AZ

Fransa Sen-Marten adasının inkişafında maraqlı deyil

Müasir dövrdə yaşamağımıza baxmayaraq, hələ də neokolonialist siyasətindən əl çəkə bilməyən ölkələr var. Bu ölkələr arasında Fransanın qəsbkar fəaliyyəti daha aydın nəzərə çarpır. Özünü "demokratiyanın beşiyi" adlandıran rəsmi Parisin müstəmləkəçilik siyasətinin tarixi çox qədimdir. Belə ki, hələ XVII əsrdən etibarən fransız tacirlər fəal şəkildə qul ticarətinə başlayıblar. Hətta Fransa həmin dövrdə kolonializmi o qədər genişləndirib ki, onun kölə qismində ələ keçirdiyi insanların sayı 2 milyon nəfərə çatıb. Əsrlər keçsə də müstəmləkəçilik siyasətinə son qoymayan Fransanın kolonializmin utancverici yeni metodları bu gün də özünü büruzə verir. Rəsmi Paris bu gün Avropadan kənarda, Sakit və Atlantik okeanlarının dənizaşırı icma və ərazilərində yaşayan xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmir, onun reallaşmasının qarşısının alınması üçün hər vəchlə çalışır. Bu baxımdan neokolonializmlə mübarizə hazırda bəşəri problemlərdən biri hesab olunur.

Dünyanın bir çox aparıcı ölkələri bu problemin aradan qaldırılması istiqamətində mühüm təşəbbüslərlə çıxış edirlər. Azərbaycan da neokolonializmlə fəal mübarizəyə qoşulan dövlətlər sırasındadır. Artıq bir neçə ildir ki, ölkəmiz neokolonializmə qarşı mübarizəni əsas prioritetlərdən biri elan edib. Rəsmi Bakı Qarabağda işğala son qoyduqdan sonra müstəmləkəçilik siyasəti ilə bağlı prinsipial mövqe ortaya qoyub, beynəlxalq tədbirlərə ev sahibliyi edib. Məhz Bakıdan başlayan beynəlxalq təşəbbüs, daha dəqiq desək, neokolonializmə qarşı “Bakı Təşəbbüsü” öz bəhrəsini verməkdədir. Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə dekabrın 6-da Bakıda "Sen-Martendə Fransa və Niderland müstəmləkəçiliyi - bir ada, bir xalq, bir tale" adlı konfrans  keçirilib.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib ki, Bakı Təşəbbüs Qrupu Vahid Sen-Marten Assosiasiyası ilə memorandum imzalayacaq. Memoranduma Sen-Martenlə siyasi, iqtisadi və təhsil istiqamətində əməkdaşlıq məsələləri daxil ediləcək.

A.Abbasov Sen-Marten adasının 1648-ci ildə Fransa və Niderland arasında bölüşdürülməsi məsələsinə toxunub: “Məhz həmin ildən etibarən çirkin müstəmləkəçilik siyasətlərini adaya tətbiq ediblər. Sen-Martendən olan elm xadimləri, deputatlar, QHT rəhbələri, eləcə də ayrı-ayrı institut rəhbərləri bu gün burada vahid Sen-Marten, xalq və ərazi uğrunda beynəlxalq hüquq çərçivəsində dünya ictimaiyyətinə məlumat verirlər”.

Konfransda iştirak edən Sen-Marten adasının sabiq səhiyyə naziri Pamela Rozanna Karti bildirib ki, Bakıda Fransa və Niderland müstəmləkəçiliyi probleminə həsr olunmuş konfransın keçirilməsi metropoliyalara Sen-Martenin müstəqillik mübarizəsində ciddi olduğunu göstərəcək. O, qeyd edib ki, konfrans iştirakçıları Fransa və Niderland hakimiyyətləri tərəfindən mümkün təqib və təzyiqlərə hazır olsalar da, müstəqillik uğrunda mübarizəni davam etdirmək niyyətindədirlər: "Onlara ciddi olduğumuzu göstərsək, bəlkə o zaman bizimlə danışıqlar masasına oturarlar".

Sabiq nazir vurğulayıb ki, müstəqillik uğrunda mübarizə çətin proses olduğuna görə fəallar üçün Azərbaycanın və Bakı Təşəbbüs Qrupunun dəstəyi vacibdir: "Sistemə qarşı çıxanda bunu başa düşmək vacibdir. Biz başa düşürük ki, metropoliya bu ərazini idarə etməyə davam etmək istəyir. Bu mübarizə parkda asan gəzinti deyil".

"Bir ada, bir xalq, bir tale" təşkilatının üzvü Yadiska Van Rişel (Yadiska Van Richele) bildirib ki, Fransa Sen-Marten adasının inkişafında maraqlı deyil. Sen-Marten adasının gənc nəsli müstəqillik uğrunda mübarizə aparmağa hazırdır, çünki onlar müstəmləkə zülmünün nəticələrini hamıdan çox hiss edirlər: "İmkanlarımız çox məhdud olsa da, referendum keçiriləcəyi təqdirdə gənclərin qətiyyəti bizi yaxşı mənada təəccübləndirəcək. Biz adanın gənclərinin təhsil almaq və iş tapmaq üçün Fransaya getməsi haqqında çox hekayələr eşidə bilərik. Çünki metropoliya burada iş yerləri yaratmadığı üçün onların evdə öz yerlərini tapacaqlarına heç bir zəmanət yoxdur.”

Y.Rişel vurğulayıb ki, Bakı Təşəbbüs Qrupundan dəstək alaraq, onun təmsil etdiyi təşkilatın fəaliyyəti barədə dünya birliyi məlumat əldə edə bilər: "O zaman beynəlxalq ictimaiyyət adanın müstəqillik əldə etməsində kömək edə bilər".

Şəmsiyyə Əliqızı, “İki sahil”

Seçilən
54
ikisahil.az

1Mənbələr