AZ

Nazir haqlıdır: Bu boşluq ali təhsil sistemində köhnə yanaşmaların var olduğunu sübut edir

"Professor-müəllim və tədqiqatçıların mübadiləsi məsələsində bəzi problemlər var".
Bunu elm və təhsil naziri Emin Əmrullayev "Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi" forumunda çıxışı zamanı deyib.
"Alimlərimizin dünya elminə inteqrasiyası, dünyanın aparıcı alimlərin ölkəmizdə elmi tədqiqatlara cəlb olunması bizim üçün prioritet istiqamətdir və hesab edirəm ki, bu sahədə görüləcək işlər daha çoxdur. Xaricdən dəvət edilən alimlərlə bağlı mövcud qəliblər dəyişməlidir. Ali təhsil sistemində olan yanaşmalarımız çox köhnəlib. Pilot layihələrin işinə baxanda görünür ki, ayrılmış maliyyə bəzi bürokratik səbəblərdən təyinatı üzrə düzgün xərclənmir. Maneələr aradan qaldırılmalıdır ki, inteqrasiya prosesini sürətləndirə bilək. Aidiyyəti dövlət qurumları ilə bu istiqamətdə sıx işlər görülməlidir. Eyni zamanda, xarici alimlərin ölkəmizdə tədqiqat aparması, yaşayıb-işləməsi prosesində sənədləşmələr də sadələşdirilməlidir", - nazir bildirib.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri "Sherg.az"a açıqlamasında bildirib ki,  elm və təhsil naziri Emin Əmrullayevin son günlərdə təhsilin bütün növ, pillə və səviyyələri haqqında dediklərini xüsusi maraqla izləyir və təqdir edirəm:

“Həqiqətən də, məktəbəqədər təhsildən tutmuş, ali təhsil seqmenti, elmi mühitlə bağlı dediklərinin hamısı dünyanın çağdaş təhsil yanaşmalarına əsasən söylənilən fikirlərdir. Həmçinin, ali təhsil sistemindəki yanaşmaların köhnəlməsi ilə bağlı söylədiklərinin də arxasında çox böyük həqiqət payı dayanır. Dünyanın nəhəng təhsil ölkələrinin ali təhsil sistemi bugün əsasən tədqiqatyönümlü fəaliyyəti həyata keçirir və bütün hədəflərini sırf bu istiqamət üzrə planlayır. Dünya universitetlərinin reytinqini müəyyən edən təşkilatlar da əsasən bu elementlərə xüsusi diqqət ayırırlar. elm və təhsil naziri Emin Əmrullayevin səsləndirdiyi bu məsələ universitetlərin tədqiqatyönümlü fəaliyyət mexanizmini özündə əks etdirir. Çox təəssüf olsun ki, bizim universitetlərimizin bir çoxu öz fəaliyyət proqramını tədqiqatyönümlülük istiqamətində qura bilmir. Bu boşluq ali təhsil sistemində köhnə yanaşmaların hələ də var olduğunu sübut edir. Köhnə yanaşmalar adətən ali təhsil seqmentində elm-innovasiya, elm-biznes, elm- istehsalat əlaqələrini kökündən zədələyir. Dünya universitetlərinin reytinq cədvəllərində, reytinq sıralamalarında geri qalmağımızın əsas səbəblərindən biri də məhz budur”. 

Təhsil eksperti Cahid İmanlı isə bildirib ki, ali təhsil müəyyən spesifik sahə üzrə tam mütəxəssis hazırlığı deməkdir: 

“Hansı ki, həmin mütəxəsislər universiteti bitirəndən sonra əmək bazarının tələblərərinə tam uyğun olmalıdır. Amma, təssüf ki, hazırki təhsil sistemimizdə bu kriteriya 20-30 faizdən çox deyil. Bunun ən əsas səbəblərindən biri də ali təhsilin məzmunu, predmeti, qiymətləndirlməsi, atesttasiyasının düzgün müəyyənləşdirlməməsidir. Ən vacib nüanslardan biri də odur ki, biz qabaqcıl ölkələrin təhsil sistemiminin nəticələrini gözlədiyimiz halda, yenə də əsasən "köhnə"  elmi-pedaqoji təhsil heyətindən və maddi- texniki-labarator bazasından istifadə edirik. Beynəlxalq təhsil sistemində yer tutmaq üçün məhz ilk növbədə beynəlxalq, qabaqcıl təhsil təcrübəsi olan ali pedaqoji kadrlardan istifadə olunmalı və bu təhsili reallaşdırmaq üçün maddi- texniki baza formalaşdırılmalıdır”.
Seçilən
20
sherg.az

1Mənbələr