"Hər bir uşaq öz ailəsinin, yaşadığı cəmiyyətin güzgüsüdür. Biz ailələrimizdə uşaqlarla necə davranırıqsa, onlar cəmiyyətdə nələrlə qarşılaşırlarsa, bu, zamanla onlarda xarakter formalaşdırır. Bizim uşaqlarımız əvvəlki illərdəki uşaqlar kimi sakit ailələrdə, sakit cəmiyyətdə böyümürlər".
Bu sözləri Redaktor.az-a sosioloq Mətanət Məmmədova uşaqların aqressiyaya, fiziki şiddətə meyillənməsindən danışarkən dedi.
Sosioloqun sözlərinə görə, günümüzdə çoxsaylı gənc ailələr var ki, uşaqların yanında davranış qaydalarını bilmirlər, bir-birilərinə aqressiv münasibətlər nümayiş etdirirlər.
"Düşünmürlər ki, biz bunu uşağın olmadığı bir yerdə etməliyik. Uşağın yanında hər hərəkəti etmək olmaz, hər sözü danışmaq olmaz. Eləcə də bəzi valideynlər uşaqlarının yanında aqressiv epizodlarla dolu olan filmlərə tamaşa edirlər, aqressivliyi əks etdirən cizgi filmlərinə baxırlar. Bu gün uşaq yemək yeməyəndə anası hansısa videonu, filmi telefonlarda, yaxud televizorda açır və uşaqlarını ona baxa-baxa yedirdirlər. Qısaca, bəzi valideynlər öz uşaqlarını düzgün yetişdirmək barədə çətinlik çəkirlər. Bunu bütün valideynlərə şamil etmirəm, amma çoxsaylı valideynlər var ki, onlar uşaq yetişdirməyin yolunu bilmirlər. Hər bir valideyn uşağın izləyəcəyi filmləri, animasiyaları özü əvvəldən nəzərdən keçirib, sonra uşağına təqdim etməlidir. Lakin indiki dövrdə belə deyil", - deyən M.Məmmədova hesab edir ki, bu məsələdə analar daha çox günahkardır:
"Çünki uşağın tərbiyəsi ilə birbaşa ana məşğul olur. Onlar bəzən televiziya qarşısında saatlarla seriallara baxırlar, gündəlik işlərini icra etmək üçün telefonu uşağın əlinə verirlər və yaxud televizorun pultu uşağın əlində olur ki, başı qarışsın. Uşaq da istədiyi kanala baxır, telefonda istədiyi sosial şəbəkələrə girir və onun qarşısına hər cür videolar çıxa bilər. Bunlara baxdıqca təbii ki, aqressiv hallar ondan təsirsiz keçməyəcək və getdikcə fiziki şiddəti öyrənəcək. Uşağın beyni ağ bir səhifədir. O, nəyə baxırsa, mənəvi cəhətdən nə ilə qidalanırsa, o səhifədə yazılır və sabah uşaq bağçasında da, məktəblərdə də həmin aqressiyanı göstərir".
Sosiloq qeyd etdi ki, bütün bunların qarşısını almaq üçün maarifləndirmə işləri çoxaldılmalıdır.
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi var, məktəblərdə psixoloqlar var. Xüsusilə analarla iş televiziyalarımızda verilişlər, sosial mediada çağırışlar vasitəsilə sürətlənməli və genişlənməlidir ki, valideynlər, xüsusilə analar uşaq böyütməyin, tərbiyə etməyin əsaslarını öyrənməlidirlər. Uşağı doğub dünyaya gətirmək bioloji ana olmaq deməkdir. Analıq hissinin, vəzifəsinin nədən ibarət olmağı, valideynlik hüququnun borcunun nə olduğu anlaşılmalıdır. Çünki biz cəmiyyət arasında göndərdiyimiz uşaqlarla necə valideyn olduğumuzu təsdiq edirik. Əgər uşaq cəmiyyətdə hansısa bir səhvi törədirsə, məktəbdə hansı bir aqressivliyi, fiziki zorakılığı nümayiş etdirirsə, bunun günahı yalnız onun valideynlərindədir. Ona görə də ilk növbədə valideynlər özünütərbiyəyə keçməlidirlər. Onlar ailədə davranış qaydalarını bilməsələr, ər-arvad münasibətlərini tənzimləyə bilməsələr, uşaqları sosial şəbəkələrdən kənar tuta bilməsələr, zorakılığı aşılayan filmlərdən imtina etməsələr, cəmiyyətimizdə sakit təbiətli, düzgün, sağlam uşaqlardan söhbət aça bilmərik", - deyə M.Məmmədova vurğuladı.
Sevinc İBRAHİMZADƏ