AZ

Suriyada türkmən varlığının gələcəyi: yeni Suriyada türkmənləri nə gözləyir? - TƏHLİL

 

Suriyada Bəşər Əsədin devrilməsindən sonra ölkənin gələcəyi ilə bağlı bir sıra suallar hələ də açıq qalır.

Müxaliflər ölkədə 18 aylıq keçid dövrü elan ediblər. Bu müddətdə 6 ay ərzində yeni konstitusiya hazırlanacaq, daha sonra seçkilər keçirilərək yeni mülki hökumət formalaşacaq.

Müxaliflər bildirir ki, yeni Suriya dövləti dünyəvi respublika olacaq, bütün etnik və dini-məzhəbi qruplar bərabər haqq və hüquqlara malik olacaq. Bilindiyi kimi, Suriya çoxmillətli və çoxkonfessiyalı bir ölkədir. Bu ölkədə əhalinin böyük əksəriyyətini ərəblər (80 faiz) təşkil etsə də, 10-15 faizini kürdlər, 5-7 faizini isə türkmənlər təşkil edir. Bundan başqa assuriyalı, erməni, çərkəz, yəhudi və digər azlıq xalqları da yaşayır.

Yeni

Məlum olduğu kimi, Suriyada vətəndaş müharibəsi başladıqdan dərhal sonra ölkənin şimal-şərqində kürdlərin çoxluqda olduğu Raqqa, Hasake və Deyr əz-Zor vilayətlərinə nəzarət PKK, PYD/YPQ tərəfindən ələ keçirilib və 2016-cı ildən etibarən Suriya Demokratik Qüvvələri adlı koalisiya adı altında faktiki olaraq muxtariyyət yaradıblar. Hazırda kürdlərin nəzarət etdiyi ərazi Suriyanın ümumi ərazisinin 20-25 faizini təşkil edir. Burada ABŞ hərbi bazaları var. Bir çox mütəxəssislərə görə, Suriyada kürdlərin muxtariyyət əldə etməsi ehtimalı çox yüksəkdir. 

Lakin İraqda olduğu kimi, ölkənin 3-cü etnik qrupu olan türkmənlərin belə bir muxtariyyət məsələsi gündəmdə yoxdur. Halbuki Suriya əhalisinin faktiki olaraq 1,5 milyondan çoxunu türkmənlər təşkil edir.

Qeyd edək ki, təxminən 10 əsrdən çoxdur ki, Suriya ərazisində türkmən tayfaları kompakt şəkildə yaşayır. Suriya türkmənləri əsasən Avşar, Bayat, Kınık, Salur, Bayındır kimi Oğuz tayfalarıdır. Coğrafi olaraq türkmənlər Suriyanın 3 bölgəsində sıx şəkildə yaşayır.

Dəməşq ətrafı və hazırkı Quneytra vilayəti və Colan (Qolan) təpələri bölgəsində yaşayan türkmənlər ümumi olaraq Şam türkmənləri adlandırılır. Tarixi olaraq Colan bölgəsində 12 türkmən kəndi olub və 1967-ci ildə İsrail Colan təpələrini işğal etdikdən sonra türkmənlər Dəməşq və ətraf rayonlarda məskunlaşıb.

Suriya

Türkmənlərin kompakt yaşadığı ikinci bölgə Bayır-Bucak türkmənləri deyilən əsasən Laziqiyyə və İdlib vilayətində yaşayan türkmənlərdir. Türkiyənin Hatay vilayəti ilə qonşu olan bu bölgədə tarixən böyük sayda türkmənlər yaşayıb.

Suriya türkmənlərinin ən böyük qrupu isə Hələb-Hums xəttində yaşayan və şərti olaraq Hələb türkmənləri adlandırılan qrupdur. Müharibədən əvvəl Suriyanın 500-dən çox türkmən kəndi və ya türkmənlərin yaşadığı kənd olduğu bilinir.

“Soyuq müharibə” illərində Türkiyə və Suriya arasında münasibətlərdə ciddi soyuqluq olduğu üçün Suriyadakı türkmənlər də “qara siyahıda” olub və onların təşkilatlanmasına imkan verilməyib. Siyasi hakimiyyət türkmənlərə potensial Türkiyə casusu kimi yanaşaraq ölkədə Türkmən təşkilatlarının formalaşmasına imkan verməyib. Yalnız 2000-ci illərin əvvəllərində Türkiyə və Suriya münasibətləri yaxşılaşanda türkmənlərə qarşı qadağalar yumşalıb və ilk türkmən təşkilatları yaradılıb. Daha sonra Türkiyə Hələbdə konsulluq açmaqla türkmən təşkilatlanmasına ciddi töhfə verib.

