AZ

Diferensial ƏDV Sistemi Azərbaycana nə vəd edir? - ŞƏRH

“Azərbaycanda tətbiq edilən 18%-lik əlavə dəyər vergisi (ƏDV) dərəcəsi uzun illərdir həm istehlakçılar, həm də sahibkarlar üçün ağır maliyyə yükü olaraq qalır. Xüsusilə idxal yönümlü pərakəndə sektorda fəaliyyət göstərən sahibkarlar bu vergi yükünün təsirlərini daha çox hiss edirlər”.

 

Sfera.az xəbər verir ki, bunu iş adamı Elxan Mərdanlı fərqli ƏDV dərəcələrinin tətbiqinin əhəmiyyətini şərh edərkən bildirib. E.Mərdanlı qeyd edib ki, idxal edilən məhsulların maya dəyərinə əlavə edilən 18 faizlik yüksək vergi satış qiymətlərinin artmasına səbəb olur və nəticədə sahibkarlar xarici bazarlarla rəqabətdə geri qalır.

 

“Halbuki, dünyanın aparıcı iqtisadiyyatları, məsələn, Çin və Türkiyə kimi ölkələr fərqli vergi dərəcələri tətbiq edərək iqtisadiyyatlarını dəstəkləyir və inkişafı stimullaşdırırlar”, - deyən iş adamı bu praktikanın Azərbaycanda da tətbiqini təklif edir.

 

Onun fikrincə, fərqli ƏDV dərəcələrinin tətbiqi idxalçı sahibkarlar üçün yeni üfüqlər aça və iqtisadi inkişafı sürətləndirə bilər:

 

“Diferensial ƏDV sistemi müxtəlif məhsul və xidmətlər üçün fərqli vergi dərəcələrinin tətbiqini nəzərdə tutur. Əsas məqsəd zəruri mallar üçün vergi yükünü azaltmaq, lüks istehlak məhsullarına isə daha yüksək vergi tətbiq etməklə dövlət gəlirlərini qorumaqdır. Azərbaycanda bu sistemin tətbiqi ilə idxal xərcləri optimallaşa bilər. Məsələn, gündəlik tələbat malları – uşaq geyimləri, qida məhsulları və dərman vasitələri üçün ƏDV dərəcəsi aşağı salınarsa, idxal edilən məhsulların maya dəyəri azalacaq və bu məhsullar bazarda daha münasib qiymətlərlə təklif ediləcək. Belə bir dəyişiklik həm sahibkarların satışlarını artıracaq, həm də istehlakçıların alıcılıq qabiliyyətini qoruyacaq”.

 

E.Mərdanlı Çinin bu sahədə təcrübəsinin xüsusi diqqət çəkdiyini söyləyib: “Bu ölkədə ƏDV-nin standart dərəcəsi 13% olsa da, zəruri sahələrdə 9% və 6% kimi daha aşağı dərəcələr tətbiq edilir. Məsələn, səhiyyə, təhsil və sənaye üçün diferensial ƏDV sistemi tətbiq edilir ki, bu da istehsalçılara və istehlakçılara əlavə dəstək olur. Çin bu sistemi tətbiq etməklə daxili istehsalı stimullaşdırır, istehlak xərclərini azaldır və nəticədə istehsalçıların ixrac potensialını artırır. Azərbaycanda belə bir sistem tətbiq olunarsa, idxalçı sahibkarlar daha sərfəli şərtlərlə məhsul gətirə biləcək və həm yerli, həm də xarici bazarda rəqabət qabiliyyətlərini gücləndirəcəklər”.

 

İş adamı qeyd edib ki, Türkiyə də diferensial ƏDV sistemindən səmərəli istifadə edən ölkələrdəndir. Onun məlumatına görə, Türkiyədə əsas ƏDV dərəcəsi 20% olsa da, gündəlik tələbat məhsulları üçün bu dərəcə 10%-ə, bəzi zəruri məhsullar üçün isə 1%-ə endirilib.

 

“Bu sistem nəticəsində qida, dərman və təhsil xidmətləri kimi vacib sahələrdə məhsul və xidmətlər əhalinin geniş təbəqələri üçün əlçatan olur”, - deyən iş adamı Azərbaycanın bu təcrübədən yararlanaraq əsas tələbat mallarına diferensial ƏDV tətbiq etməsini təklif edir:

 

“Bu, həm sosial ədaləti təmin edər, həm də sahibkarların inkişafına təkan verər. Fərqli ƏDV dərəcələrinin tətbiqi idxal xərclərinin azalmasına imkan verdiyindən, bu, pərakəndə sektorunda böyük dəyişikliklərə səbəb ola bilər. Sahibkarlar daha geniş çeşiddə və daha keyfiyyətli məhsullar gətirmək imkanı qazanacaq, bu da müştərilərin seçim imkanlarını artıracaq. Məsələn, mağazalarda müxtəlif beynəlxalq brendlərin və məhsul kateqoriyalarının əlçatan olması alıcı məmnuniyyətini yüksəldəcək və bazardakı rəqabəti gücləndirəcək. Bu rəqabət isə öz növbəsində qiymətlərin stabilləşməsinə və istehlakçıların daha əlverişli şərtlərlə alış-veriş etməsinə şərait yaradacaq. Diferensial ƏDV sisteminin tətbiqi həm də sahibkarların dövriyyəsini artıracaq. Vergi yükü azaldıqda, sahibkarların sərəncamında daha çox vəsait qalacaq və bu vəsait yeni mağazaların açılmasına, texnologiyaların yenilənməsinə və işçi qüvvəsinin artırılmasına yönəldilə bilər. Bu proses uzunmüddətli perspektivdə işsizliyin azalmasına və iqtisadi aktivliyin artmasına səbəb olacaq. Nəticədə, diferensial ƏDV sistemi Azərbaycanda pərakəndə idxal sektorunda böyük dəyişikliklərə yol aça bilər. Vergi yükünün optimallaşdırılması idxal xərclərini azaldar, maya dəyərini aşağı salar və sahibkarlara daha geniş inkişaf imkanları təqdim edər. Çin və Türkiyə kimi ölkələrin təcrübəsindən istifadə edərək, Azərbaycan da iqtisadi inkişafı sürətləndirə, sahibkarlığı dəstəkləyə və sosial rifahı yüksəldə bilər. Belə bir dəyişiklik həm istehlakçıların, həm də sahibkarların xeyrinə olacaq və iqtisadiyyatın dayanıqlı inkişafını təmin edəcək”.

 

Vasif

phrase_var_article.chosen
40
sfera.az

1phrase_var_article.sources