Bakı Dövlət Universitetinin “Türk filologiyası” jurnalının növbəti sayı çapdan çıxıb. Müasir Türk filologiyasının müxtəlif problemlərinin araşdırılmasına həsr edilən nəşrdə filologiya, sahələrində və milli mətbuatda çalışan 12 alim və tədqiqatçının məqalələri yer alıb.
Professor Rüfət Rüstəmovun “Qədim türk dövlətləri”, professor Mahirə Hüseynovanın “Mahmud Kaşğarinin “Divan”ında atalar sözləri və məsəllərin struktur-semantik xüsusiyyətləri”, dosent Könül Həsənovanın “Mahmud Kaşğarinin “Divan”ından şeir mətnlərinin etnopoetik müstəvidə təhlili”, dosent Nigar İsmayılzadənin “Türk ədəbiyyatında təsəvvüf anlayışı” və digər müəlliflərin məqalələri yalnız mövzu baxımından deyil, həm də elmi dəyər və aktuallıq baxımından əhəmiyyətli tədqiqat işləridir.
Məqalələr Türk dünyasının tarix və mədəniyyətinin elmi tədqiqi və təhlili baxımından mühüm önəm daşıyır, türk dünyasının zəngin irsini daha dərindən dəyərləndirməyə kömək edir. Bu əsərlər həm akademik ictimaiyyət, həm də Türk mədəniyyətinə maraq göstərən hər kəs üçün əvəzsiz qaynaqlardır. Jurnalda qəzetimizin əməkdaşı, Əməkdar jurnalist Namiq Əhmədovun “Türkiyə–Rusiya münasibətləri Azərbaycan mətbuatında” adlı elmi məqaləsi də dərc edilib.
“Elm və Təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində çap olunan məcmuə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin filologiya elmləri bölməsinə daxil edilib. Toplunun baş redaktoru filologiya elmləri doktoru, professor Rüfət Rüstəmov, redaktor müavini filologiya elmləri doktoru, professor Əsgər Rəsulovdur.
N.QƏDİMOĞLU
XQ