AZ

Beynəlxalq Polo və Çövkən Federasiyaları arasında Dostluq Memorandumunun hazırlanması müzakirə olunub

Bakı, 12 dekabr, AZƏRTAC

Argentinanın paytaxtı Buenos-Ayres şəhərində Beynəlxalq Polo Federasiyasının (FIP) Baş Assambleyası keçirilib.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Assambleyada FIP-ə üzv ölkələrinin nümayəndələri ilə yanaşı, Beynəlxalq Çövkən Federasiyasının (ICF) baş katibi Matsey Miçel Olbriç xüsusi qonaq qismində iştirak edib.

ICF prezidenti Bəhruz Nəbiyev tədbirə virtual şəkildə qatılaraq, çövkən və polonun oxşarlığını vurğulayıb, bu iki yaxın idman növünü dünyada tanıtmaq üçün birgə strategiyanın hazırlanmasının vacibliyini bildirib.

Tədbir çərçivəsində M.Olbriç FIP prezidenti Pyer Dilye və qurumun baş direktoru Aleyandro Teylor ilə görüşərək, iki federasiya arasında Dostluq Memorandumunun hazırlanması üzrə müzakirələr aparıb. Bu təşəbbüsün hər iki təşkilat arasında artan əməkdaşlığın təzahürü olduğu qeyd edilib.

Xüsusilə, çövkənin beynəlxalq səhnədə artan nüfuzu vurğulanaraq, Bakı şəhərində bu növ üzrə dünya çempionatının təşkil edilməsi ideyası böyük maraqla qarşılanıb.

Bu Assambleya polo və çövkən icmaları arasında əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı inkişafın təşviqi və hər iki idman növünün dünyada tanınması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

phrase_var_article.chosen
35
azertag.az

1phrase_var_article.sources