AZ

Bakı səmasında dron uçurmaq qadağası

Hüquqşünas: "Azərbaycanda dronlardan istifadə üçün qaydalar olsa da, konkret qanun yoxdur"
 
Lahıcda Vətəndaş A filminin çəkilişləri zamanı İctimai Televiziyanın çəkiliş qrupuna məxsus dronla bağlı insident Azərbaycanda özəl dronlar mövzusunu yenidən gündəmə gətirib. 
 
“Turan” agentliyi yazır ki, dronlar dünyanın digər ölkələrində sərbəst satılır və istifadə olunur. Dünyada dronlar jurnalistlər, alimlər, reklamçılar, biznes nümayəndələri, həkimlər (təcili dərman çatdırılması üçün), pərakəndə satıcılar (malların çatdırılması) və poçt xidmətləri tərəfindən geniş istifadə edilir. Azərbaycanda isə mini pilotsuz aviasiya “məhdud istifadəli mülki əşyalar” kateqoriyasına daxil edilib və onların idxalı silahlar, partlayıcı maddələr, pul çapı avadanlığı və kosmik avadanlıqlar kimi ciddi qaydalarla tənzimlənir.
 
 2023-cü ilin oktyabr ayında Milli Məclisdə deputat Tahir Mirkişili məsələni “Aviasiya haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə iclasında qaldırıb. O, bir neçə santimetr uzunluğunda olan dronların bir çox hallarda şəxsi həyata, bəzən isə milli maraqlara ciddi təhlükə yarada biləcəyini qeyd edib. Eyni zamanda bir neçə kiçik dronun koordinasiyalı uçuşunun təyyarənin qəzaya uğramasına səbəb ola biləcəyini vurğulayıb.
 
“Hazırda dronların idxalı üçün çoxsaylı icazələr almaq lazımdır ki, bu da prosesi əhəmiyyətli dərəcədə ləngidir. Biz müasir texnologiyaları gözardı edə bilmərik. Pilotsuz uçuş aparatlarının öyrənilməsi, istifadəsi və yayılması gələcəyimiz üçün çox vacibdir. Hesab edirik ki, Azərbaycanda dronların idxalının tənzimlənməsi müəyyən qədər sadələşdirilməlidir. Mənim məlumatıma görə, dronların idxalı üçün icazə sistemi xeyli sadələşdiriləcək və onlayn alətlər tətbiq ediləcək. Amma bu, nəzarətin zəifləməsi demək deyil”.
 
 Dronların idxalı, istehsalı və istifadəsi üçün Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti və Prezidentin Təhlükəsizlik Xidmətindən icazə alınmalıdır. Bu icazələr alındıqdan sonra müraciət edənlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdindəki Mülki Aviasiya Agentliyinə, daha sonra isə AZAL şirkətinin Azəraeronaviqasiya Hava Hərəkəti İdarəsinə müraciət etməlidirlər.
 
“Belə bir bürokratiya dronların startaplarda, biznes strukturlarında, orta və ali məktəblərdə öyrənilməsini, dizaynını və istifadəsini qeyri-mümkün edir, çünki qanunların pozulması cinayət məsuliyyəti yaradır”, - deyə Multimedia QHT-nin prezidenti Osman Gündüz bildirib. “Dünyada və qonşu ölkələrdə dronların məqsədlərinə, uçuş hündürlüyünə və digər parametrlərə görə təsnifatı çoxdan müəyyənləşdirilib və onların qeydiyyatı üçün normal qaydalar tətbiq edilib” - o əlavə edib.
 
Ekspert əmindir ki, Azərbaycanda dronların idxalı və istifadəsi qaydaları əhəmiyyətli dərəcədə sadələşdirilməlidir: “Son zamanlar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin səlahiyyətləri genişləndirilib. Ümid edirəm ki, nazirlik bu məsələni nəzarətə götürəcək və digər normativ mexanizmlər təklif edəcək. Bunun üçün elektron qeydiyyat və pilotsuz uçuş aparatlarının istifadəsinin qadağan olunduğu ərazilərin göstərildiyi rəqəmsal platforma hazırlanmalıdır”.  
 
Natiq Ələsgərov 
 
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, illərdir ki, Azərbaycanda dronlardan müxtəlif məqsədlər üçün istifadə ilə bağlı məsələ müzakirə olunur: “Bu məsələnin beynəlxalq normalara uyğun formada öz həllini tapması üçün zamanı buraxmışıq. Amma yenə də gec deyil. Dronların  ölkəmizdə istifadəsinə məhdudiyyətlər qanunlar çərçivəsində aradan qaldırılması, dronlar "mülki dövriyyəsi məhdudlaşdırılmış" əşyaların siyahısından çıxarılmalıdır".  
 
