AZ

® “Maserati”nin Azərbaycandakı yeni 4S mərkəzinin yüksəksəviyyəli açılışı: Premium avtomobil sənayesində yeni bir səhifə

Dekabrın 6-da İtaliyanın “Maserati” avtomobil markasının Heydər Əliyev prospekti, 191 ünvanında Azərbaycandakı ikinci rəsmi avtomobil mərkəzinin yüksəksəviyyəli açılış mərasimi baş tutub.

Ötən ilin dekabr ayında “Maserati” butikinin açılışı və “Maserati Grecale” modelinin təqdimatı ilə başlayan bu yol, innovasiyanın və dəbdəbənin mükəmməl vəhdəti ilə azərbaycanlı avtomobil həvəskarlarının rəğbətini qazanmışdı. Bu uğurlu başlanğıcın davamı olaraq, yeni diler mərkəzində avtomobil satışı, texniki xidmət, eksklüziv aksessuarların təqdimatı, sertifikatlı servis xidmətləri, həmçinin bir çox digər xidmətlər həyata keçirilir.

“Maserati” brendi ilə bağlı hər bir ehtiyacı təmin etmək üçün nəzərdə tutulmuş bu mərkəz, Azərbaycanda premium avtomobil sevənlər üçün yüksəksəviyyəli xidmətlər təqdim edir. Yeni 4S mərkəzi brendin beynəlxalq standartlara uyğunluğu və müştərilərin rahatlığını təmin etmək üçün müasir texnologiyalar və dizayn həlləri ilə təchiz olunub.

Bu açılış ölkənin avtomobil sənayesində yeni bir səhifə açır və “Maserati” brendinin Azərbaycanda daha geniş auditoriya ilə tanış olması üçün möhtəşəm imkan yaradır. Yeni mərkəz premium sinif avtomobil sənayesinə marağı olan hər kəs üçün eksklüziv bir məkan olmaqla yanaşı, Azərbaycanda brendin keyfiyyət və mükəmməllik səviyyəsini bir daha vurğulayır.

Tədbirə fəxri qonaqlardan “Maserati”nin regional direktoru Filip Klaverol və İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko qatılıblar. “Maserati” Azərbaycan, İtaliya səfirliyi, İtaliya Ticarət Palatası, “Martini” brendi, “La Scolca” və “Sanpellegrino” şirkətlərinin təşkilatçılığı ilə keçirilən açılış mərasimində brendin tarixçəsi və vizyonu barədə təqdimatlar nümayiş etdirilib.

Qeyd edək ki, bu il “Maserati” üçün xüsusilə əlamətdardır, çünki dünya avtomobil sənayesinin əfsanəsi öz 110 illik yubileyini qeyd edir. Bir əsrdən çoxdur ki, “Maserati” sürət, dəbdəbə və İtalyan incəliyinin simvolu olaraq öz pərəstişkarlarını sevindirir və yeni modellərini mütəmadi olaraq təqdim edir.

Bundan əlavə, müştərilər “Maserati Fuoriserie” proqramı vasitəsilə öz fərdi parametrlərinə uyğun avtomobil sifariş edə və ya xüsusi olaraq “GT2 Stradale” modelini əldə edə bilərlər. Bu proqram müştərilərə öz üslubunu və fərdiliyini əks etdirən avtomobil yaratmaq imkanı təqdim edir. Rənglərdən interyer materiallarına qədər hər bir detalını seçərək, yalnız sizin üçün hazırlanmış “Maserati”nin sahibi ola bilərsiniz. “Maserati Fuoriserie” proqramı brendin eksklüzivliyə və fərdi yanaşmaya olan bağlılığını əks etdirir.

Müasir 4S mərkəzində “Maserati”nin ən möhtəşəm modelləri ilə tanış olmaq mümkündür: “Grecale”, “Gran Turismo” və MC20. Hər biri sürət, dəbdəbə və müasir dizaynın mükəmməl nümunəsidir.

“Maserati MC20” – brendin texnologiya və yüksək performans dövrünü təcəssüm etdirən flaqman modelidir. Model “Formula-1” texnologiyalarından ilhamlanan Nettuno mühərriki ilə təchiz olunub. MC20, yalnız sürət deyil, həm də yenilikçilik və mükəmməlliyin əsl simvoludur.

“Maserati Grecale Trofeo” – lüks və performansı birləşdirən mükəmməl yüksək sinif avtomobilidir. 530 at gücünə malik V6 mühərriki sayəsində avtomobil 3,8 saniyədə 100 km/s sürətə çatır. Geniş interyeri, qabaqcıl texnologiyaları və dəbdəbəli dizaynı ilə “Grecale Trofeo” gündəlik istifadə üçün ideal seçimdir.

Maserati GT2 Stradale – güc, zərif dizayn və ümumi istifadəyə uyğunlaşmanı bir araya gətirən əsl incidir. Bu unikal model də artıq sifariş üçün açıqdır.

Bu modellər “Maserati”nin İtalyan sənətkarlığının və mühəndislik bacarığının ən yüksək zirvəsini nümayiş etdirir. Yeni mərkəzdə bu avtomobillərlə daha yaxından tanış ola və İtalyan avtomobil sənayesinin unikal dünyasına daxil ola bilərsiniz.

Seçilən
12
3
azertag.az

4Mənbələr