AZ

Yeni reallıq: “Türkiyə güc mərkəzinə çevrilib”

Suriyada baş verənlər, xüsusilə İranın mövqelərinin zəifləməsi, əvəzində Türkiyənin güclənməsi Ermənistanda qorxu yaradır.

Qeyd edək ki, erməni siyasi ekspert Mher Abramyanın sözlərinə görə, Türkiyənin növbəti hədəfinin Zəngəzur dəhlizi olacağını iddia edir.

Erməni türkoloq iddia edir ki, Türkiyə Suriyada məqsədinə çatarsa, bütün qüvvələrini Sünik üzərindən dəhliz (Zəngəzur dəhlizi) açmağa yönəldəcək.

“Türkiyənin planında növbəti addım Zəngəzur dəhlizi layihəsinin reallaşmasıdır. Mümkündür ki, Türkiyə Suriyadakı prosesləri yekunlaşdırdıqdan sonra istənilən yolla Zəngəzur dəhlizini açmağa çalışacaq. Müxtəlif yollara əl atıla bilər. Türkiyənin Ermənistanı hədəfə götürməsini əsaslandıracaq birdən çox səbəb tapa bilərlər”, - erməni ekspert iddia edib.

Bir sıra ekspertlər də hesab edirlər ki, Türkiyənin Suriyada öz hədəflərinə nail olması, Rusiyanın və İranın bu ölkədə mövqelərinin zəifləməsi Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsinə, təsir imkanlarının artmasına və Ermənistanı nəzarətə götürməsinə gətirib çıxara bilər? 

Məsələ ilə bağlı politoloq Samir Hümbətov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Türkiyə Cənubi Qafqazda güc mərkəzinə çevrilib:

“Suriyada baş verən son proseslər Türkiyənin bölgədə mövqeyini daha da gücləndirəcək. Demək olar ki, Rusiya və İran Suriyada Türkiyə ilə hesablaşmaq məcburiyyətində olacaq. 

O ki qaldı Suriyadakı proseslərin Cənubi Qafqaza təsirinə, onsuzda Türkiyə Cənubi Qafqazda təsir imkanlarına malikdir. Bildiyimiz kimi, Türkiyə bütün Cənubi Qafqaz ölkələri – Gürcüstan, Ermənistan və Azərbaycanla sərhəddir. 

Türkiyə Azərbaycanla strateji tərəfdaşıdır, Gürcüstanla normal diplomatik-siyasi və iqtisadi-ticari münasibətlər qurub və Ermənistanla isə münasibətlərin normallaşması prosesini yürüdür. Bu gün Ermənistan Türkiyənin təsir rıçaqlarını öz üzəridə hiss edir. 

2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra Türkiyə Cənubi Qafqazda geostrateji və geosiyasi cəhətdən daha da möhkəmlənib. Rusiya ilə bərabər Türkiyə də bu regionda söz sahibidir. Türkiyə də regionda proseslərə təsir edir. 

Məsələ burasındadır ki, təkcə Rusiya və Türkiyə deyil, həmçinin digər güc mərkəzləri - ABŞ, Aİ, İran, Hindistan və Çin də bu regionda təsir imkanalarını artırmağa çalışırlar. 

Hesab edirəm ki, Ermənistan Türkiyənin qüdrətli dövlət olduğunu çox yaxşı anlayır. Paşinyanın Ərdoğanın andiçmə məramisində iştirak etməsi İrəvanın nə qədər Türkiyədən ehtiyat etdiyini göstərir. 

Türkiyə sadəcə olaraq, ətraf bölgələrdə təsir zonalarını genişləndirmək siyasi yürüdür. Hədəf də öz təhlükəsizliyini tam təmin etməkdir”. 

Seçilən
23
7
cebheinfo.az

9Mənbələr