AZ

Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq

Dövlət başçısı İlham Əliyev bildirir ki,  hazırda iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir

Azərbaycan davamlı uğurları ilə dünyanın diqqətindədir.  Ölkəmizin iqtisadi müstəqilliyini təmin etməsi beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasında əhəmiyyətli rol oynayır.   Uğurlarımıza yol açan əsas amillərdən biri Azərbaycanın sabitlik diyarı kimi nüfuz qazanmasıdır. Xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir.  Bunun üçün  təkcə  yaxşı investisiya iqliminin olması şərt deyil. Bu fakt inkaredilməzdir ki, Azərbaycan daim yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın marağında olub. Bu marağın müxtəlif dövrlərdə fərqli olması də məlumdur. Müstəqilliyimizin bərpasının ilk illərində ölkədə ictimai-siyasi durumun gərginliyi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə səbəb olmuşdu. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  ölkəmizdə sabitliyin yaradılması, həyata keçirilən «açıq qapı» siyasəti investorlarda bu tərəddüdlərin aradan qalxmasında əhəmiyyətli rol oynadı. Ümummilli Lider  bildirirdi ki, ölkəmizin qapısı bura xoş niyyətlə ayaq basan hər bir xarici iş adamının üzünə açıqdır. Bu çağırış da edilirdi ki, investorlar qoyacaqları  vəsaitin təhlükəsizliyinə tam əmin ola bilərlər.

Keçilən yola nəzər salmağımızı şərtləndirən amil  Azərbaycanın investisiya cəlbediciliyini qorumasını əsaslı şəkildə diqqətə çatdırmaqdır. Qeyd etdiyimiz kimi,  Azərbaycan bu gün sabitlik məkanıdır. İnvestorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Bu inam da səsləndirilir ki,  gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək. Təbii ki, bunu şərtləndirən amillər var. Azərbaycanın işğal altında olan torpaqları azadlığa qovuşub. Hər bir ərazimiz özünəməxsus potensiala malikdir. Onlardan səmərəli istifadə etmək məqsədilə həm  Prezidentin müvafiq Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü həyata keçirildi, həm də «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Artıq işğaldan azad edilmiş ərazilərimizin malik olduqları potensialdan  istifadə etmək imkanlarına malikik. Tezliklə Qarabağımız və Şərqi Zəngəzurumuz  böyük investisiyalar məkanına çevriləcək.    

İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, ÜDM-in və dövlət  büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və rifah halının durmadan yaxşılaşdırılması,  orta təbəqənin  formalaşdırılması və cəmiyyət həyatında rolunun artırılması bir məqsədə yönəldilir ki, insan amilinə artan diqqətin əsasını təşkil edən göstəricilər daha böyük rəqəmlərlə ifadə olunsun,  sosial-iqtisadi sahədə  davamlı  inkişaf gerçəkləşdirilsin. Ən əsası isə  qeyri-neft sektorunun inkişafına investisiya qoyuluşuna, sahibkarlığa əngəl olan halların aradan qaldırılmasına diqqət artırılır. Sənaye və aqrar sahənin inkişafına yönələn islahatların tətbiqi sürətləndirilir.  Prezident İlham Əliyevin vurğuladığı kimi, müstəqillik,   iqtisadi inkişaf yolu ilə  irəliləyən Azərbaycanın iqtisadi böhrandan ən az itki ilə çıxması üçün yerli resurslardan istifadə imkanları və daxili  potensialı tükənməzdir: «Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır.» Dövlət  başçısı bu məqamı da xüsusi qeyd edir ki, əgər bizdə bu güclü təbii resurs olmasaydı, qeyri-neft sektorunu nəyin hesabına  inkişaf etdirə bilərdik?

Daxili investisiyaların həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin  sahibkarlığın inkişafına diqqət və qayğısından irəli gəlir.   ÜDM-də özəl bölmənin payı 85 faiz təşkil edir. Ötən 21  ildən artıq dövr ərzində  iki  milyondan artıq  yeni iş yerinin açılması işsizlik, məşğulluq probleminin həllinə öz müsbət təsirini göstərir.  Hazırda  Dünya İqtisadi Forumu  inkişafın Azərbaycan modelinin mövcudluğunu təsdiqləməklə yanaşı, bu reallığı da diqqətə çatdırır ki, uzunmüddətli iqtisadi uğurlara nail olmaq üçün əməkdaşlıq zəruridir. Hər bir ölkənin öz inkişaf strategiyası olduğunu nəzərə alsaq, səylərin birləşdirilməsinin, təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi daha qabarıq şəkildə özünü büruzə verər. Azərbaycanın iqtisadi inkişafın istiqamətini enerji sektorundan qeyri-enerji sektoruna yönəltməsi yüksək dəyərləndirilir, gələcək üçün uğurlu addım kimi önə çəkilir. Dövlətimizin başçısı İlham Əliyev  dünyanın biznes icmasına özümüzü nəinki mühüm coğrafi mövqeyə və təbii sərvətlərə malik, o cümlədən islahatlara, dəyişikliklərə və şaxələndirməyə sadiq  ölkə kimi təqdim etməyin vacibliyini bildirir.

Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizinə sahib çıxan  Azərbaycan dövlət büdcəsi ilə də  regionun ən güclü iqtisadiyyata malik olduğunu nümayiş etdirir. Onu da qeyd edək ki, 2025-ci ilin dövlət büdcəsi layihəsinə əsasən büdcənin  gəlirləri 38 milyard manatdan, xərcləri 41 milyard manatdan çoxdur. İqtisadiyyatın aynası kimi dəyərləndirilən büdcənin gəlirlərində və xərclərində artım  özündə mühüm məqamları ehtiva edir. Onu da qeyd edək ki, qarşıdakı dövrün büdcəsi hər zaman əvvəlki ilin büdcəsindən kəmiyyət və keyfiyyət baxımından zəngin olur. Təbii ki, bu da cari ildə əldə olunan uğurlu sosial-iqtisadi inkişafa əsaslanır. Onu da qeyd edək ki, iqtisadi siyasətin mərkəzində hər zaman  insan amili  dayanır və iqtisadiyyatın sosial yönümlülüyünə böyük əhəmiyyət verilir. Pensiyalar, sosial müavinətlər, əməkhaqları daim artırılır, dövlət büdcəsi sosial yönümlülüyünü qoruyub saxlayır, milyonlarla yeni iş yerləri açılır, yoxsulluq və işsizlik minimuma endirilir.

Bu fikir hər zaman qeyd olunur ki,  əgər biz doğrudan da inkişaf  etmiş  ölkəyə çevrilmək istəyiriksə, hər sahədə şəffaflığın yüksək səviyyədə qorunmasına nail olmalıyıq.  O da məlumdur ki,  ölkəmiz 2011-ci ildə  şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı  fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq   təcrübənin mübadiləsi və beynəlxalq səylərə  öz töhfəsini verməsi  üçün Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur. Bu inam ifadə olunur ki, müəyyən bürokratik əngəllərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması istiqamətində  atılan   addımlar  biznes cədvəlində  Azərbaycanı daha da  yüksək pilləyə çıxaracaq.

Ölkəmizdə iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın qarşısında geniş imkanlar açır. Şaxələndirmə siyasətinin uğurlu nəticələri göz önündədir. Dövlətimiz  sahibkarlığın inkişafına xüsusi diqqət göstərərək bütün zəruri olan şəraiti yaradır.  Təkcə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin aparıldığı zamanda sahibkarlara diqqət və qayğıya nəzər salaq. Onlara güzəştli kreditlərin verilməsi  qarşıya qoyduqları hədəflərə  yüksək səviyyədə nail olmalarını təmin edir. Bir sözlə, Azərbaycan  beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyini qoruyur. Dünya Bankı Azərbaycanı ən islahatçı ölkələr sırasında qeyd edir.  Qarşıdakı dövrdə ölkəmiz daha möhtəşəm uğurları, iqtisadi göstəriciləri ilə diqqətdə olacaq.

Cari il üçün bu statistika da ölkəmizin iqtisadi inkişafı barədə aydın təsəvvür yaradır. Belə ki, 2024-cü ilin üçüncü rübündə Azərbaycanın neft-qaz və qeyri-neft-qaz sektoruna ümumilikdə 4,5 milyard dollar həcmində birbaşa xarici investisiya yatırılıb. Azərbaycandan xaricə yatırılan birbaşa xarici investisiyalar 1,4 milyard dollara (2023-cü ilin eyni dövründə 998 milyon dollar) bərabər olub. Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə birbaşa investisiyalar 431 milyon dollar, Türkiyəyə 175 milyon dollar, Gürcüstana 96 milyon dollar, Birləşmiş Krallığa 87 milyon dollar və Özbəkistana 78 milyon dollar təşkil edib.

Göründüyü kimi, Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, investisiya yatıran ölkə kimi də nüfuzunu artırır, mövqeyini möhkəmləndirir. Ölkə iqtisadiyyatı regionun ən rəqabətqabiliyyətli  iqtisadiyyatına çevrilib. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”na əsasən, Azərbaycan iqtisadiyyatı illərdir ki, rəqabət qabiliyyətinə görə MDB məkanının yüksək rəqabətli iqtisadiyyatlarından hesab olunur. Azərbaycan iqtisadiyyatı investisiya mühiti baxımından qabaqcıl sıralara yüksəlib. Dünya Bankının “Doing Business” hesabatına görə,  Azərbaycan dünyanın biznes mühitinin ən əlverişli olduğu iqtisadiyyata malikdir. Məhz bunun nəticəsidir ki, 2003-cü ildən sonra bütövlükdə ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycanın iqtisadi tarixində  qeyri-neft sektoru neft sektorundan, qeyri-neft ixracı neft ixracından daha sürətlə artmağa başladı. Dövlətimizin başçısı bu çağırışı da edir ki, hazırda iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir. Eyni zamanda, biz başa düşürük ki,  neft və qazımıza hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib və indi  neft və qazı müxtəlif istiqamətlərə ixrac edirik.

Statistikadan da göründüyü kimi,  Azərbaycanda çox gözəl sərmayə iqlimi vardır. Gözəl investisiya iqlimi investorları cəlb etmək üçün əlbəttə ki, əsas şərtlərdən biridir. Hazırda Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Tezliklə bu torpaqlarımız da böyük investisiyalar məkanına çevriləcək. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir.

Yeganə Əliyeva, «İki sahil»

Seçilən
40
50
ikisahil.az

10Mənbələr