Suriya

Ancaq “ərəb baharı” bölgədə vəziyyəti dəyişdi. Suriyada başlayan vətəndaş müharibəsi nəticəsində türkmənlərin bir qismi Türkiyəyə və digər ölkələrə qaçqın kimi köç etdi. Suriyada qalan türkmənlər isə yekcins olmayıblar. Bir qisim türkmənlər Suriyada hökumət nəzarətindəki bölgələrdə qalıb və Bəşər Əsədi dəstəkləyib. Bir qisim isə Suriya Demokratik Qüvvələri koalisiyasına qoşulub. Onlar Əsəd rejiminə qarşı kürdlərlə birlikdə hərəkət ediblər. Yeri gəlmişkən, Suriya türkmənləri içərisində ərəbləşmiş, kürdləşmiş, dilini unutmuş xeyli sayda türkmən var.

Ancaq türkmənlərin böyük bir qismi Türkiyənin də təsiri ilə müxalifətə qoşulub. 2012-ci ildə Suriyanın şimalında ilk türkmən silahlı qrupları yaradılıb. Bunlardan ən böyüyü və çətir qurumu Suriya Türkmən Ordusudur. Bundan başqa Sultan Mehmet, Zahir Bəybars, Şehit Ali Yılmaz, İmadettin Zengi, Alparslan, Sultan Abdülhamid, Sultan Murad adlı silahlı türkmən dəstələri əsasən Hələb, Hums, Laziqiyyə və digər bölgələrdə mövcud olub.

Ancaq daha sonra Türkiyənin də dəstəyi ilə bu qrupların bir çoxu Suriya Milli Ordusuna qatılıb. Hal hazırda kürdlərin əlindəki Menbic rayonunda gedən əməliyyatlarda türkmən silahlı qrupları iştirak edir.

Qeyd edək ki, 2015-16-cı illərdə türkmənlərin birləşməsi və vahid qrup kimi hərəkət etməsi istiqamətində Ankaranın fəaliyyətləri olsa da, sonradan bu işlər dayandı və türkmənlər ümumi Suriya Milli Ordusuna qatılaraq müxalifət cəbhəsində yer aldı.

Bu səbəbdən də nə daha əvvəl, nə də indi türkmənlərin muxtariyyət məsələsi beynəlxalq müzakirələrdə qaldırılmayıb. Lakin qeyd etdiyimiz kimi, əgər yeni Suriyada kürdlərin muxtariyyət alması məsələsi gündəmə gələrsə, türkmənlərin də belə bir iddia ilə çıxış etməsi mümkündür. Lakin burda əsas çətinlik odur ki, ötən dövrdə kürdlərdən fərqli olaraq türkmənlər konkret bir əraziyə iddia etməyib və hansısa qeyri-rəsmi idarəçilik institutu yaradılmayıb.

Burda daha bir maneə isə keçmiş müttəfiqlər, yəni digər müxalif qruplardır. Çünki xüsusən də ərəb müxaliflərin türkmənlərin muxtariyyət iddiasına necə yanaşacağı məlum deyil. Və mümkündür ki, bu, qruplar arasında münaqişəyə səbəb olsun.

Türkmənlər üçün daha optimal yol gələcək yeni Suriyada sıfırdan başlamaq və tədricən Suriya türkmənlərinin dini-məzhəbi və digər etnik qrupların təsiri altında “əriməsinə” qarşı əməli işlər görmələridir. Beləliklə də tədricən türkmən mədəni muxtariyyəti üçün konseptual işlər görsünlər və tədricən mədəni və siyasi təşkilatlanma yolunu tutsunlar. Lakin istənilən halda Suriyada tarixi türkmən varlığı bir reallıqdır, Məmlüklər dövründən bu yana Suriyada türkmən tayfaları, türkmən dövlətləri və sülalə hakimiyyətləri mövcud olub. Hətta Suriyanın ən böyük şəhərlərindən biri olan Hums uzun illər türkmən şəhəri olaraq tanınıb. Suriyada türkmən irsinin qoruyub saxlamaq və gücləndirmək dinc dövrdə yerli türkmənlərin üzərinə düşən əsas iş olmalıdır.

 

Kənan Rövşənoğlu
Xüsusi olaraq Musavat.com üçün

Seçilən
14
50
musavat.com

10Mənbələr