Əsəd rejimi əsgər toplayır, əhaliyə silah paylayır
Suriyada Bəşər Əsəd hökuməti silahlı müxalifətin hücmlarının qarşısını almaq məqsədilə Latakiya əyalətində məcburi əsgər toplayır.
Reyting.az xəbər verir ki, Latakiyada məcburi əsgər toplanışını artıran Əsəd rejimi Tartus əyaləti ilə Lazkiyənin Banyas və Ceble rayonlarına sursat və silah paylayır.
Əsəd hökuməti könüllü olmaq istəyənlərə də ayda təxminən 200 dollara bərabər olan 3 milyon Suriya lirəsi təklif edir. Bu məbləğ Suriyada dövlət qulluqçusunun maaşının təxminən 10 misli qədərdir.
Əlavə edilir ki, Suriya rejimi ordusuna könüllü qoşulmayan şəxslərə normal yanaşmır. Məsələn, Əsəd strukturları dünən və bir gün əvvəl sənaye bölgələrinə basqın edərək 18-40 yaş arası insanları saxlayıb.
Bəşər Əsəd iqtidarı məhəllələrdə keçid məntəqələri quraraq tələbələri zorla cəbhə bölgəsinə cəlb etməyə çalışır. Gənclərin bir qismi evlərində gizlənir, bəziləri şəhərdən qaçmağa çalışır.
Xatırladaq ki, noyabrın 27-də Suriyanın şimalında - Hələb vilayətinin qərbində Əsəd rejimi qüvvələri ilə rejim əleyhinə silahlı qruplar arasında qarşıdurma baş verib. Noyabrın 28-də Hələbin qərb çölündən sürətlə mərkəzə doğru irəliləyən rejim əleyhdarı silahlı qruplar noyabrın 30-da mərkəzin böyük hissəsini ələ keçirib. Noyabrın 30-da Xan Şeyxun bölgəsini və İdlib boyu nəzarəti ələ keçirən silahlı qruplar Həma vilayətində toqquşaraq irəliləyişlərini davam etdirirlər.
Dekabrın 1-də Türkiyə tərəfindən dəstəklənən Azad Suriya Ordusu Hələb çölündə terror təşkilatı PKK/YPG-yə qarşı başlatdığı “Azadlıq Şəfəqi” əməliyyatı zamanı Tel Rıfat rayon mərkəzi terrordan xilas edilib.
ELÇİN