AZ

Azərbaycan Memarlıq və İnşaat Universitetində Code8 Hakatonu keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təşkil edilən Code8 Hakatonu böyük maraqla qarşılanıb. Tədbir texnologiya və yaradıcılığın birləşdiyi, həm universitet tələbələri, həm də proqramlaşdırma sahəsində olan peşəkarları bir araya gətirən bir platforma olub. 

 

 

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.

Hakatonun əsas məqsədi gələcəyin proqramçıları olan gəncləri peşəkar mütəxəssislərlə bir araya gətirərək onların təcrübə qazanmalarını və sahəyə aid biliklərini artırmalarını təmin etmək olub. Eyni zamanda iştirakçılara real iş mühiti şəraitində komanda işi, vaxtın idarə edilməsi və təqdimat bacarıqları kimi yumşaq bacarıqlarını inkişaf etdirmək imkanı yaradılıb.

 

Tədbir “CodeForFuture” layihəsi çərçivəsində keçirilib. Layihənin məqsədi proqramlaşdırma tədris proqramında təhsil alan tələbələrin real iş həyatının simulyasiyasını təqdim edərək onlara gələcəkdəki peşə həyatlarına hazırlıqda kömək etməkdir. Code8 Hakatonunda iştirak edən tələbələr müəyyən tapşırıqları təyin olunan müddətdə yerinə yetirib və tapşırıqlarını təqdimatla yekunlaşdırıblar. 

 

Hakatonun iştirakçıları arasında AzMİU-nun seçilmiş komandaları – “Dynamic Deployers”, “API Architects”, “Debug Legends”, “Merge Masters” və “Cloud Coders” yer alıb. 

 

Gərgin mübarizənin sonunda qalib “Merge Masters” komandası olub. 

 

CodeForFuture layihəsi Elm və Təhsil Nazirliyi tərəfindən 2021-ci ilin sentyabr ayında başladılıb, universitet tələbələrinin iş həyatına hazırlığını təmin etmək məqsədilə Code Academy ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən bir təşəbbüsdür. Bu layihə universitetlərdə xüsusi tədris mərkəzlərinin yaradılmasını və 2308 tələbənin uğurla məzun olmasını təmin edib. 

 

Code8 hakatonu gələcək proqramçıları tapmaq, yeni istedadlarla tanış olmaq və kreativ düşünən gənclərə texnologiyanın inkişafı barədə vizyon vermək üçün unikal bir platformadır. Tədbir həmçinin iştirakçılara öz biliklərini nümayiş etdirmək və sahəyə dair peşəkar rəylər almaq imkanı yaradır. 


 

 

Seçilən
54
1
azedu.az

2Mənbələr