AZ

“Bərəkətli Hilal”da BÖYÜK SSENARİ: “Rusiya Əsədə dəstəyini geri çəkəcək”

“Ümumiyyətlə, Suriyada baş verən proseslər Yaxın Şərqdəki siyasi dinamikanın sürətlənməsinə təsir göstərdi. Bu proseslərin qaynaqlandığı nöqtələrdən biri bölgədəki proseslər və hərbi toqquşmalardır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.

Siyasi təhlilçi Suriyada davam edən müharibənin detallarını şərh edib:

Onun sözlərinə görə, xüsusilə, HƏMAS-la İsrail arasındakı toqquşmalar böyük bir humanitar fəlakətə səbəb oldu:

“Bu fəlakət beynəlxalq ictimaiyyətdə müharibə əleyhdarlarının hərəkətə keçməsinə yol açdı və ABŞ-nin regional siyasətinə təsir etdi. Nəticədə, İsrailin müttəfiqi kimi tanınan ABŞ-nin bölgədəki nüfuzunda müəyyən imic zədələnməsi müşahidə olundu. Bu zədələnməni isə Benyamin Netanyahuya qarşı açılan cinayət işi daha da dərinləşdirdi.

Bölgədə baş verən hadisələr göstərir ki, Yaxın Şərqdə qlobal dəyişikliklərə ehtiyac var. Lakin bu dəyişiklikləri həyata keçirmək üçün bölgədəki status-kvo pozulmalıdır. Hazırkı status-kvo İrana Suriyadakı təsir dairəsini genişləndirməyə və Livandakı qrupları silahlandırmağa imkan yaradır ki, bu da İsrail üçün ciddi problemlər törədir. Beləliklə, Suriyada status-kvonu dəyişdirmək və yeni bir dinamika yaratmaq üçün əsas oyunçuların razılığa gəlməsi tələb olunur”.

Analitik əlavə edib ki, Rusiyanın Suriyada mövqeyini zəiflətməsi, ehtimal ki, Qərblə Ukrayna məsələsində müəyyən razılaşmalara nail olunması ilə bağlıdır:

“Bu razılaşma çərçivəsində Rusiya Ukraynanın öz təsir dairəsində qalmasını təmin edə və Əsədə dəstəyini tam və ya qismən geri çəkə bilər. Türkiyə isə bölgədə öz maraqlarını qorumağa çalışır. Ankaranın əsas məqsədi sərhədlərində təhlükə yaradan kürd silahlı qüvvələrini daha uzağa sıxışdırmaqdır. ABŞ isə bölgədə yenidən idarə olunan xaos yaratmaq və Yaxın Şərqin siyasi xəritəsini dəyişmək istiqamətində çalışır. Suriyada 2011-ci il hadisələrinin təkrarlanması ehtimalı yüksəkdir. Əsəd rejimi hazırda müxalif qüvvələr qarşısında zəif mövqedədir. Bu vəziyyət İraqın keçmişdə İŞİD-in hücumları zamanı yaşadığı vəziyyətlə bənzərdir”.

A. Hüseynovun dediyinə görə, proseslərin intensiv mərhələsi sona çatdıqda, ABŞ-nin İsrailin təhlükəsizliyini təhlükə altına qoyacaq islamçı silahlı qüvvələrə icazə verəcəyi gözlənilmir:

“Suriyanın bölünməsi ehtimalı isə realdır, çünki bu proseslərdə kollektiv iştirak mövcuddur. Bu iştirak bölgənin maraq dairələrinə və ya yeni rejimlərə bölünməsi ilə nəticələnə bilər. Suriyanın mövcud dövlət strukturu Osmanlı imperiyasının süqutundan sonra yaradılmış süni sərhədlərə əsaslanır və köklü dövlətçilik tarixi yoxdur. Bu səbəbdən, onun ərazi baxımından bölünməsi mümkündür. Lakin ən ciddi təhlükə, məzhəb zəminində münaqişələrin yenidən alovlanmasıdır. Belə bir ssenari müsəlman dünyası üçün böyük fəlakətlə nəticələnə bilər”.

­Rafi Müslümov

Seçilən
29
10
yenicag.az

10Mənbələr