Natiq Ələsgərov deyib ki, Azərbaycanda dronlardan istifadə üçün qaydalar olsa da, konkret qanun yoxdur: “Dövlət Mülki Aviasiya Agentliyi dronların qeydiyyatı və uçuşu ilə bağlı qaydalar müəyyən edib.  Bu qaydalarla dronların istifadəsi o qədər qəlizdir ki, bir çoxları qaydalardan yan keçməyə üstünlük verir. Bundan başqa, dronların qeydiyyatı üçün Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Müdafiə Nazirliyi və Prezidentin Təhlükəsizlik Xidmətinə müraciət etməklə icazə almalıdırlar. Bununla da məsələ bitmir, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Mülki Aviasiya Agentliyi,  AZAL-ın "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi də razılığını bildirməlidir". 
 
Natiq Ələsgərov deyib ki, Rusiyada dronların istifadəsi 1 mart 2024-cü ildə yenidən dəyişdirilən qanunla tənzimlənir: “Birincisi, çəkisi 150 qramdan çox olan hər bir dron qeydiyyatdan keçməlidir. Daha yüngül olanlar oyuncaq sayılır və qeydiyyat tələb olunmur.  Kvadrokopteri pilotsuz təyyarələrin qeydiyyatı portalı, Dövlət Xidmətləri portalı vasitəsilə və ya Moskvadakı Federal Hava Nəqliyyatı Agentliyinin ofisində qeydiyyatdan keçirə bilərsiniz. Bundan sonra drona nömrə verilir, bu nömrə çap edilməli və bir neçə yerdə gövdəyə yapışdırılmalıdır. Dronu yalnız böyüklər və ya 14 yaşdan yuxarı yeniyetmələr idarə edə bilər. 
 
Rusiyada bu qanuna dəyişikliklər edilənə qədər dronun hər bir uçuşu üçün qeydiyyatdan əlavə, icazə də tələb olunurdu. Onsuz uçmaq yalnız aşağıdakı şərtlərin hamısı yerinə yetirildiyi təqdirdə mümkün idi:
 
*uçuş yaşayış məntəqələrindən kənarda həyata keçirilir;
 
*kvadrokopter qeydiyyatdan keçib və hesab nömrəsi var;
 
*uçuş gündüz saatlarında baş verir, dron hər zaman birbaşa görünürlükdədir;
 
*uçuş hündürlüyü - 150 metrdən çox olmayan;
 
*uçuş idarəetmə qüllələrindən və qadağan olunmuş ərazilərdən kənarda həyata keçirilir.
 
Bütün digər hallarda (şəhərdə, yüksək hündürlükdə və ya məsafədə) hər bir uçuş üçün ayrıca icazə almaq lazım idi. 
 
2024-cü il martın 1-dən Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi çəkisi 30 kiloqramdan az olan pilotsuz təyyarələr üçün uçuş qaydalarını daha da sadələşdirdi. Bu çəkidə olan dronlar adətən foto və video çəkilişlər üçün istifadə edilir. Qanuna dəyişiklikdən sonra icazə və uçuş planının təqdim edilməsi tələb olunmur. Dron 150 metrə qədər yüksəklikdə olsa və əhalinin məskunlaşdığı əraziyə buraxılarsa belə, icazəyə ehtiyac yoxdur. Sadəcə, dronu uçuran onu bilavasitə müşahidə edə bilməlidir. 
 
Məhdud uçuş zonaları, xüsusi zonalar, təhlükəsizlik tədbirlərinin həyata keçirildiyi yerlərin üstündə, kütləvi tədbirlərin və rəsmi idman yarışlarının keçirildiyi yerlərin üstündəki hava məkanında dron uçurmaq üçün icazə alınmalıdır. 
 
Müxtəlif qadağa zonalarına baxmaq üçün ən əlverişli üsul “Skyscape” xüsusi rəqəmsal platformasındadır - xəritədə uçuşlar qadağan və ya məhdudlaşdırılan yerlər barədə məlumatlar qeyd olunur". 
 
Natiq Ələsgərov bildirdi ki, dronların istifadəsinin tamamilə qadağan edildiyi ərazilər də var:  “Bunlar yanacaq-energetika kompleksinin təşkilatları və digər hərbi təyinatlı obyektlərdir. Zəruri hallar istisna olmaqla, o ərazilərdə dron uçuşları tamamilə qadağandır”.
 
 
“Yeni Müsavat”
Seçilən
12
2
moderator.az

3Mənbələr