Azərbaycan Premyer Liqasında mövsüm ekvatora çatmaq üzrədir. 2 tur sonra komandalar qış fasiləsinə yollanacaq. Artıq indidən komandaların durumu müzakirə olunmağa başlayıb.
Diqqətçəkən klublardan biri "Səbail"dir. "Dənizçilər" Premyer Liqanın turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. Halbuki komandanın maliyyə imkanları "Kəpəz", "Şamaxı" kimi klublardan daha yaxşıdır. İndiki dövrdə futbolda maliyyə çox vacibdir. Büdcəsi olan klublar üçün nəticə vermək daha rahat olur. "Səbail"də isə vəziyyət fərqlidir.
Publika.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi idarəsinin (ASCO) tərəfindən maliyyələşdirilən paytaxt təmsilçisinin büdcəsi kifayət qədər yaxşıdır. Klubun hazırkı büdcəsi dövlətin ayırdığı yardım ilə birlikdə 10 milyon manatdır. Bunun 7 milyon manatı ASCO tərəfindən qarşılanır. Yəni "Səbail" hər bir halda dövlətin hesabına maliyyələşir. Klubun öz stadionu, bazası da var.
Di gəl ki, meydandakı nəticələr və komandanın turnir cədvəlindəki mövqeyi ilə şərait və sahib olunun büdcə düz mütənasib deyil. "Dənizçilər" bu həftəyə qədər keçirdikləri 16 oyundan 12-də məğlub olublar. Digər 4 görüşdən yalnız 2-də qələbə qazanıblar. Toplanan 8 xal isə klubun büdcəsi ilə bağlı vəziyyəti sorğu-sual etməyə imkan verir.
Məlumata görə, klubda büdcəyə icraçı direktor Firuz Abdulla və onun köməkçisi Zamiq Əliyev nəzarət edir. Xərclənən hər bir qəpiyə görə onlar cavabdehdilər. Hətta transferlərə də.
Firuz Abulla
Hər transfer pəncərəsində "Səbail" çox sayda futbolçunun göndərir və onların yerinə yenilərini gətirir. Beləcə, altı aydan bir "transfer karuseli" baş tutur. Bu da büdcədən kifayət qədər pulun xərclənməsinə səbəb olur. Bu yay reallaşan keçidlərin uğursuzluğu bir müddət əvvəl baş məşqçi Şahin Diniyevin qurban çevrilməsi ilə nəticələndi. Yeni baş məşqçi Cavid Hüseynov artıq açıq şəkildə yeni transferlər istəməyə başlayıb. Bunlar arasında legionerlərin üstünlük təşkil edəcəyi dəqiqdir. Bu o deməkdir ki, klubu idarə edənlər üçün yeni maxinasiya mənbəyi yaranır.