AZ

COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin turizm imkanlarının təbliğinə geniş imkanlar açdı


Ruslan Quliyev: "Azərbaycanda sağlamlıq turizminin böyük ənənəsi mövcuddur"

Yay turizm mövsümü yerini qış turizminə verib. Etiraf etmək lazımdır ki, son illərdə ölkədə qızş turizminin inkişaf etdirilməsi, ölkəyə daha çox turistin cəlb edilməsi məqsədilə məqsədyönlü fəaliyyət göstərilir. Eləcə də sağlamlıq turizminin inkişaf etdirilməsi istiqamətində də təqdirəlayiq addımlar atılmaqdadır. Bu sahədə görülən işlər və perspektivlər barədə Sağlamlıq və Termal Turizmin İnkişafına Dəstək İB-nin İdarə Heyətinin sədri Ruslan Quliyevlə söhbətləşdik.

-Ruslan bəy, yay turizmi başa çatdı və hazırda qış turizmi dövrüdür. Bu sahənin mütəxəssisi kimi Azərbaycanın qış turizmi imkanları və perspektivlərini necə dəyərləndirirsiniz?

-Azərbaycanda turizmin inkişaf strategiyasının əsas ana xəttini 12 aylıq bir dövrə hədəflənmiş, 365 gün aktual olan bir mərhələ tutur. Burada əsasən qış turizmi, sağlamlıq turizmi və işgüzar turizm mühüm yer alır. Son vaxtlar keçirilən silsilə tədbirlər də bu sahənin inkişafına öz müsbət təsirini göstərir. Azərbaycanın bir sıra regionlarında Qusar, Qəbələ və Naxçıvanda qış turizm mərkəzləri yaradılıb. Dünyada müəyyən bir seqment var ki, onlar bir qayda olaraq dünyanın bütün qış turizm mərkəzlərini ziyarət etmək istəyirlər. Bu baxımdan düşünürəm ki, Şah dağda mərhələli şəkildə həyata keçirilən layihələr, yataq sayının artırılması, infrastrukturun təkmilləşdirilməsi real turistlərin ora cəlb olunmasına şərait yaradır. Burada marketinq strategiyasına da xüsusi diqqət etmək lazımdır və fəaliyyətlər sistemli şəkildə olmalıdır. Artıq digər coğrafiyalardan da bura turistlər gəlməyə başlayıb. Hesab edirəm ki, bu fəaliyyət davam etdirilməlidir.

-Azərbaycanda qış turizmini daha da inkişaf etdirmək üçün daha nələr etmək, hansı addımlar atmaq olar?

-Hesab edirəm ki, azad bazar rəqabəti şəraitində belə mərkəzlərin sayı artırılmalıdır. Sahibkarlar buna təşviq edilməli, onların maliyyə resurslarına çıxış imkanları artırılmalı və sistemli şəkildə Azərbaycanda qış turizminin imkanları təbliğ olunmalıdır. Bura Yeni il qarşılamalarını da daxil edə bilərik. Çünki Bakı öz gözəlliyi, turistlər üçün yaradılan infrastruktur baxımından heç də digər paytaxt şəhərlərindən geri qalmır.

-Ümimiyyətlə, Azərbaycanda turizm sahəsinin inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?

-İllər öncə, Formula-1, “Evrovision” kimi yarışlar zamanı insanlarımız belə düşünürdü ki, həmin tədbirlər ölkəmiz üçün böyük xərclər tələb edir. COP29-un Azərbaycanda keçirilməsi birbaşa ölkəmizin turizm imkanlarının təbliğinə geniş imkanlar açdı. Hər bir xarici turist özüylə ölkəyə investisiya gətirir. Artıq real olaraq deyə bilərik ki, dünyada 500 milyon baxış auditoriyası olan Formula-1 yarışlarının Azərbaycanda keçirilməsi son 3 ildə ölkə büdcəsinə bəlli bir gəlir gətirilməsinə imkan yaradıb.

-Siz daha çox sağlamlıq turizmi sahəsində ixtisaslaşmısınız. Bu sahədə mövcud vəziyyəti necə xarakterizə edərdiniz?

-Azərbaycanda sağlamlıq turizminin böyük ənənəsi mövcuddur. Hələ sovetlərin zamanında Naftalan, Duz Dağ, Qalaaltı, İstisu kimi turizm mərkəzləri olub. Günümüzdə də həmin mərkəzlərdə dünya standartlarına cavab verən təsisatlar yaradılıb. Son illərin statistikasına nəzər yetirdikdə də görürük ki, qeyd olunan istiqamətdə müsbət dinamika, artım müşahidə olunur. Təbii ki, bu sahədə çalışan ixtisaslı kadrların sayının artırılmasına böyük ehtiyac var. Bu gün Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonunda əzəli mövcud olan Turşu, Kəlbəcərin özü böyük perspektivlərə malikdir. Əsas hədəf mövcud olan sağlamlıq turizm mərkəzlərinin xəritəsini yaratmaq, eyni zamanda xarici və daxili investisiyalar, mütəxəssilər cəlb edib beynəlxalq sertifikatlar almaqla onları daha da polulyarlaşdıra bilərik.

-Ölkəmizin sağlamlıq turizmi imkanlarından yararlanmaq üçün daha çox hansı dövlətlərdən turistlər Azərbaycana üz tutur?

-Ölkəmizin turizm imkanlarından yararlanmaq üçün MDB məkanı ölkələrinin vətəndaşları xüsusi seçilir. Rusiya, Qazaxıstan, Özbəkistan ilk 3 yeri bölüşdürür. Pandemiyaya qədər olan statistikaya görə, təqribən 50 minə yaxın pasiyent sağlamlıq turizm mərkəzlərinə təşrif buyurub. Bu da 70 ölkəni əhatə edib. Əsas hədəf ənənəvi bazarları inkişaf etdirməkdir.

-Rəhbərlik etdiyiniz assosiasiyanın 2025-ci il planları, qarşısına qoyduğu hədəflər nələrdir?

-Assosiasiyamız zamanın tələbinə uyğun olaraq yeni bir mərhələyə qədəm qoyur. Xüsusilə beynəlxalq əlaqələri inkişaf etdirmək istiqamətinə üstünlük veririk. Məlumat üçün qeyd edim ki, 2022-ci ildə Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Azərbaycanın da daxil olduğu Alyans yaradıldı. Bu da sağlamlıq turizmi imkanlarının dəyərləndirlməsi, daha çox turistin qəbul edilməsini hədəfləyən bir platforma idi. Bundan başqa Qlobal Sağlamlıq Turizm Şurasında da Azərbaycan fəaliyyətini uğurla davam etdirir. 2025-ci il üçün həmin platformanın daha da təkmilləşdirilməsi, təqribən 20-yə yaxın daxili və beynəlxalq tədbirlərdə iştirak, sağlamlıq turizmi ilə bağlı müxtəlif təlimlərin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda müxtəlif ölkələrə media turları və turizm şirkətləri üçün inforturların keçirilməsi planlaşdırılır. Assosiasiyamız müxtəlif işçi qruplarında sağlamlıq turizmi strategiyasının hazırlanması prosesində iştirak edir. Həmçinin, Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətində öz layiqli yerini tutur. Eyni zamanda tərəfimdən “Azərbaycan Respublikasının Sağlamlıq-Müalicə Turizm Müəssisələrinin İdarə Edilməsi Məsələləri: Reallıqlar və Perspektivlər” adlı kitabım da çapdan çıxıb.

Süleyman İsmayılbəyli
Seçilən
57
newscenter.az

1Mənbələr