AZ

Vətənin qəhrəman oğlu

Xalqımızın qeyrətli, mətin oğulları oddan-alovdan keçərək 44 günə əsir Qarabağımızı azad etdilər.  Bu haqq savaşında Lənkəranın Yuxarı Nüvədi kəndində boya-başa çatan baş leytenant Vüsal Kamran oğlu Kazımov döyüş meydanında yağıya qarşı son nəfəsinə qədər vuruşub  şəhadətə qovuşdu. İndi  Lənkəranda böyük də, kiçik də qəhrəman Vüsalla qürur duyur, onun xatirəsini əziz tutmağı özünə müqəddəs borc bilir.  Vətən sevdalısının şəhadətə qovuşduğu dördüncü il münasibətilə vaxtı ilə oxuduğu  Yuxarı Nüvədi kənd M. Mirzəcanov adına tam orta  məktəbində anım tədbiri keçirildi.

Tədbirdə ilk öncə bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı, Azərbaycan Respublikasının Dövlət Himni oxundu.

Məktəbin direktoru Ramiz Ramazanov çıxış edərək dedi: - Şəhid Vüsal Kazımovun timsalında Vətən uğrunda canından  keçən bütün oğulların etdiyi fədakarlıq xalqımız üçün hər şeydən qiymətlidir. Bu gün  bizim ən böyük borcumuz 30 il düşmənə əsir düşən Qarabağımızı   azadlığa qovuşduran igid Vətən oğullarının xatirəsini yaşatmaq, gələcək nəsillərə ötürməkdir.

Digər natiqlər də öz çıxışlarda 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qazandığı tarixi zəfərdən, əsgər və zabitlərin keçdiyi şərəfli  döyüş yolundan, şəhid ailələrinə, qazi və  müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan  danışdılar.

Tədbirin bədi hissəsində  şagirdlər Vətəni, qəhrəmanlığı tərənnüm edən mahnı və şerlər oxudular.

Qeyd edək ki, Vüsal Kazımov Vətən müharibəsində Füzuli əməliyyatında, Cəbrayıl  döyüşlərdə, Xocavəndın, Şuşanın azadlığı uğrunda böyük şücaət göstərib. Sonuncu dəfə 26 oktyabrda ailəsi ilə əlaqə saxlayıb. Şuşada gedən ağır vuruşların birində  həlak olub. 29 noyabr 2020-ci il tarixində Lənkəran rayonu Yuxarı Nüvədi kəndində böyük izdihamla  yolunda can qoyduğu torpağa tapşırılıb. Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”,  ”, “İgidliyə görə”, Xocavəndin və Füzulinin  azadlığı uğrunda  medalları ilə təltif olunub.

Bəli,  Vətən, torpaq yolunda canından keçərək şəhidlik zirvəsinə ucalmaq  ən böyük şərəfdir. Bu zirvə sahibləri əbədi  bir  ömür qazanırlar. Şəhid Vüsal Kazımov kimi...

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Seçilən
34
ikisahil.az

1Mənbələr