AZ

BMU-da Ulu Öndərin anım günü ilə bağlı tədbir keçirilib - FOTOLAR

Bakı Mühəndislik Universitetində (BMU) Yeni Azərbaycan Partiyası (YAP) Xırdalan şəhər 40 saylı ərazi təşkilatı ilə birgə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Böyük tarixi şəxsiyyətin zəngin fəaliyyətinə dair videoçarxın nümayiş olunduğu tədbirdə açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev siyasi fəaliyyəti boyu inkişaf edən, milli dəyərləri ilə tanınan, xarici dövlətlər arasında özünə layiqli yer tutan güclü Azərbaycan naminə böyük əzmlə çalışıb və dönməz prinsipləri, misilsiz tarixi xidmətləri ilə adını dünyada ən nüfuzlu liderlər cərgəsinə daxil edib. Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövrünə toxunan rektor 15 mindən artıq Azərbaycan gəncinin keçmiş SSRİ-nin adlı-sanlı ali məktəblərinə  təhsil almağa göndərilməsini, milli kadrların hazırlanmasını, milli dilin inkişaf etdirilməsini və dövlət strukturlarında azərbaycanlı məmurların irəli çəkilməsi kimi xidmətlərini Ulu Öndərin gələcəyin müstəqil Azərbaycanı üçün atdığı olduqca mühüm addımlar kimi səciyyələndirib. Böyük liderin əsasını qoyduğu xaricdə təhsil ənənəsinin bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini vurğulayan rektor yeni dövlət proqramlarının qəbul  olunduğunu və hər il yüzlərlə gəncin müxtəlif dünya universitetlərinə təhsil almağa göndərildiyini diqqətə çatdırıb. Yaqub Piriyev güclü vətənpərvərlik hislərinə malik gənc nəslin formalaşdırılması, intellektual potensialın milli maraqların həyata keçirilməsi istiqamətində səfərbər edilməsi, peşəkar ordu quruculuğu, milli həmrəyliyin təmin olunmasının Ulu Öndərin vəsiyyətinin yerinə yetirilməsinə, Qarabağın azadlığa qovuşmasına gətirib çıxardığını deyib.  Rektor Heydər Əliyevin müəyyənləşdirdiyi müdrik siyasətin, bu siyasətin sadiqliklə davam etdirilməsinın Azərbaycanı əbədi qoruyacağını, müstəqil dövlətimizin memarı və qurucusunun tarixidə daim qalacağını sözlərinə əlavə edib. 

Sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin idarəçiliyi ilə Azərbaycanın bütün sahələrdə qazandığı uğurları nəzərə çatdırıb, ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsində bu fenomenal şəxsiyyətin mühüm roluna toxunub. Bildirib ki, bugünkü güclü, inkişaf etmiş, qalib Azərbaycan Heydər Əliyevin şah əsəridir. Görkəmli dövlət xadiminin əsasını qoyduğu mükəmməl idarəçilik konsepsiyası ilə ölkəmizin iqtisadi, hərbi uğurlar qazandığını deyən Abdin Fərzəliyev Qarabağın azadlığını, işğaldan azad olunan torpaqlarda aparılan quruculuq işlərini məhz Heydər Əliyevin müdrik  siyasəti, bu siyasətin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilməsi ilə əlaqələndirib. İcra başçısı öz xalqı üçün misilsiz işlər görən Ulu Öndərin hafizələrdən heç zaman silinməyəcəyini, hər zaman hörmətlə yad olunacağını söyləyib, eyni zamanda onun adını daşıyan Heydər Əliyev Fondunun humanitar istiqamətli fəaliyyətini, ölkənin sosial-iqtisadi inkişafında gördüyü mühüm işləri diqqətə çatdırıb. 

Milli Məclisin deputatı Vüqar Rəhimzadə isə çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycanı güclü təməllər üzərində inkişaf etdirdiyini,  dövlət maraqlarını daim qoruduğunu, milli həmrəyliyə nail olduğunu vurğulayıb. Millət vəkili Heydər Əliyevin Azərbaycanın  beynəlxalq siyasi və iqtisadi təşkilatlarla əməkdaşlığının qurulmasına nail olaraq ölkəmizi dünyada tanıtdığını deyib, həmçinin tarixi şəxsiyyətin ordu quruculuğu istiqamətində gördüyü mühüm işləri sadalayıb. Məhz Ulu Öndərin imzası ilə reallaşan “Əsrin müqaviləsi”nin Azərbaycanın iqtisadi baxımdan güclənməsinə, hərbi potensialını artırmasına və Qarabağın azad olunmasına gətirib çıxardığını qeyd edən Vüqar Rəhimzadə Ümummilli Liderin Azərbaycanı parçalanmadan, dərin siyasi və iqtisadi böhrana yuvarlanmadan qorumasını xalqımız qarşısındakı misilsiz xidməti adlandırıb. 

Sonda YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev çıxış edərək Heydər Əliyevin unikal şəxsiyyət, güclü iradə sahibi və siyasət ustası kimi böyük heyranlıq yaratdığını, mükəmməl xarici, həmçinin daxili siyasətinin Azərbaycana qazandırdığı uğurların qürurverici olduğunu deyib. O, Azərbaycanı qüdrətli dövlətə, beynəlxalq auditoriyalarda söz sahibinə çevirən Heydər Əliyevin həyatının çağdaş gəncliyə və bütün gələcək nəsillərə örnək olacağını vurğulayıb.    

Seçilən
45
45
unikal.az

10Mənbələr