AZ

“AzerGold”da Qvineya-Bisau Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib — FOTOLAR

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov dekabrın 2-də Azərbaycanda səfərdə olan Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icma naziri Karlos Pinto Pereiranın rəhbərlik etdiyi, ətraf mühit, biomüxtəliflik və iqlim dəyişikliyi naziri Viriato Kassamanın da daxil olduğu nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Demokrat.az-a QSC-dən bildirilib.

Zаkir İbrahimov “AzerGold” QSC-nin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, Səhmdar Cəmiyyətin strateji planları və dağ-mədən sektorunda iqtisadi səmərəliliyin artırılması, eləcə də yerli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğun ətraf mühitin mühafizəsi, sosial məsuliyyət istiqamətində görülən işlər haqqında bəhs edib.

“AzerGold” QSC-nin xarici tərəfdaşlarla uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu bildirən Zakir İbrahimov fəaliyyətin gələcəkdə ölkə hüdudlarından kənarda da genişləndirilməsinin QSC-nin strateji planlarına daxil olduğunu qeyd edib. Sədr mineral resurslarla zəngin olan Afrika qitəsinin də maraq dairəsində olduğuna diqqət çəkib.

Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icma naziri Karlos Pinto Pereira ölkəsinin ikitərəfli münasibətlərin möhkəmdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb, dağ-mədən sahəsində mövcud imkanları və investorlar üçün yaradılan şəraitdən bəhs edib.

Ölkəsində dağ-mədən sahəsinin ilkin inkişaf mərhələsində olduğunu bildirən Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim dəyişikliyi naziri Viriato Kassama isə “AzerGold” QSC-nin təcrübəsindən faydalanmaq niyyətində olduqlarını ifadə edib. Nazir ölkəsinin ən son geoloji xəritəsinin 1970-ci illərdə keçmiş SSRİ-dən olan mütəxəssislər tərəfindən hazırlandığını və müasir tədqiqat metodları ilə perspektivli sahələrin müəyyən edilməsinə böyük ehtiyac olduğunu qeyd edib.

Tərəflər “AzerGold” QSC-nin innovativ geoloji axtarış metodları və müasir tədqiqat üsullarından istifadə təcrübəsi nəzərə alınaraq, bu sahədə əməkdaşlığın qurulması ətrafında fikir mübadiləsi aparıblar. Görüşün davamında “AzerGold” QSC tərəfindən Qvineya-Bisau ərazisində mövcud perspektivli sahələrin ilkin ehtiyatlarının qiymətləndirilməsi işlərinin aparılmasına dair ilkin razılıq əldə edilib. Bu məqsədlə Səhmdar Cəmiyyəti tərəfindən xəritəalma işləri, axtarış-qiymətləndirmə mərhələsi üzrə ölkə ərazisində qeyri-invaziv axtarış metodu hesab edilən hiperspektral peyk çəkilişləri həyata keçirilməli, məlumatların təhlili, o cümlədən ilkin geoloji kəşfiyyat işləri icra olunmalıdır.

Görüşdə Azərbaycan şirkətinin xüsusilə qızıl mədənlərinin istismarı üzrə təcrübəsi nəzərə alınaraq, gələcəkdə kəşf ediləcək qızıl mədənlərində hasilat işlərinin aparılmasına dair təşəbbüsləri də dəyərləndirməyə hazır olduğu diqqətə çatdırılıb.

Görüşün nəticəsi olaraq “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim dəyişikliyi naziri Viriato Kassama arasında dağ-mədən sahəsində məlumat mübadiləsinə dair Məlumatların Gizli Saxlanılması (NDA – Non-disclosure agreement) sənədi imzalanıb.







Seçilən
22
14
demokrat.az

10Mənbələr