AZ

Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu keçirilib - FOTO

Dekabrın 5-də Bakı Konqres Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan və ölkəmizdə fəaliyyət göstərən 3 mindən çox Azərbaycan könüllüsünü bir araya toplayan Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu keçirilib.

“İki sahil” xəbər verir ki, forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, “ASAN xidmət” və IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə dekabrın 5-16-da keçiriləcək “Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində təşkil olunub.

Forumda könüllülərin məşğulluğunun artırılması, karyera imkanlarının yaxşılaşdırılması məqsədilə Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə karyera sərgisi, könüllülər tərəfindən müxtəlif tullantılardan (plastik, sellofan torbalar və s.) istifadə edilməklə hazırlanan müxtəlif sənət əsərlərinin “Tullantıdan sənətə” adlı sərgisi həyata keçirilib.

Rəsmi açılış mərasimində Dövlət Himni səsləndirilib.

Sonra gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini oxuyub.

Forumda gənclər və idman naziri Fərid Qayıbov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov və digər dövlət qurumlarının rəsmiləri iştirak ediblər. Çıxışlarda könüllülük fəaliyyətinin önəmi, onun inkişafı, COP29 beynəlxalq iqlim konfransında Azərbaycan könüllülərinin fəallığı diqqətə çatdırılıb. Həmçinin könüllülük fəaliyyətinin yalnız cəmiyyətin müxtəlif sahələrinin deyil, həm də dövlətin gənclər siyasətinin ayrılmaz hissəsi olduğu, eləcə də bu sahəyə göstərilən dövlət dəstəyi vurğulanıb.

Tədbirdə Azərbaycanın ekoloji vəziyyətinin yaxşılaşdırılması və könüllülər arasında ekoloji biliklərin artırılması istiqamətində həyata keçirilən layihələrə həsr olunmuş “Yaşıl Azərbaycan”, “Azərbaycan Könüllüləri”, “Azərbaycan Könüllü Təşkilatları İttifaqının 2024-cü il” hesabatlarının videoçarxları izlənilib.

Sonra Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev forum iştirakçılarına İttifaqın fəaliyyəti və 2024-cü ildə həyata keçirdiyi layihələr barədə məlumat verib. O, könüllülük hərəkatının inkişafı və gənclərin sosial məsuliyyətinin artırılması istiqamətindəki mühüm addımları, əldə olunan nailiyyətləri qeyd edərək, gələcək fəaliyyətlərdə könüllülük hərəkatının daha da genişlənməsi, gənclərin sosial məsələlərdə fəal iştirakının təmin olunması istiqamətində yeni layihələrin və təşəbbüslərin irəli sürüləcəyini vurğulayıb. Həmçinin V.Əliyev çıxışında "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində reallaşdırılan ekoloji təşəbbüsləri və COP29-un keçirilməsində könüllülərin fəal iştirakını nəzərə çatdırıb.

Forum çərçivəsində gənclər 2024-cü il üzrə “İlin Könüllüsü” mükafatı ilə 5 nominasiya üzrə təltif olunublar.

Seçilən
44
4
ikisahil.az

10Mənbələr