Türkiyə ABŞ-a Suriyanın şimalında PKK terror təşkilatına bağlı qüvvələrin mövcudluğuna son qoyması üçün xəbərdarlıq edəcək.
Modern.az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.
Məlumata görə, ABŞ Suriyanın şimalındakı kürd terrorçularının mövcudluğuna son qoymayacağı təqxdirdə, Ankaranın özü bölgəni onlardan təmizləmək üçün tədbirlər görəcək.
Mənbənin sözlərinə görə, Türkiyə tərəfinin bu mesajı Ankarada ölkənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken arasında dekabrın 13-nə planlaşdırılan danışıqlarda açıqlanacaq.
Telekanalın Ankara bürosunun rəhbəri Dicle Canova deyib: “Mənə çatan məlumata görə, ABŞ-a bir daha açıq şəkildə bəyan ediləcək: “Ya siz bu məsələylə məşğul olun, ya da biz lazım olan hər şeyi edəcəyik!”".
Türkiyə tərəfi Vaşinqtonun Suriya ilə bağlı öhdəliklərini yerinə yetirmədiyinə və PKK və onun Suriya qolu olan PYD-YPG-yə dəstəyi dayandırmaq zərurətinə diqqət çəkəcək.
“Türkiyənin Suriyanın şimalı ilə bağlı əsas məqsədi əvvəlcə sərhəddə 30-40 km dərinlikdə təhlükəsizliyi təmin etmək olub. Bu məsələ ilə bağlı ABŞ və Türkiyə arasında razılaşma olub, öhdəliklər götürülüb, amma yerinə yetirilməyib”, – jurnalist qeyd edib.