inamı artırmaq üçün yaxşı vasitədir.

Yarmarkada təqdim edilən hər bir əl işi böyük bir zəhmətin nəticəsidir. Onların böyük səylə hazırladıqları aksesuarlar, bəzək əşyaları və digər əl işləri, çəkdikləri gözəl rəsmlər alqışa layiqdir. Sevinirik ki, yetirmələrimiz hər bir tapşırığın öhdəsindən layiqincə gəlmək üçün böyük səy göstərirlər.

Şamxal Xələflinin anası Zəhra xanım “Yurdum” üzvlərinin öz əl işlərini sərgidə böyük həvəslə nümayiş etdirdiklərini dedi:

– Yarmarka uşaqlar üçün çox maraqlı keçdi. Onların hazırladıqları əl işləri alıcılar tərəfindən bəyəniləndə sevinclərindən yerə-göyə sığmırdılar. Şamxal da sərgini maraqla gözləyirdi. Dostları ilə birgə şamlar, qum tozundan suvenirlər hazırlamışdı. Onun xırda almaz qaşlardan yığdığı pişik tablosu xüsusilə diqqəti cəlb etdi. İstərdik ki, gələcəkdə belə xeyriyyə yarmarkaları bol olsun. Uşaqlar bu cür sərgilərdə iştirak etməklə, həm də rifah hallarını yaxşılaşdırırlar.

Zəhra xanım onu da qeyd etdi ki, “Yurdum”un üstünlüyü odur ki, burada xüsusi qayğıya ehtiyacı olan insanlara bilik, bacarıq və özünəxidmət vərdişləri aşılanır.

Qeyd edək ki, “Yurdum” 18 yaşdan yuxarı xüsusi qayğıya ehtiyacı olan insanların həyat keyfiyyətini artırmağa, xəstəxanadan kənar şəraitdə, yeni yaşayış mühitində layiqli və mənalı həyat yaşamağa kömək etmək məqsədi daşıyır. Layihə 2024-cü ildən “Humayun” QHT tərəfindən xüsusi qayğıya ehtiyacı olan insanların cəmiyyətə adaptasiyasına dəstək məqsədilə həyata keçirilir.

L.QURBANOVA
XQ

Seçilən
251
xalqqazeti.az

1Mənbələr