Sabiq deputat (I, II, III, IV və VI çağırış), Vətəndaş Həmrəyli Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı "Qanun" Nəşrlər Evində olan otağını boşaltmasına aydınlıq gətirib.
Xalq şairi Qaynarinfo-ya açıqlamasında yeni təmirli bir ofisə köçdüyünü vurğulayıb:
"Heç kəs kövrəlməsin, çünkü təzə ofisim daha yaxşıdır. O dünyaya daşınmıram ki... Yeni ofisimə köçürəm. Adam bir az yüngülləşəndə daha rahat olur. Yeni ofisdə hələ təmir işləri yekunlaşmayıb. Yəqin ki, bu işlər yaxın vaxtlarda başa çatacaq".
"Yeni ofisinizdə xanımınız, deputat Tənzilə Rüstəmxanlının da otağı olacaqmı" sualına Sabir Rüstəmxanlının cavabı belə olub:
"Tənzilə xanımla evdə görüşürük, ofisdə də bir yerdə olaq? Yox, onun ayrı ofisi var. Qadın cəmiyyətinin öz yeri, mənim də öz yerim var. Amma Tənzilə xanım partiyaya gəlir. Təmir başa çatandan sonra yeni ofisə də gələcək".
Qeyd edək ki, Sabir Rüstəmxanlı ötən gün sosial media hesabında ofisini boşaltdığını yazıb:
"Başqa yerə daşınmaq üçün "Qanun" nəşriyyatındakı ofisimi boşaltdım. Sənəd və əlyazmalarla dolu qovluqlar, kitablar, şəkillər, dəftərxana ləvazimatı, təltif və təbrik plaketləri, bilgisayar dəsti qutulara doldurulub maşına aparıldı. Masalar, stullar, dolablar, televizor da daşındı, divarlar çılpaqlaşdı və birdən-birə ürəyimə qəribə bir rahatlıq, dinclik gəldi. Otaq boşaldı, ürəyim doldu… Sanki böyük bir sıxıntıdan qurtardım. Həyatına ağırlıq gətirən hər şeylə tərəddüd etmədən vidalaşmaq lazımdır ki, ömrünün qalanını rahat yaşayasan".