AZ

Qərb Suriyanı Ukraynaya dəyişdimi?

Əsəd rejiminin çox qısa müddət ərzində müqavimətsiz düşməsi faktı insanlarda belə bir düşüncə yaratdı ki, guya Rusiya Suriyanı Qərb blokuna təslim etdi, əvəzində isə gələcək danışıqlarda Ukraynanın təslimiyyətini əldə edəcək.

The Washington Post yazır ki, Suriya müxalif qüvvələrin hücumuna bir neçə həftə qalmış Bayden administrasiyası BƏƏ vasitəsilə Əsədə saziş təklif etmişdi. Əsəd İranın Suriya üzərindən "H*zbullah"ı silahlandırılmasının qarşısını almalıydı, əvəzində isə Bayden administrasiyası Suriyadan bəzi sanskiyaları ləğv edəcək idi. Əsəd bu təklifi rədd etdi.

Bundan əlavə, müxalif qüvvələrin hücumuna bir neçə gün qalmış Ərdoğan da Əsədə mesaj göndərmişdi. Ərdoğanın xahişlərindən biri, Türkiyəyə sığınmış suriyayalıların bir qisminin qayıdışı üçün şəraitin yaradılması idi. Əsəd bu təklifi də rədd etmişdi. Nəticə etibarı ilə Əsədin devrilməsində maraqlı olan bir neçə dövlətdən ibarət koalisiya formalaşdı: ABŞ, İsrail, Türkiyə.

Türkiyənin dəstəklədiyi və ABŞ-ın dəstəklədiyi qüvvələrin irəliləməsilə yanaşı, İsrail da hərbi əməliyyatlardan kənar deyil idi. İsrail HHQ çox intensiv şəkildə "H*zbullah"a və əsədçilərə aid olan hədəflərə zərbələr endirirdi.

WSJ xəbər verir ki, Əsədin köməkçiləri Əsədə ABŞ, Türkiyə və İsraillə razılığa gəlməyə məsləhət görürdülər, amma Əsəd Trampla daha əlverişli razılığa gələ biləcəyini düşünürdü, bu səbəbdən də gözləyirdi. Nəticə göz qabağındadır.

Suriyanın Rusiya üçün xüsusi önəmi var idi.

Rusiyanın Suriyadaki Hmeymim və Tartus bazaları vasitəsilə Əsəd rejiminə dəstəklə yanaşı, Rusiyanın Afrikada başqa qüvvələrə də dəstəyi həyata keçirilirdi. Söhbət Liviyada Xəlifə Həftar, Sahel regionunda bir neçə xunta, Mərkəzi Afrika Respublikası, Sudan və digər qüvvələrdən gedir.

Rusiya üçün Hmeymin bazasının gələcəyinin naməlumluğu, onun Afrika və Yaxın Şərqdəki geosiyasi mövqelərinə bütövlükdə sarsıdıcı zərbədir.

Bu gün Rusiya propaqandası Suriyada öz dağıdıcı fiaskosuna bəraət qazandırmaq üçün info məkana "Suriyanı Ukraynaya dəyişdik" kimi absurd tezisləri buraxır. Bunun ehtimalı 0.0%-dir ən azı ona görə ki, Suriya və Ukrayna məsələlərində geosiyasi oyunçuların koloriti fərqlidir. Suriyada bu oyunçular: İran, Rusiya, Türkiyə, ABŞ və İsraildir. Ukraynada geosiyasi oyunçular: ABŞ, Rusiya, Çin və Avropadır.

Əsəd rejiminin bu dərəcədə sürətli çöküşünün 2 fundamental səbəbi var:

1) ABŞ, İsrail və Türkiyənin Suriyada maraqlarının üstə-üstə düşməsi.

2) Rusiya və İranın siyasi/hərbi/iqtisadi/geosiyasi mövqelərinin zəifləməsi nəticəsində Əsəd rejimini qoruya bilməməsi.

Suriyada maraq dairələrin yeni bölüşdürülməsi olacaq, amma "pay bölücüləri" arasında Rusiya və İran olmayacaq.

Kamran Cəfərov

visiontv.az



Seçilən
20
visiontv.az

1Mənbələr