AZ

Əsəd bacarsaydı, Dağlıq Qarabağı Ermənistan kimi tanıyardı...

Image

Rəşad Bayramov: “Bəşər Əsəd atası Hafizdən çox ermənipərəst idi”

Sabiq Suriya prezidenti Bəşər Əsəd hakimiyyətdə olduğu illərdə Azərbaycana bacardığı bütün düşmənçilikləri etdi. Azərbaycana dost olmayan ölkələrlə - Ermənistanla, İran və Hindistanla qardaş kimi davrandı. Bu ölkələrlə yaxınlığa xüsusi önəm verdi. 

Beynəlxalq təşkilatlarda Azərbaycanın Ermənistana qarşı təşəbbüs etdiyi sənədləri blokladı, Ermənistanla açıq-aşkar müttəfiqlik etdi. Azərbaycanın yaxın dostları və tərəfdaşı olan Türkiyə, Pakistan və İsrailə düşmən kəsildi. İslam Əməkdaşlıq Təşkilatında hər dəfə Azərbaycanın Ermənistana qarşı qaldırdığı təşəbbüslərin əleyhinə çıxış etdi və s. Tək bir məsələdə konkret şəkildə Azərbaycanın əleyhinə getməyə cəsarəti çatmadı. Məsələ ondadır ki, Əsəd separatçı Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini” tanıdı, amma Qarabağ separatçılarını tanımadı. Burada da 3 əsas amil Əsədi belə bir addım atmaqdan çəkindirdi. Yoxsa o, buna gedəcək qədər yaramaz idi. Birincisi, Türkiyənin gücü, mövqeyi və bu ölkədən qorxub çəkinməsi. İkincisi, Azərbaycanın İsraillə yaxşı münasibətlərdə olmasından qorxdu. Üçüncüsü, Rusiyadan Qarabağ separatçılarını tanımaqla bağlı göstəriş almamışdı. Çünki Rusiya özü belə bir addım atmamışdı. Rusiya Abxaziya və Cənubi Osetiyanı tanıyan kimi, Əsəd bu addımı atdı. Ancaq Rusiyadan Qarabağ separatçılarını tanımaqla bağlı tapşırıq almamışdı. Yoxsa Azərbaycana hər cür düşmənçilik edən Əsəd Qarabağ separatçılarını da tanıya bilərdi, amma buna gücü çatmadı.

“Həqiqətən də onun imkanı olsaydı, Qarabağ separatçılarını tanıyardı”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov hesab edir ki, nəinki Bəşər Əsəd, onun atası Hafiz Əsəd də hakimiyyətdə olduğu müddətdə ermənilərə xüsusi münasibət bəsləyib: “Həm Hafiz Əsəd, həm də Bəşər Əsəd dönəmində Suriya Ermənistanı dəstəkləyib. Təsadüfi deyil ki, Suriyada 3,5 milyon nəfər türkmənin yaşamasına baxmayaraq, bu ölkənin 1949, 1972-ci il konstitusiyalarına əsasən orada yalnız ermənilər etnik azlıq kimi qəbul olunub. Yəni bu məsələ birbaşa konstitusiyada təsbit olunub. Ondan sonrakı dönəmlərdə də məhz bu maraqlardan çıxış edən Suriya müstəqil Ermənistana bütün imkanları ilə hər zaman dəstək verib. Yəni Suriyada vətəndaş müharibəsi başlamazdan əvvəl sözügedən dəstək daha böyük ölçüdə ifadə olunurdu. Maliyyə yardımlarından tutmuş, digər məsələlərdə yardımlar edilirdi. Bəşər Əsəd sanki bir sıra beynəlxalq platformalarda Ermənistanın hamisi rolunda çıxış edirdi. İmkan vermirdilər ki, Ermənistana qarşı hansısa qərar qəbul edilsin. Bəşər Əsəd atası Hafizdən çox ermənipərəst idi. O, Azərbaycanla yaxşı münasibətləri olan ölkələrlə faktiki olaraq düşmənçilik edirdi. O dərəcədə Ermənistana sonsuz dəstək verirdi. Həqiqətən də onun imkanı olsaydı, Qarabağ separatçılarını tanıyardı. O dərəcədə fitnəkar siyasi mövqedən çıxış edən dövlət başçısı idi. Fikrimcə, əsasən Rusiyadan bu yöndə işarə gəlmədiyi üçün, o buna cəsarət etmədi. Xüsusən Türkiyə ilə Suriyanın münasibətləri pisləşəndən sonra Əsədin belə bir təxribata əl atacağı risqi var idi. Ancaq o, məlum səbəblərdən buna cəsarət etmədi”.

Vidadi ORDAHALLI





phrase_var_article.chosen
43
baki-xeber.com

1phrase_var_article.sources